Son illərdə demokratik dövlət quruculuğu kursuna uyğun olaraq ölkəmizdə dərin islahatlar aparılır, savadlı və intellektual, yaradıcı gənc kadrlar idaretmədə və ictimai-siyasi proseslərdə irəli çəkilirlər.

Cənab Prezident gənclərə böyük etimad göstərir, parlamentdə, siyasi strukturlarda onların təmsil olunmasına geniş şərait yaradır.

Ölkəmizin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasında (YAP) da hər zaman yeni çağırışların fəlsəfəsinə uyğun olaraq yenilikçi, gənc kadrlara yer verilib.

Təsadüfi deyil ki, hələ 1993-cü ildə ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşən Ulu öndər deyirdi ki, dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik. Heydər Əliyev həmin dövrdə gənclərə partiyada böyük etimad göstərdi, 1995-ci ilin iyununda YAP Gənclər Birliyinin yaradılması əlamətdar hadisə kimi yadda qaldı.

Bu proses Cənab İlham Əliyevin dövründə də davam etdirildi, YAP-da yeniləşmə, təkmilləşmə kursu aparıldı.

Mehriban xanım Əliyevanın YAP Sədrinin Birinci müavini seçilməsi partiya həyatında böyük hadisə olmaqla, YAP-ın siyasi dinamiklyinin və nüfuzunun artmasında, ictimai proseslərə daha dərindən nüfuz etməsində, partiyanın ölkədə siyasi dialoqun möhkəmlənməsində rolunun yüksəlməsində, başqa ölkələrin siyasi təşkilatları ilə daha yüksək səviyyədə əlaqələrin qurulmasında mühüm rol oynadı.

Müasir siyasi reallıqlar isə dövlət idarəçiliyində olduğu kimi partiya idarəçiliyində də idarəetmənin daha da yenilənməsini tələb edir.

YAP-nın 2021-ci ildə keçirilən VII qurultayından sonra ölkəmizin siyasi mühitində də xeyli dəyişikliklər baş verib, öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmiş Azərbaycan Respublikasında ilk dəfə Prezident və Parlament, bələdiyyə seçkiləri keçirilib, seçkilərdə gənclərin təmslçiliyi daha da artıb. Bütün bunlar yeni siyasi münasibətlər sistemi və ictimai mühitin formalaşdığını göstərir.

Bu baxımdan düşünürəm ki, bu proseslər 34 ildir fəaliyyətdə və 33 ildir ki, iqtidarda olan hakim Yeni Azərbaycan Partiyasında da davam etdirilməli, YAP-da yeni islahatlar aparılmalıdır.

Qarşıda YAP-ın VIII qurultayının keçirilməsi gözlənilir. Bu, partiyada bir sıra struktur və idarəetmə dəyişikliklərini, gənc kadrların irəli çəkilməsini də labüd edir.

Mərkəzi Aparatda bəzi boşluqlar hiss olunur, daha dinamik və partiya strukturları ilə əlaqələndirici fəaliyyət üçün İdarəetmə Şurasının yaradılması daha yaxşı olardı.

Mən YAP Siyasi Şurasının üzvü olmuş şəxs kimi təklif edərdim ki, Azərbaycan gənclərinin sevimlisi Leyla xanım Əliyeva YAP-nın rəhbər qurumlarından birinə irəli çəkilsin.

Leyla xanım gənc nəslin ictimai-humanitar proseslərdə fəal iştirakı, çalışqanlığı ilə nümunəvi gənc lider kimi özünü doğruldub. Onun çoxşaxəli fəaliyyəti bir çox ölkələrin də ictimai sektorunda diqqətlə izlənilir, Heydər Əliyev Fondunun vitse-prezidenti və İDEA təşkilatının rəhbəri kimi ərsəyə gətirdiyi layihələr yüksək təşkilatçılıq qabiliyyətini əks etdirir.

Yeri gəlmişkən, ötən il Leyla xanımın fəaliyyətindən bəhs edən kitab nəşr edərək Onun zəngin fəaliyyətinin bir çox epizodlarını oxuculara çatdırmışam.

Ona görə də, Leyla Əliyevanın YAP rəhbərliyində təmsil olunmasını artıq siyasi reallıq hesab edirəm, inanıram ki, bu, cəmiyyətimizin bütün gənclərinin istəyidir.

İnanıram ki, Cənab Prezident, YAP Sədri İlham Əliyev yüz minlərlə gəncin bu arzusunu nəzərə alacaq.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.

araz.az xəbər portalı.