Üç qeyri-hökumət təşkilatı rəhbərinin saxlanılaraq, məsuliyyətə cəlb olunması QHT sektorunu əməlli-başlı qarışdırıb. Çünki saxta orden və medallar bəzi qadın QHT rəhbərlərinin sinələrini də bəzəyirdi. İndi onlar nəsə gözə dəymirlər.

Mən bu üç nəfərdən birinin — Rasim Məmmədovun kiməsə orden, medal verdiyini görməmişəm, eşitməmişəm.

Amma qalan ikisinin — “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılovun cürbəcür mükafatlar payladıqları hamıya məlumdur.

Hətta Eldar İsmayılov öz Fondu adından 2022-ci iıdə Türkmənistanın keçmiş prezidenti Qurbanqulu Berdiməhəmmədova da “Ulutürk” adında orden vermişdi. İndi elə bil “qurbağa gölünə daş atılıb”. Vaxtilə bir-neçə qadın QHT rəhbəri daim bu dələduzların təşkil etdikləri tədbirlərdən əskik olmurdular.

Yaxalarını Füzulinin, Eldarın orden-medalları ilə doldurub, özlərini göstərirdilər. Məsuliyyətə cəlb olunan QHT rəhbərlərinin medallarını almış, onların tədbirlərində iştirak etmiş, onlara dəstək olmuş adamların, bəzi QHT qadınlarının hazırkı mövqelərini bilmək çox maraqlı olardı. Görəsən, niyə susurlar?

Hələ bir medalpaylayan da var. Bu, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri Cəlil Xəlilovdur.

Veteranların sədri veteran olmayan adamlara medallar verməsi ilə məşhurdur. Ölkədə Cəlil müəllimin medallarından almayan adam çətin tapılsın. Çünki hazırlatdığı medalların sayı-hesabı yoxdur.

Ümumiyyətlə, son illər bəzi QHT-lərin təşkil etdikləri tədbirlərə diqqət yetirilsə, çox faktlar tapmaq olar. Bizə araşdırmanın nəticəsini gözləmək qalır. Yaşayarıq, görərik.

Sima BABAYEVA.

araz.az xəbər portalı.