
Binəqədidən o tərəfdəki Vulkan Dağına uzanan baxımsız, kələ-kötür, enişli-yoxuşlu yollarda hərəkətin əzab-əziyyətini hamı kimi özüm də görmüşəm — Bəlkə yüz dəfə, özü də məcburən. Bu ağır məcburiyyət yükünü o tərəflərə — Qərbi Azərbaycana köklənən milli adət-ənənələrimizin tələbləri çiyinlərimizə qoyub və hər kəs ömrünün sonunadək bu yükü çəkməyi özünə şərəf bilib. Çünki özümü başa düşəndən kəndimizdə — indi əsir sevgimizə çevrilən Hamamlı bölgəsinin Qursalı kəndində ruhları göylərdə dolaşan 7 arxa dönənlərimizə dərin ehtiram bəsləndiyini görmüşəm — daha çox onların məzarlarını ziyarətə gedəndə. Ən əsası, kənd sakinlərinin əksəriyyəti onların qəbirlərini tanıyıb. İndi o qəbiristanlıqlardan əsər-əlamət qalmayıb, mənfur düşmən hər şeyin altını üstünə çevirib.
Doğma yurd yerlərindən didərgin düşən və ağrı-acılı qaçqın-köçkün həyatı yaşayan, yuxarıda xüsusi olaraq vurğuladığım o ruhu göylərdə dolaşan 7 arxa dönənlərimizin varis-vərəsələrinin — Qursalı camaatının yaşlı-cavan ölülərinin daha çox dəfn edildiyi qəbiristanlıq adını yuxarıda çəkdiyim və özü də qorxulu səslənən Vulkan Dağında yerləşir.
Bir insan kimi bu adamların ölüsünə hörmət etməyi həmişə özümə borc bilib, bu borcu ödəmək üçün onların uyuduğu məzarları ziyarətə gedirəm. Çox vaxt doğma-yaxınlarımla birlikdə. Bizim kimi, hər bir qursalılının da ayda heç olmasa bir-iki dəfə müxtəlif səbəblərdən qəbirstanlığa yolu düşür, kiminsə dəfnində iştirak edir, ya da kiminsə qəbrinin üstünə gedir. Bəli, qəbirstanlığı görməmək mümkün deyil, bunu istəsən belə alınmaz, çünki dediyim məcburiyyət yükü daim çiyinlərdədir.
Qəbiristanlıq yolunda gözümüzə görünən və narahatlıq doğuran sadə həqiqəti isə, həmişə əlimizdəki kütləvi şikayət ərizələri ilə üz tutduğumuz heç bir əlaqədar qurum, ya təşkilat qəbul etmək istəməyib. Həmişə onu demişik ki, qəbristanlığa gedən enişli-yoxuşlu “quruntavoy” yollarda getməyin dəhşəti cəhənnəmə getməyin əzabından betərdir. Bir də ki, onların özləri də bunu yaxşı görüblər, yolları bu qəbirstanlığa düşməsə də, harasa gedəndə yaxınlığından keçirlər axı…
…Az öncə ictimai fəallığına görə daim diqqətdə saxladığım həmkəndlim Vaqif Namazovun sosial şəbəkə hesabında paylaşdığı mənim üçün önəmli bir məlumat gözümə sataşıb.
“Tez-tez ölkəmizdə dövlət səviyyəsində müxtəlif nazirlik və qurumlar tərəfindən küçələrdə, parklarda, meydançalarda… iməciliklər keçirilir, abadlaşdırma və yaşıllaşdırma işləri aparılır, yeni ağaclar əkilir.
Biz də — əslən Qərbi Azərbaycanın Hamamlı bölgəsindən olan QURSALILILAR da iməcilik iştirakçısıyıq. Kənd camaatı bu tədbirə böyüklü-kiçikli gəlməyi planlaşdırdı. Çünki bu tədbirin başqa bir mənası var. Hamı bir çağırışa, öz istəyi ilə bu iməciliyə qoşulur. Daha doğrusu, həm də Qursalı camaatı dogma-yaxınlarının məzarlarını ziyarət edib, onların qəbirlərinin ətrafını təmizləyir, onların ruhlarına dualar edirlər. Bu işi birlikdə görməyin, elliklə köməkləşib yerinə yetirməyin effekti isə daha böyük olacaq.
Ən əsası odur ki, bu anım günü başqa bir aurada düzənləndi. Yəni, illərdi Binəqədi ərazisindəki Vulkan Dağı ərazisində saldıqları qəbiristanlığa, bundan sonra bu məzarlıqda uyuyan doğma-yaxınlarını, həmkəndli-həmyerlilərini ziyarətə “quruntavoy” üzücü yolla deyil, maneəsiz gedə biləcəklər.
Nə yaxşı ki, camaatın hədsiz narahatlıq doğuran əziyyətini başa düşən xeyirxah insanlar da olur. Artıq Vulkan Dağından qəbiristanlığa asfalt yol çəkilir. Yolun çəkilişi Qursalı camaatının yüksək hörmətini qazanan həmkəndlimiz Təmraz Tağıyev tərəfindən həyata keçirilir. İməciliyin keçirilməsi də onun təşəbbüsü əsasında nəzərdə tutulub.
Bu xeyirxah insanın bütün xərclərini boynuna götürdüyü bu işin də yüksək səviyyədə təşkil olunacağına şübhə etmirəm. Çünki xeyirxah məqsədli bütün işləri həmişə ürəkaçan olub.
Ona öncədən bütün kənd əhlinin səmimi ifadələr dolu minnətdarlıq və təşəkkürlərini də çatdırmağı özümə borc bilirəm!” — Vaqif Namazov yazır.
Müəlliflə təcili əlaqə saxlayıram. Deyir ki, doğrudan da belədir və bu xəbəri axşam eşidib. Mənsə zarafatyana sözlərimlə yenə Vaqif Namazovun “xətrinə dəyirəm”:
“Sonradan eşidirəm ki, Təmraz Tağıyev belə çox xeyirxah işlər həyata keçirib. Bir jurnalist kimi, buna görə ondan “xoşum gəlmir”. Bir kilo nəsə verib, görüntü, reklam naminə etdikləri saxta xeyriyyəçiliklərini ön kamerayla çəkib, külli aləmə göstərməyimizi bizdən tələb edənlər, bunu etməyəndə bizdən küsənlər çoxdur axı.
Təmraz müəllimin xətrinə dəydi-dəymədi, məndən küsdü-küsmədi, xoşuna gəldi-gəlmədi bu xəbəri mən də öz bildiyim stildə yazıb, ictimaiyyətin diqqətinə çatdırmağı özümə borc bilirəm. Bir də ki, onun özü, eləcə də gördüyü xoşagələn işləri barəsində ürəkdən gələn fikirləri ictimaiyyətlə bölüşməyin vaxtı çoxdan çatıb deyə…”.
HAŞİYƏ:
Dədə-babalarımızdan həmişə eşitmişəm ki, mənəvi cəhətdən zəngin olmaq, rahat yaşamaq, başqalarına da rahatlıq bəxş etmək üçün insan ali dəyərlərə söykənməlidir. Bu ali dəyərlərdən biri də xeyriyyəçiliklə məşğul olmaq, özündən zəiflərə əl uzatmaq, təmənnasız yaxşılıq etməkdir.
Yaxşı bilirəm ki, Qərbi Azərbaycan kökənli, üstəlik, əzizim və sevimlim olaraq daim həsrətini çəkdiyim və qəlbimdə əbədiləşdirdiyim doğma Qursalıda doğulub, boya-başa çatan Təmraz Tağı oğlu Tağıyev də, harada işləməsindən asılı olmayaraq, bu prinsiplərlə yaşayanlardandır. Etdikləri barəsində media vasitələrində yazıların getməməsinin səbəbi də məlumdur.
Sözün həqiqi mənasında, xeyirxah, qayğıkeş və təmənnasız, millətsevər və xalqına bağlı Vətən oğlu kimi özünü göstərib. Bu xeyirxah insan həm də dövlətə və dövlətçiliyə sədaqəti, təşkilatçılıq bacarığı və vətənpərvərliyi ilə seçilən siyasət və vəzifə adamıdır. YAP-ın Nərimanov Rayon Təşkilatının sədri olanda da, hazırda tutduğu Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının rəhbəri, eləcə də Bakı Şəhər Nərimanov Rayon Bələdiyyəsinin sədri vəzifələrində də həyata keçirdiyi yaxsi işləri göz qabağında olub.
Təmraz Tağıyevin xarakterində Vətənə məhəbbət hissi ən yüksəkdə durduğuna görədir ki, o, iştirakçısı olduğu bütün məclislərdə söhbətini uzun zamandır yağı düşmən əsarətində inləyən dədə-baba yurdu uğrunda mübarizəyə səsləyən sözlər üzərində qurur — həsrətini çəkdiyi bu yerlərin xoş təbiətindən ilham və ruh alaraq, xoş gələcəyinin möhkəm təməlini qoyduğuna görə!..
…Tələsik qələmə aldığım bu yazımı bir müddət öncə “Araz” qəzetində dərc etdiyim bir jurnalist dostumun eyni mövzulu yazısının bu sözləri ilə tamamlayıram:
“Qəbirstanlıq dirilərin ölülərə baxıb ibrət dərsi götürməsi, həyatın faniliyi, hər şeyin gəldi-gedər olması haqqında düşüncələrə dalması üçün çox gözəl məkandır. Deməli, qəbirstanlığın vacib missiyaları var. Təəssüflər olsun ki, dirilərin böyük əksəriyyəti bu missiyaların hamısını dərk etmirlər. Sadə həqiqət ondan ibarətdir ki, ölən adam bu dünyadan o dünyaya pul, var-dövlət, heç nə apara bilmir. Yalnız etdiyi yaxşılıqları və xeyirxah işləri yaddaşlarda əbədiləşir. Çünki yuxarıda sadaladıqlarımız o dünyada ən azından lazım deyil. Daha aydın dildə desək: “Süleymana qalmayan dünya, heç kimə qalmır”.
“Sağ əlin verdiyini sol əl bilməməlidir” prinsipinə söykənən və yüzlərlə insanın aldığı ali həzzə köklənən təmənnasız xeyriyyəçilik bax budur! Etdiyinizə görə, mənim təşəkkür və minnətdarlığımı da qəbul edin, Təmraz müəllim!
Hüseyn ƏZİZOĞLU,
“Araz” Media Qrupunun təsisçisi və Baş redaktoru.
REDAKSİYADAN:
Yeri gəldi-gəlmədi, Arazpress.com xəbər portalı olaraq, bir müddət öncə əldə etdiyimiz bu xəbəri də diqqətinizə çatdırmağı özümüzə borc bilirik. Çünki Qərbi Azərbaycan məsələsi ilə bağlı “ağzıgöyçəklərin” uydurmaları mənim kimi, soydaşlarımıza da rahatlıq vermir, artıq “canımızı boğazımıza yığıb’.
Aşağıda diqqətinizə çatdırmaq istədiyimiz həmin xəbər Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tərəfindən İcma sədrlərinə verilən tapşırıqla bağlı olsa da, QAİ adından həmin “ağzıgöyçəklərin” ağzına vurulan “yağlı şillə” kimi başa düşülməlidir.
Hörmətli həmvətənlər, yalan və uydurmalara uymayın, yolumuz Qərbi Azərbaycanadır! Axı, ruhlar bizi səsləyir. Qərbi Azərbaycan İcması ilə irəli!
araz.az xəbər portalı.