
Bir müddət öncə Arazpress.com-un dərc etdiyi eyni mövzulu yazıda (Yazı ilə ətraflı tanış olmağınız üçün linkini təqdim edirik: https://arazpress.com/?p=10356) xüsusi olaraq o vurğulanırdı ki, Binəqədi yaxınlığındakı Vulkan Dağı ərazisində saldıqları qəbiristanlığın kələ-kötür və enişli-yoxuşlu baxımsız yollarıyla hərəkətin olmazın çətinliyi kədər içindəki Qərbi Azərbaycan əsilli ölü sahiblərinə həmişə digər yandan öz təsirini göstərib. Doğma yurd yerlərindən didərgin düşən və ağrı-acılı qaçqın-köçkün həyatı yaşayanlar tərəfindən əvvəllər bununla bağlı aidiyyatı qurumlara dəfələrlə edilən müraciətlər öz müsbət nəticəsini verməyib.
Nəhayət, bu yolların qaydasına salınmasını əslən Qərbi Azərbaycanın Hamamlı bölgəsindəki Qursalı kəndindən olan və etdikləri yaxşılıqlarla camaat arasında böyük hörmət qazanan, hazırda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının rəhbəri, eləcə də Bakı Şəhər Nərimanov Rayon Bələdiyyəsinin sədri vəzifələrində çalışan Təmraz Tağı oğlu Tağıyev öz üzərinə götürüb. Artıq, o, ətrafındakı digər fədakar həmyerlilərinin sayəsində bu abadlaşdırma işlərini başa çatdırmaq üzrədir. İşlərin keyfiyyəti burada həyata keçirilən hər bir işin siması ilə öz təsdiqini tapır. Bütün bunlara görə, ona təşəkkür və minnətdarlıqlarını çatdıranlar isə çox olur.

“Mənim kimi, hər kəsin dəfələrlə müxtəlif səbəblərdən qəbirstanlığa yolumuz düşür. Kiminsə dəfnində iştirak edir, ya da kiminsə qəbrinin üstünə gedirik. Ümumiyyətlə, qəbirstanlığı görməmək mümkün deyil. Yollarında gözümüzə görünən bərbadlıq bizə narahatlıq gətirib həmişə. İndiki sadə həqiqət isə budur ki, camaatın hədsiz narahatlıq doğuran əziyyətini başa düşən xeyirxah bir insan var və hər şeyi öz qaydasına qoya bilir.
Yolun çəkilişi yaxından tanıdığım Təmraz Tağıyev tərəfindən həyata keçirilir. Bu xeyirxah insanın bütün xərclərini boynuna götürdüyü bu işin də yüksək səviyyədə təşkil olunacağına şübhə etmirəm. Çünki xeyirxah məqsədli bütün işləri həmişə ürəkaçan olub. Tam əminəm ki, ölü sahibləri bundan sonra qəbristanlığa üzücü yolla deyil, maneəsiz gedə biləcəklər.
Ona bütün kənd əhlinin səmimi ifadələr dolu minnətdarlıq və təşəkkürlərini bir daha çatdırmağı özümə borc bilirəm!” — ictimai fəallığına görə daim Qursalı kənd camaatının diqqətində olan Vaqif Namazov deyir.

Bakı Dövlət Universitetinin sabiq prorektoru, Qərbi Azərbaycan İcmasının Cəlaloğlu və Hamamlı rayon icmalarının sədri, fəlsəfə doktoru, Əməkdar mühəndis Nəbi Ramazanlı da Təmraz Tağıyevə təşəkkür və minnətdarlığını çatdıranlardandır. Onun dediklərindən:
“Bir-neşə gün öncə Nərimanov Rayon Bələdiyyəsinin sədri, təəssübkeş eloğlumuz Təmraz Tağı oğlu Tağıyevin təşəbbüşü və təşkilatçılığı ilə aparılan xeyriyyəçilik işinə kənardan biganə baxmaq olmaz. Bu aralar Bakıda olmamağım səbəbindən, bu təsəbbüşdə iştirak edə bilmədiyimə xeyli təəssüfləndim. 1988-ci il hadisələrindən üzübəri Təmraz müəllimin el-oba arasındakı aktiv fəaliyyəti, xüsusi hallarda isə diqqəti danılmazdır.
1990-cı illərdə Pəmbək zonası insanlarının dəfn mərasimlərinin çətinliyi mövcud idi. O, zaman elimizin təəssübkeş oğlu, Bakı Dövlət Universitetinin dosenti Mustafa Əli oğlu Daşdəmirovun və professor İsmayıl Vəliyevin birgə səyləri ilə “Pəmbək” Cəmiyyəti yaradıldı. Elə ilk aylardaca bu Cəmiyyətin təşəbbüsü ilə hazırda dünyasını dəyişmiş həmyerlilərimizin dəfn mərasimlərindəki yaranan süni maneələrin aradan qaldırılması üçün Binəqədi rayonu ərazisindən torpaq sahəsi ayrılmasna nail olundu. Doğrudur, ərazi baxımından dəfn mərasimlərində xüsusən soyuq və yağışlı qış aylarında xeyli çətinlik yaradan bu yer bir o qədər uyğun sayılmasa da, zamanla yaradılan və formalaşan infrastruktur bu fikirləri alt-üst edirdi. Bəzi hallarda dəfn zamanı palçıq dizə çıxırdı, salınmış yolla minik avtomobilləri son mənzil ünvanına gedib çata bilmirdi. Bir-neçə dəfə el-obanın və qonşü Saral və Arçut kəndlərinin təəssübkeş insanlarının köməyi ilə, bu süni problemlər qismən aradan qaldırılsa belə, heç vaxt öz köklü həllini tapa bilmirdi.
Haqqına demək lazımdır ki, 35 ilə yaxın mövcud olan bu qəbristanlıqda bu günlərdə Təmraz müəllimin təşəbbüsü və təşkilatçılığı ilə aparılan miqyasda heç bir abadlıq işləri aparılmamışdı. İməcilik keçirilməsi adı ilə, o, öz şəxsi vəsaiti ilə ərazinin abadlaşdırılması təşəbbüsü ilə çıxış edərək, bütün eloğluları narahat edən bu problemin köklü olaraq həlli istiqamətində radikallıq göstərərək, bu addımı atdı. Bir-neçə dəfə olmuş görüşlərimiz zamanı belə bir addım atacağını bildirmişdi. Amma bu söz və fikir olaraq aramızda qalmışdı.
Bu yerdə yadıma böyük fransız yazıçısı Aleksadr Dümanın dediyi fikirlər düşdü: “Qafqazda bir millət var: “Azərbaycanlı”. Onların verdiyi kişi sözü 10 Avropa dövlətlərinin notariusla verdiyi sənəddən üstündür. Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə, ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı.
Bəli, Təmraz müəllimin əvvəllər verdiyi söz və bu günlər etdiyi əməl artıq öz həllini tapmışdı. Bu məqsədlə Pəmbək və Cəlaloğlu icmaları adından, bütün təəssübkeş eloğlularımız adından onun özünə, ona dəstək verən və bu işdə iştirak edən hər bir kəsə öz minnətdarlığımı bildirir, əziyyət və zəhmətlərini halal etmələrini arzu edirəm. Tanrı el-obamızı, xalqımızı və millətimizi var eləsin!”.

Seymur Mustafa oğlu Daşdəmirov da Təmraz Tağıyevə təşəkkür və minnətdarlıq çatdırmağı özünə borc bildiyini qeyd edir:
“Qursalılı bir gənc olaraq, el-obamla daim fəxr edirəm. Öz şəxsimdə Təmraz müəllimə minnətdarlığımı çatdırıram. Onun bu addımı biz gənclərə bir nümunə, bir örnək, bir qürur mənbəyidir. Bu həm də ona bir işarədir ki, biz gənclər də, daim onun kimi el-obamız üçün çalışaq.
Hörmətli Nəbi müəllim! Yeri gəldi deyə, Sizə də xüsusi təşəkkürumu çatdırmağı özümə borc bilirəm. Rəhbərliyiniz altında Baki Dövlət Universitetində çalışdığımdan bu yana, daim sizin biz gənclərə dəstək və qayğınızı hiss etmişik. İş zamanı asudə vaxt tapan kimi bizə kəndimizin tarixindən, onun tanınmış şəxslərindən və ziyalılarından danışmağınız daim bizə ruh, qol-qanad verib.
Bir daha hər birinizə minnətdarlığımı çatdırır və cansağlıgı arzulayıram!”.

Həmkəndlisi Füzuli Musayev isə Təmraz Tağıyevə təşəkkür sözlərini başqa çalarlarla çatdırmağı lazım bilib. Qeyd edib ki, açığı, həmişə gördüyü işlərini alqışladığı Nəbi Ramazanlının Təmraz Tağıyevin bu xeyirxah işi barədə dedikləri ona xoş təsir bağışlayıb.
“Hər ikisi ilə fəxr etməyə dəyər. Təmraz müəllimin düşünülmüş bu savab işinə necə sevinməyək? Ona bu işdə heç bir köməyimiz olmasa da, xoş sözlərmizlə dəstək olmağı kəndlərin sakinlərindən görürük. Arzu edirik və Allahın köməyi olsun ki, növbəti xeyirxah işlərini də belə bir ruhda davam etdirsin.
Əslində, bu sözlər Təmraz müəllimə tərif yox, reallığın əksidir. O, Arçut kənd sakinlərinin təşəbbüsünə qoşulduğu üçün, inanıram ki, başqa kəndlərin sakinləri də belə xeyirxah işlərdə bizimlə birlikdə olacaqlar.
Eşidirəm ki, bu gözəl işlə bağlı nəsə xoşagəlməz söz deyənlər də “meydana çıxıb”. Gedib öz işləri ilə məşğul olsunlar, görülən yaxşı işlərə kölgə salmasınlar. Fərq etmir, kim hansı kənddən olursa olsun, bu xeyirxah işə öz dəstəyini nümayiş etdirəcək. Bu yerdə Arçut camaatına bir daha öz minnətdarlığımı çatdırıram. Yaxşı bilirəm ki, 2 ildir dalbadal kimin nəyə gücü çatıbsa, kömək edib, qəbirstanlıq yolunu az-çox düzəldə biliblər. Əməyi keçən insanları alqışlayıram”.

Yerində olacaq deyə, rəhbəri Anar Osmanlının Saral Kənd İcması adından Təmraz Tağıyevə ünvanladığı səmimi təşəkkürləri bu yazıya sonluq verməyə qərar verdik. O, yazır:
“Qərbi azərbaycanlılara aid qəbiristanlığın bərpası, yolların çəkilməsi və ərazinin təmizlənməsi istiqamətində göstərdiyiniz fədakar xidmətlər hər birimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu işləriniz təkcə icmamıza deyil, ümumilikdə, bütün qərbi azərbaycanlılara mənəvi dayaq olub.
Əcdadlarımızın xatirəsinə göstərdiyiniz hörmət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və davamlı nailiyyətlər arzulayırıq”.
Məhi ELSEVƏR,
Arazpress.com-un xüsusi müxbiri.







araz.az xəbər portalı.