Pakistanın sabiq Baş naziri İmran Xanın müəmmalı şəkildə öldürüldüyü iddia olunurdu. Belə ki, Xanın bacıları – Norin Xan, Alima Xan və Uzma Xan 2023-cü ildən həbsdə olan qardaşları ilə görüş tələb etmək üçün Pakistan Təhrik-e-İnsaf (PTI) Partiyasının tərəfdarları ilə birlikdə etirazlarını bildiriblər. Lakin həbsxananın qarşısında toplanan partiya tərəfdarları polislərin hücumuna məruz qaldıqlarını deyiblər. İmran Xanla görüşə isə ümumiyyətlə icazə verilməyib.

“İslamabad Post” qəzeti Təhrik-e-İnsaf hərəkatının yaraqlılarının sabiq baş nazirin saxlanıldığı Adiala həbsxanasına girməyə cəhd etdiyini, İmran Xanın səhhəti ilə bağlı yayılan şayiələrin isə əsassız olduğunu yazıb. Eyni zamanda həbsxana rəhbərliyi də onun başqa yerə köçürülməsinə dair məlumatları təkzib edib.

İmran Xanın həbsdə öldürülməsi xəbərinin həqiqəti əks etdirmədiyi az-çox bəlli idi. Doğrudur, Pakistan tarixində nüfuzlu siyasi liderlərin müəmmalı şəkildə aradan götürülməsi halı ilk dəfə deyil. Məsələn, 2007-ci ildə keçmiş baş nazir Benazir Bhuttonun mitinq zamanı qətlə yetirilməsi ölkəni uzun müddət dərin siyasi böhrana sürükləmişdi. Nəticə etibarilə, İmran Xanın öldürülməsi də təccüblü olmazdı.

İmran Xan və onun həyat yoldaşı 2024-cü ilin yanvarında korrupsiya ittihamı ilə 14 il azadlıqdan məhrum edilib. Bununla yanaşı, o, dövlət sirrini yaydığına görə daha 10 il həbs cəzası alıb. Lakin Xan həbsdə olsa belə, ölkə siyasətinə təsir göstərə bilən fiqur olaraq qalır və geniş elektorata sahibdir.

İmran Xan siyasətə birdən-birə daxil olub hakimiyyətə gələn adam deyil. O, əvvəlcə ölkədə çox tanınan və hörmət edilən bir idman simvolu idi. Pakistanı dünya çempionluğuna çıxaran kriket kapitanı kimi xalq arasında böyük nüfuz qazanmışdı. Bu populyarlıq sonradan onun siyasi kapitalına çevrildi. O, Pakistan Təhrik-e-İnsaf Partiyasını quranda uzun illər boyu real siyasi gücə malik deyildi. Xüsusən ilk 10-15 beş il ərzində partiyası çox kiçik idi, özü isə korrupsiyaya qarşı çıxan, islahat tərəfdarı imici ilə daha çox idealist bir siyasətçi kimi görünürdü.

Zaman keçdikcə, ölkədə korrupsiya, iqtisadi çətinliklər, köhnə siyasi elitalara qarşı narazılıq artdıqca Xanın mesajları cəmiyyətdə daha geniş əks-səda tapmağa başladı. Bir tərəfdən onun “təmiz siyasət” və ədalət çağırışları, digər tərəfdən isə Pakistan ordusunun və təhlükəsizlik qurumlarının daxili siyasi balansda oynadığı rol Xanın yüksəlişinə dolayısı ilə şərait yaratdı. 2018-ci ildə isə o, artıq həm sıravi vətəndaşların, həm də hakimiyyət strukturlarının müəyyən hissələrinin dəstəyini arxasına almış, gücünün zirvəsinə çatmışdı. Elə xalq dəstəyi ilə institusional dəstəyin birləşməsi seçkilər zamanı ona hakimiyyət yolunu açdı.

Xanın bacıları və etirazçılar Adiala həbsxanansının qarşısında, 26.11.2025

Göründüyü kimi, belə bir şəxsin sıradan çıxarılması həm daxildə güc balansını dəyişə, həm də onun tərəfdarları ilə hakimiyyət arasında daha kəskin qarşıdurmaya səbəb ola bilər. Təcrübə göstərir ki, belə şəxslərin sərbəst qalması qədər ölümü də iqtidara sərf etmir. Ona görə İmran Xanın ölümü, yaxud bu və ya başqa formada sui-qəsdə məruz qalması inandırıcı deyildi.

Subyektiv görüşüm belədir ki, mövcud situasiya Xanın öldürülməsi və ya buna cəhd göstərilməsindən çox, onun həbsdən çıxarılması, hətta qanunsuz şəkildə qaçırılmasına hesablanıb. Belə bir şayiənin yayılması tərəfdarların onu həbsxanadan qaçırmaq üçün separatçı siyasi hərəkata başlamaq məqsədi güdmüş ola bilər. Başqa cür desək, plan öncə Xanın öldüyü iddiasını yayaraq qəzəbli kütlələri həbsxana önünə toplamaq, daha sonra isə onun sağ olduğunu bilib həyatının təhlükədə olması fikrini əsaslandıraraq həbsxanadan qaçırmaq idi.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.

araz.az xəbər portalı.