Bakıda yaşıllıqların qorunması və qanunsuz ağac kəsimi halları cəmiyyətdə ciddi narahatlıq doğuran əsas məsələlərdəndir. Azərbaycan qanunvericiliyinə əsasən, Dövlət Ekoloji Ekspertiza Agentliyinin müvafiq rəyi olmadan istənilən yaşıl ağacın kəsilməsi və ya köçürülməsi qadağandır. Bu halların qarşısını almaq və ərazidəki tikintinin qanuniliyini yoxlatmaq üçün hətta adi vətəndaş belə ciddi addımlar atmalıdır…

…Bakının səmasında ucalan göydələnlərin kölgəsində itən təkcə günəş şüaları deyil, həm də bu şəhərin nəfəsi, ruhu olan yaşıllıqlardır. İllərdir paytaxt sakinlərinin gözü qarşısında baş verən “yaşıl soyqırım” səngimək bilmir. Əksinə, şəhərin mərkəzi küçələrində, məhəllələr arasında kölgəsinə sığındığımız, yay istisində nəfəs aldığımız ağaclar bir gecənin içində mişar səslərinə qurban verilir.

Bu gün eyni mənzərənin acı şahidi paytaxtın ən sıx və gediş-gəlişli nöqtələrindən biri olan Nərimanov rayonudur. Arazpress.com xəbər portalına yaxın məlumatlı mənbənin dediyinə görə, indi də rayonun mərkəzində, “Mado” restoranının arxa hissəsindəki yaşıllıq zolağı qəfildən kəsilməyə başlayıb. Heç bir xəbərdarlıq edilmədən, məlumat lövhəsi belə vurulmadan illərlə boy atan ağaclar kökündən kəsilərək məhvə məhkum edilib. Hər kəsi düşündürən isə bir sualdır: Bu özbaşınalıq nə vaxtadək davam edəcək?

Öncədən də qeyd etdiyimiz kimi, Azərbaycan qanunvericiliyinə və ölkə başçısının ekoloji tarazlığın qorunması ilə bağlı tapşırıqlarına əsasən, Dövlət Ekoloji Ekspertiza Agentliyinin müvafiq rəyi olmadan bircə ağac budağının belə kəsilməsi qadağandır. Hətta zərurət yarandıqda belə, ağacların kəsilməsi yox, xüsusi texnika ilə başqa əraziyə köçürülməsi tələb olunur. Lakin Nərimanovdakı bu “sürətli əməliyyat” göstərir ki, bəzi işbazlar üçün nə qanun, nə ekoloji tarazlıq, nə də gələcək nəsillərin sağlamlığı maraqlıdır. Onlar üçün bir qarış torpaq üzərində ucaldılacaq beton konstruksiya onlarla ağacın verdiyi təmiz havadan daha “dəyərlidir”.

Sakinlər haqlı olaraq sual edirlər: Əgər bu ağacların kəsilməsinə rəsmi icazə verilibsə, niyə ərazidə ictimaiyyətə açıq məlumat lövhəsi yoxdur? Yox, əgər bu, növbəti qanunsuz özbaşınalıqdırsa, aidiyyatı qurumlar — Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hara baxırlar?

Bakı daş və beton yığınına çevrildikcə, şəhər sakinləri öz doğma paytaxtlarında boğulmağa məhkum edilirlər. Ümid edirik ki, müvafiq dövlət orqanları Nərimanov rayonundakı bu hadisəyə dərhal müdaxilə edəcək, ərazidəki qanunsuz tikinti dayandırılacaq və təbiətə qənim kəsilən şəxslər qanun qarşısında ən sərt şəkildə cavab verəcəklər. Çünki kəsilən hər ağac gələcəyimizdən kəsilən bir nəfəsdir. Buna görə, bu ciddi məsələni ictimailəşdirmək qərarına gəldik.

Əli HÜSEYN,
Arazpress.com-un xüsusi müxbiri

araz.az xəbər portalı.