Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley yığıncağında çıxışı zamanı səsləndirdiyi ən mühüm fikirlərdən biri Azərbaycan dili ilə bağlı idi.

İlk növbədə qeyd etmək lazımdır ki, Prezidentin çıxışından onun Azərbaycan dilinin vəziyyətinə və inkişafına xüsusi önəm verdiyi, eyni zamanda dilimizin taleyi ilə bağlı səmimi narahatlıqlarının olduğu açıq şəkildə hiss edilirdi.

Sitat:

“On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir”.

Prezidentin vurğuladığı kimi, son on il ərzində müəyyən irəliləyişlər əldə olunsa da, bu sahədə hələ də çatışmazlıqlar qalır. Bu irad ilk növbədə dilimizin saflığını qorumağa məsul olan alimlərə, dilçilərə, yazıçılara, şairlərə, jurnalistlərə və siyasətlə məşğul olan şəxslərə ünvanlanmışdı.

Fikri düzgün anlamaq və qəbul etmək vacibdir. Çünki dil xarici siyasətdə ən təsirli “yumşaq güc” vasitəsidir və müasir beynəlxalq münasibətlərdə bu amilin rolu getdikcə artır. Dil həm milli kimliyin qorunması, həm də beynəlxalq aləmdə nüfuz qazanmaq üçün ən mühüm alətlərdən biridir.

Coğrafi gücü və siyasi vacibliyi

Tarixən Azərbaycan dili regionda belə bir rol oynayıb. Xüsusilə Səfəvilər dövründə Azərbaycan türkcəsi sarayda, orduda və diplomatiyada əsas ünsiyyət vasitəsi idi. O zaman imperiyanın siyasi və mədəni sərhədləri geniş idi, bu isə Azərbaycan türkcəsinin Qafqazdan tutmuş Hindistana qədər aparıcı dil kimi yayılmasına şərait yaratmışdı. Həmin dövrdə bu dil təkcə idarəetmə vasitəsi deyil, eyni zamanda bir mədəni kimlik daşıyıcısı idi.

XX əsrin əvvəllərinə qədər Cənubi Qafqazda Azərbaycan dili bir növ “ortaq ünsiyyət dili” kimi qəbul olunurdu. O cümlədən, ticarət, mədəniyyət, ədəbiyyat və gündəlik münasibətlərdə birləşdirici rol oynayırdı. Lakin siyasi dəyişikliklər, sovet dövrünün ruslaşdırma siyasəti və daha sonra qloballaşmanın təsiri nəticəsində bu rol tədricən zəifləməyə başladı.

Məhz ona görə də Prezident İlham Əliyevin dil məsələsi ilə bağlı narahatlığı yalnız daxili istifadə ilə məhdudlaşmır. Onun çıxışında Azərbaycan dilinin beynəlxalq nüfuzu və təsir imkanları da ön plandadır. Prezident bu məsələni strateji istiqamət kimi dəyərləndirir. Dilin qorunması, tədrisinin gücləndirilməsi, media və texnologiyada onun üstün mövqeyə gətirilməsi Azərbaycanın beynəlxalq səhnədə mədəni təsirini artırmaq deməkdir.

Başqa sözlə, Prezident İlham Əliyev Səfəvilərin ən böyük “yumşaq güc” mirası olan dili məsələsini mənimsəyərək, gələcəkdə dövlətin əsas ideoloji və strateji xəttlərindən birinə çevirmək niyyətindədir.

Prezidentin çıxışından belə qənaətə gəlmək olar ki, Azərbaycan qarşıdakı illərdə xarici siyasətində dilin təsir arealını genişləndirməyi də hədəfləyir. O özü də vurğulayır:

“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik — müstəqil Azərbaycan dövləti.”

Ütopik səslənsə də, məncə, Azərbaycan dövləti Cənubi Qafqazda və daha geniş coğrafiyada dil üzərindən “yumşaq güc” siyasəti həyata keçirmək potensialına və resurslarına malikdir. Çünki dilimiz təkcə ölkə daxilində deyil, sərhədlərdən kənarda da milyonlarla insan üçün ana dilidir.

Hazırda İranın şimalında 30 milyondan çox azərbaycanlı yaşayır və onların böyük əksəriyyəti Azərbaycan türkcəsində danışır. İraqdakı türkmənlər, Gürcüstanın azərbaycanlı əhalisi, Şimali Qafqazda və Orta Asiyada yaşayan türksoylu icmalar da bu dilə yaxındırlar. Yəni Azərbaycan dili təbii mədəni və dil coğrafiyasına malikdir və bu coğrafiyada onun təsir imkanlarını bərpa etmək tamamilə mümkündür.

İnkişaf perspektivi

Dövlətin məqsədi əvvəlcə ölkə daxilində dilin dayanıqlığını möhkəmləndirməkdir. Təhsil, media, ədəbiyyat və texnologiya sahələrində Azərbaycan dilinin aparıcı mövqeyə gətirilməsi həm milli kimliyin qorunması, həm də gələcəkdə dilin regional mədəni təsir gücünə çevrilməsi üçün vacib şərtdir.

İkinci mərhələdə isə dilin regionda yenidən nüfuz qazanması, yəni tarixi funksiyasına – Cənubi Qafqaz və Yaxın Şərqdə mədəni ünsiyyət dili statusuna qayıtması mümkündür. Bunun üçün Azərbaycan dövləti dilin öyrənilməsini təşviq etməli, mədəni layihələri dəstəkləməli və mediada dilin nüfuzunu artırmalıdır.

Məsələn, Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bildirib ki, hazırda ölkəsində 3 məktəbdə Azərbaycan dili tədris olunur. Nazir qeyd edib ki, bu, hökumətin regional dillər haqqında biliklərin yayılmasını təşviq edən proqram çərçivəsində həyata keçirilir.

“Bu proqrama 30-a yaxın məktəb qoşulub. Məktəblərin əksəriyyəti türk dilini seçsə də, Azərbaycan dili üzrə ciddi kadr çatışmazlığı var”, – Andresyan bildirib.

Azərbaycan isə bir müddətdir ki, erməni dili kurslarını tədris edir. Bundan əlavə, “Qərbi azərbaycanlıların qayıdış proqramı” çərçivəsində Azərbaycan yaxın gələcəkdə Ermənistanın bu sahədəki ehtiyacını qarşılayacaq kadr potensialına malik olacaq.

Regional maneə və hədəflər

Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan dilinin ölkə daxilində inkişaf etdirilib gücləndirilməsi nisbətən asan olsa da, onun regionda aparıcı mövqeyə gətirilməsi xeyli çətin başa gələcək. Prezident İlham Əliyevin dilin qorunması və inkişafı ilə bağlı çağırışları strateji baxımdan tamamilə doğrudur, lakin bu hədəfə çatmaq bir sıra siyasi, tarixi və geosiyasi maneələrlə müşayiət olunacaq.

Ən böyük çətinliklərdən biri, şübhəsiz ki, Rusiya və İranın dil siyasətidir. Bu iki dövlət uzun illərdir regionda dil vasitəsilə mədəni və ideoloji təsir siyasəti həyata keçirir.

Rusiya postsovet məkanında rus dilini birləşdirici amil və təsir aləti kimi qoruyur. Rus dili hələ də bir çox postsovet ölkələrində, o cümlədən Azərbaycanda elm, texnologiya və media sahələrində geniş yayılıb. Rusiya Prezidenti Vladimir Putinin Düşənbədəki çıxışında “Azərbaycanda demək olar, hər yerdə rus dilində danışırlar” deməsi, bu siyasətin davamlı olduğunu və Moskvanın bunu öz “yumşaq güc” strategiyasının bir hissəsi kimi gördüyünü göstərir. Başqa sözlə, Rusiya Azərbaycanda rus dilinin güclü mövqeyini siyasi kapitala çevirərək öz təsirini qorumağa çalışır.

Digər tərəfdən, İran da fars dili siyasətini sistemli şəkildə həyata keçirir. Bu ölkədə fars dili təkcə dövlət dili deyil, həm də milli identikliyin və mədəni hegemonluğun əsas vasitəsidir. İranın çoxmillətli tərkibinə baxmayaraq, dövlət səviyyəsində fars dili dominant saxlanılır və digər etnik qrupların, o cümlədən 30 milyondan çox azərbaycanlının dil imkanları məhdudlaşdırılır. Bu siyasət nəticəsində İranda yaşayan azərbaycanlıların bir hissəsi tədricən ədəbi Azərbaycan dilindən uzaq düşür və dili yalnız məişət səviyyəsində qoruyur.

Belə şəraitdə Azərbaycanın öz dilini həm daxildə, həm də regionda gücləndirməsi təbii ki, bu dövlətlərin maraqları ilə ziddiyyət təşkil edir. Azərbaycan dilinin bölgədə nüfuzunun artması rus və fars dillərinin təsir dairəsinin daralması deməkdir ki, bu da Moskva və Tehran üçün strateji baxımdan arzuolunmaz bir vəziyyətdir.

Azərbaycan hər şeyə rəğmən bu istiqamətdə ardıcıl və mərhələli siyasət yürütməlidir. Əvvəlcə ölkə daxilində dilin tam dayanıqlığını təmin etmək, sonra isə xaricdə yaşayan azərbaycanlılar arasında ədəbi dilin bərpasını dəstəkləmək vacibdir. Bu, uzunmüddətli, strateji bir prosesdir.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.

araz.az xəbər portalı.