Rəqəmsal əsrdə vətəndaşdan gizlədilən qərarlar və qeyri-iş günündə qoyulan qadağaların pərdəarxası

Dövlət idarəçiliyinin ən ali təməli qanunçuluq, ən möhkəm sütunu isə vətəndaşla dövlət qurumları arasındakı sarsılmaz inamdır. İnsan öz ölkəsinin qanunlarına güvəndiyi, hər bir məmurun onun hüquqlarına sayğı ilə yanaşdığını hiss etdiyi zaman bu etimad möhkəmlənir. Lakin bəzən elə hallarla qarşılaşırıq ki, adi bir texniki prosedur kimi təqdim edilən addım əslində vətəndaşla dövlət arasındakı bağları zədələyən ciddi böhrana çevrilir.

Müasir texnologiyaların həyatımızın hər sahəsinə nüfuz etdiyi, “MyGov” kimi elektron hökumət sistemlərinin vətəndaşla dövlət arasında şəffaf körpü yaratdığı bir dövrdə bəzi məmurların hələ də köhnə və qapalı iş üslubuna sığınması ciddi təəssüf doğurur. Vətəndaşa heç bir rəsmi bildiriş göndərilmədən, xəbərdarlıq edilmədən onun əmlakına həbs qoyulması, üstəlik bu əməliyyatın idarə qapılarının bağlı olduğu şənbə günündə həyata keçirilməsi sadəcə prosedur pozuntusu deyil, həm də haqlı şübhələr doğuran müəmmalı bir mexanizmdir.

Arazpress.com-un redaksiyasına müraciət edən paytaxt sakini, tanınmış elm adamı, texniki elmlər üzrə fəlsəfə doktoru, Əməkdar mühəndis Nəbi Ramazanlı da məhz belə bir gözlənilməz və qanunazidd vəziyyətlə üzləşib. Özünün halal mülkiyyəti olan avtomobilinə qoyulan məhdudiyyətdən təsadüfi bir SMS vasitəsilə xəbər tutan vətəndaş haqlı olaraq sual edir: qanunların aliliyini qorumalı olan qurumlar niyə qeyri-iş günündə və gizli şəkildə vətəndaşın hüququnu məhdudlaşdırır?

Məsələnin ictimai əhəmiyyətini və ciddiliyini nəzərə alaraq, Nəbi Ramazanlının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyinə ünvanladığı rəsmi şikayət ərizəsini olduğu kimi diqqətinizə çatdırırıq:

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN RƏHBƏRLİYİNƏ

ŞİKAYƏT ƏRİZƏSİ

Mövzu: 77-LR-177 dövlət qeydiyyat nişanlı avtomobilimə məhdudiyyət (həbs) qoyulması və Yasamal Rayon İcra və Probasiya Şöbəsinin hərəkətləri barədə

Müraciət edən: Ramazanlı Nəbi Əhməd oğlu
Əlaqə telefonu: 050-211-94-05

Hörmətli Ədliyyə Nazirliyinin rəhbərliyi!

Mənə məxsus 77-LR-177 dövlət qeydiyyat nişanlı avtomobilə məhdudiyyət (həbs) qoyulması barədə Dövlət Yol Polisinin elektron informasiya sistemindən mobil telefonuma SMS bildirişi daxil olmuşdur.

Lakin həmin SMS bildirişindən başqa, avtomobilimə məhdudiyyət qoyulmasının hansı hüquqi əsasla, hansı səbəbdən və hansı icra işi çərçivəsində həyata keçirildiyi barədə mənə heç bir məlumat verilməmişdir.

Bununla yanaşı, qeyd olunan məsələ ilə əlaqədar yaşayış ünvanıma heç bir çağırış, məktub və ya rəsmi bildiriş daxil olmamışdır. Halbuki “MyGov” sistemində mənim mobil telefon nömrəm, yaşayış ünvanım və elektron əlaqə məlumatlarım mövcuddur. Belə olan halda, vətəndaşın hüquq və mənafelərinə birbaşa təsir edən bu cür ciddi məhdudiyyət barədə əvvəlcədən məlumatlandırılmamağım ciddi narazılıq doğurur.

Xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, avtomobilimə məhdudiyyət qoyulması barədə məlumatın həftənin şənbə günü Dövlət Yol Polisinin elektron informasiya sisteminə daxil edilməsi məndə ciddi suallar yaradır.

Mənə məlum olduğu qədər, Yasamal Rayon İcra və Probasiya Şöbəsi şənbə günü fəaliyyət göstərmir. Belə olan halda, bu məlumatın məhz həftənin şənbə günü Dövlət Yol Polisinin elektron sisteminə daxil edilməsi hansı zərurətdən irəli gəlmişdir? Bu əməliyyatın qeyri-iş günü həyata keçirilməsinə nə ehtiyac olmuşdur? Məlumatın sistemə daxil edilməsi kimin göstərişi ilə və hansı məsul şəxs tərəfindən həyata keçirilmişdir?

Hesab edirəm ki, bu məsələyə mütləq aydınlıq gətirilməli, məlumatın şənbə günü sistemə daxil edilməsinin səbəbləri, zərurəti və qanuniliyi araşdırılmalıdır.

Xüsusi olaraq vurğulamaq istəyirəm ki, vətəndaş dövlət orqanlarından ilk növbədə qanunçuluq, şəffaflıq və ədalət gözləyir. Vətəndaşın əvvəlcədən məlumatlandırılmadan belə bir məhdudiyyətlə üzləşməsi, üstəlik bunun hansı əsasla və nə üçün həyata keçirildiyinin ona izah edilməməsi dövlətlə vətəndaş arasında mövcud olan etimad bağlarını qırır. Bu cür münasibət vətəndaşın dövlətə və onun qurumlarına olan inamını ciddi şəkildə sarsıdır. Dövlətlə vətəndaş arasında bağların qırılmasına gətirib çıxaran belə hallara laqeyd yanaşmaq olmaz.

Dövlət orqanlarının fəaliyyəti qanunçuluq, məsuliyyət və şəffaflıq prinsiplərinə əsaslanmalıdır. Vətəndaşın hüquqlarına toxunan hər bir addımın aydın hüquqi əsası olmalı, həmin addımın səbəbi və icra mexanizmi vətəndaşa izah edilməlidir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirəm:

1. 77-LR-177 dövlət qeydiyyat nişanlı avtomobilimə qoyulmuş məhdudiyyətin hansı hüquqi əsasla və hansı səbəbdən tətbiq edildiyi barədə mənə ətraflı məlumat verilsin.
2. Bu məsələ ilə əlaqədar icra işinin nömrəsi, məsul icra məmurunun adı, soyadı və vəzifəsi bildirilsin.
3. Avtomobilimə qoyulmuş məhdudiyyətin tətbiq edildiyi və bu barədə məlumatın Dövlət Yol Polisinin elektron informasiya sisteminə daxil edildiyi dəqiq tarix və saat müəyyənləşdirilsin.
4. Məlumatın şənbə günü Dövlət Yol Polisinin elektron sisteminə daxil edilməsinin hansı zərurətdən irəli gəldiyi araşdırılsın, bu əməliyyatı həyata keçirən məsul şəxs müəyyən edilsin və onun hərəkətlərinə hüquqi qiymət verilsin.
5. Mənə əvvəlcədən heç bir çağırış, məktub və ya bildiriş göndərilməməsinin səbəbləri araşdırılsın və bu məsələyə aydınlıq gətirilsin.
6. Araşdırmanın nəticələri və görülmüş tədbirlər barədə mənə qanunvericiliklə müəyyən edilmiş müddətdə yazılı, ətraflı və əsaslandırılmış cavab təqdim edilsin.

Ümid edirəm ki, müraciətimə formal yanaşılmayacaq, qeyd etdiyim hallar obyektiv və hərtərəfli araşdırılacaq, qanun pozuntusu və ya vəzifə səlahiyyətlərindən düzgün istifadə edilməməsi müəyyən edilərsə, müvafiq tədbirlər görüləcəkdir.

Hörmətlə,
Ramazanlı Nəbi Əhməd oğlu

Elektron poçt: nramazanli@yandex.ru

REDAKSİYADAN:
Bu şikayət ərizəsi təkcə bir vətəndaşın – Nəbi Ramazanlının fərdi problemi deyil, həm də dövlət-vətəndaş münasibətlərində şəffaflıq və məmur məsuliyyəti baxımından ciddi siqnaldır. Bu gün ölkə rəhbərliyinin həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının əsas məqsədi məhz vətəndaş məmnunluğunun təmin edilməsi, bürokratik əngəllərin və özbaşınalıqların aradan qaldırılmasıdır. Dövlət qurumlarının elektronlaşdırılması isə vətəndaşın işini asanlaşdırmaq, ona vaxtında və dəqiq məlumat vermək üçündür – onun arxasınca qeyri-iş günündə gizli qərarlar qəbul etmək üçün deyil!

Qanunvericiliyə görə, icra məmuru icraata başlamaq haqqında qərar qəbul etdikdən sonra onun surətini tərəflərə göndərməli, borcluya könüllü icra üçün müddət verməli və yalnız bundan sonra məcburi icra tədbirlərinə əl atmalıdır. Bütün bu mərhələlərin üstündən sükutla keçərək, heç bir xəbərdarlıq etmədən vətəndaşın mülkiyyətinə həbs qoymaq, üstəlik bu əməliyyatı rəsmi iş vaxtından kənar – şənbə günü rəsmiləşdirmək haqlı olaraq cəmiyyətdə suallar yaradır. Görəsən, hansı təxirəsalınmaz dövlət əhəmiyyətli zərurət Yasamal Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşını istirahət günündə elektron sistemə daxil olmağa vadar edib?

Ümid edirik ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu məsələni nəzarətə götürəcək, elektron sistemdə qalan “rəqəmsal izlər” vasitəsilə şənbə günü həmin əməliyyatı icra edən şəxsi müəyyənləşdirəcək və vətəndaşın hüquqlarının pozulmasına yol verən məmurlar barəsində qanunauyğun tədbirlər görəcəkdir. Qanunun aliliyi kabinetlərin bağlı qapıları arxasında deyil, vətəndaşın gözü qarşısında, ədalət və şəffaflıq prinsipləri əsasında təmin olunmalıdır.

Redaksiya olaraq Ədliyyə Nazirliyinin və Yasamal Rayon İcra və Probasiya Şöbəsinin məsələ ilə bağlı rəsmi mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

Fərhad MƏMMƏDOV 

REDAKSİYADAN:

Qeyd edək ki, Nəbi Ramazanlı Qərbi Azərbaycan İcmasının Hamamlı Rayon İcmasının sədridir. Və həmin gün Hamamlı Rayon İcmasının tərkibindəki Qursalı Kənd İcmasının QAİ-nin qərargahında keçirilən tədbirində iştirak etmək üçün göstərilən ünvanda maşınını saxlayıb. Elə, həmin anda da maşınına həbs qoyulub. 

araz.az xəbər portalı.