
Macarıstan Baş naziri Viktor Orban deyib ki, Ukraynanın təhlükəsizliyinə təminatla bağlı hazırkı danışıqlar nəticəsində onun ərazisi üç zonaya bölünəcək: bunlar Rusiyanın nəzarətində olan ərazilər, hərbisizləşdirilmiş zona və “Qərb zonası” olacaq. Onun sözlərinə görə, hazırda Avropada təhlükəsizlik təminatları ilə bağlı aparılan müzakirələr artıq “Rusiya zonası”nın mövcudluğunu tanıyır və indi yalnız onun ölçüsü və formatı müzakirə olunur. Bundan əlavə, Orban bir daha Ukraynanın Aİ və NATO-ya daxil olmasına qarşı çıxıb və bunun guya Rusiya Federasiyası ilə müharibəyə gətirib çıxaracağını, Avropa iqtisadiyyatını məhv edəcəyini qeyd edib.
Orbanın Ukraynanın gələcəyi ilə bağlı dedikləri diqqət çəkir. Aydın məsələdir ki, o, siyasi reallıqları bir çox Avropa ölkəsindən fərqli olaraq daha aydın başa düşür və etiraf edir. Lakin bu açıqlamasında ciddi mübahisə doğuran fikirlər də var.
Onun qeyd etdiyi kimi, hazırda aparılan təhlükəsizlik danışıqlarında Ukraynanın de-fakto bölünməsi variantı masada deyil. Hər halda rəsmi məlumatlarda bu barədə konkret açıqlama yoxdur. Düzdür, həm Rusiya, həm də Ukrayna müəyyən kompromislərə gedə bilər, lakin Ukraynanın üç yerə bölünməsi real görünmür.
“Finlandiya modeli”
Ümumiyyətlə, Orban Ukrayna məsələsinə yanaşmasında bir qədər pessimistdir. O, Ukraynanın artıq bölündüyünü deyir və bunu legitimləşdirməyə yönəlmiş tendensiyalardan danışır. Bu isə Ukraynanın suverenliyi və ərazi bütövlüyü baxımından ciddi narahatlıq doğurur. Çünki bu cür yanaşma beynəlxalq hüququn əsas prinsiplərinə xüsusilə də dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsipinə ziddir. Yəni Ukrayna ərazilərinin güzəştə gedilməsi hesabına bir sülh (məsələn, “Finlandiya modeli”) və ya mövcud reallıqlar əsasında münaqişəni dayandıracaq atəşkəs razılaşması mümkündür. Hətta Rusiya–Ukrayna sərhədində neytral bölgənin yaradılması da müzakirə mövzusu ola bilər. Amma bu, Ukraynanın üç yerə parçalanması anlamına gəlmir.

Bununla belə, Orbanın Ukraynanın Aİ və NATO-ya üzvlüyünə qarşı çıxması tamamilə məntiqsiz də deyil. O, Avropanın təhlükəsizliyini Ukraynanın Qərblə inteqrasiyasında deyil, əksinə, Rusiya ilə mümkün qədər münasibətləri pozmadan davam etdirməkdə görür. Bu isə Qərbdə çoxlarının bölüşmədiyi bir mövqedir.
O da Ukraynanı “vurur”
Lakin maraqlıdır ki, bu mövzuda fikir bildirən tək Avropa lideri Orban deyil. Polşa Prezidenti Karol Navroçki də Aİ və NATO-ya çağırış edərək Ukraynanın bu təşkilatlara üzvlüyü məsələsini təxirə salmağı təklif edib. O vurğulayıb ki, münaqişə vəziyyətində olan heç bir ölkə NATO-ya üzv ola bilməz.
“Əks halda, Polşa döyüşməli olacaq. Varşavanın da Avropaya inteqrasiyası prosesi uzun illər çəkib. Hesab edirəm ki, Ukrayna gələcəkdə sivilizasiyanın bir hissəsi olmalıdır. Bununla belə, Kiyevin Avropa İttifaqına üzvlüyü ilə bağlı bugünkü müzakirələr tezdir”, – Navroçki bildirib.
Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış da bəyan etmişdi ki, Ukrayna Volındakı hadisələrlə bağlı məsələni həll etməsə, Avropa İttifaqına daxil olmaq şansı azalacaq.
Əslində, həm Orban, həm də Navroçki haqlıdır. Bu bəyanatlar göstərir ki, Aİ və NATO daxilində Ukraynanın gələcəyi ilə bağlı vahid mövqe yoxdur. Bəzi ölkələr – xüsusilə Şərqi Avropa dövlətləri – təhlükəsizlik və tarixi səbəblərlə Ukraynanı dəstəkləyirlər, digərləri isə ehtiyatlı və bəzən açıq şəkildə skeptik yanaşırlar. Polşa bu məsələdə ən maraqlı və mürəkkəb aktorlardan biridir. Bir tərəfdən, Ukraynanı Rusiya qarşısında ən sərt şəkildə dəstəkləyən ölkələrdən biridir. Digər tərəfdən isə, tarixi, etnik və siyasi səbəblərlə Ukrayna ilə aralarında həll olunmamış gərginliklər mövcuddur: xüsusilə Volın qırğını kimi həssas məsələlər fonunda.
Karol Navroçki
Navroçkinin dedikləri həm hüquqi, həm də siyasi baxımdan müəyyən əsaslara söykənir. NATO-nun nizamnaməsinə görə, münaqişə vəziyyətində olan bir ölkənin üzvlüyü alyansı avtomatik olaraq müharibəyə cəlb edə bilər. Bu isə üzv ölkələrin bir çoxu üçün qəbuledilməz riskdir.
Putin razı oldu
Əksər Avropa liderləri Ukraynanın inteqrasiyasını şərtsiz və birmənalı dəstəkləmir. Bəziləri bunu strateji zərurət, digərləri isə siyasi və iqtisadi risk kimi qiymətləndirir. Açıq şəkildə dilə gətirilməsə də, daxildə ciddi tərəddüdlər mövcuddur: iqtisadi yük, müharibə riski, daxili bazar problemləri və digər amillər bu prosesə mane olur.
Görünür, bunu Rusiya Prezidenti Vladimir Putin də yaxşı anlayır. Sentyabrın 5-də Şərq İqtisadi Forumunun plenar iclasında Ukraynanın Aİ-yə mümkün üzvlüyü ilə bağlı çıxış edərkən bildirib ki, bu, Kiyevin qanuni seçimidir. Putin xüsusilə NATO-nun şərq ölkələrinin belə bir müharibə riskini almaq istəmədiyini bilir. Düzdür, NATO ilə birbaşa müharibə Rusiya üçün daha dağıdıcı ola bilər, lakin başda Polşa olmaqla bir çox ölkə üçün də regionu poliqona çevirə bilər. Yəni əslində Orbanın dedikləri narahatlıq və uzaqgörənlik, Navroçkinin dedikləri isə xəbərdarlıqdır. Qısacası, Avropada Ukraynanın gələcəyi ilə bağlı konsensus deyil, daha çox kompromis axtarışı gedir. Dəstək var, amma bu, şərtli, ziddiyyətlidir və yekdil deyil.
Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.
araz.az xəbər portalı.