Ölkədə əziz xatirəsi həmişə böyük hörmət və ehtiramla anılan görkəmli dilçi-türkoloq alim, tanınmış ictimai-siyasi xadim, sabiq millət vəkili Həsən Mirzəyevin anadan olmasının 98-ci ildönümü də ictimaiyyət tərəfindən təntənəli şəkildə qeyd olunub.

Arazpress.com xəbər portalı bildirir ki, 1927-ci ilin noyabr ayının 26-sında Qərbi Azərbaycanın Dərələyəz mahalının Qovuşuq kəndində anadan olan filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor Həsən Mirzəyevin əziz xatirəsinə həsr olunan möhtəşəm tədbirlərdən biri onun sonuncu iş yerində — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində keçirilib.

Bu möhtəşəm tədbirdə ADPU-nun elmi heyəti, elm və təhsil qurumlarının nümayəndələri, ictimaiyyət üzvləri iştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Elmi-təşkilati şöbənin müdiri, professor İbrahim Bayramov, Türkoloji Mərkəzin Türk dilləri şöbəsinin müdiri, professor Mirvari İsmayılova, AMEA-nın Nəsimi adını Dilçilik İnstitutunun müdiri, professor Nadir Məmmədli, Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova və digərləri öz çıxışlarında görkəmli dilçi alim Həsən Mirzəyevin Azərbaycan dilçiliyinin inkişafındakı əvəzsiz xidmətlərini, Dərələyəz mahalının dil xüsusiyyətlərinin, şivələrinin, folklor ənənələrinin tədqiqi və elmə qazandırılması sahəsində dəyərli araşdırmalar apardığını, həmin bölgənin ədəbi-mədəni yaddaşının qorunmasında əhəmiyyətli rol oynadığını, bu mənəvi bağlılığın onun həm elmi fəaliyyətində, həm də poetik yaradıcılığında öz əksini tapdığını, Dərələyəz mövzusunun onun əsərlərində daim xüsusi yer tutduğunu bildiriblər.

Tədbir zamanı Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Könül Səmədovanın professor Həsən Mirzəyevin xatirəsinə həsr olunmuş “Qərbi Azərbaycan etnotoponimlərinin arealları” adlı kitabının təqdimatı da baş tutub. 4 dildə nəşr olunan kitabda hal-hazırda Ermənistan ərazisi hesab edilən tarixi Azərbaycan torpaqlarındakı etnotoponimlərin linqvistik təhlili verilib, bu ərazilərdə mövcud olmuş bir çox etnonimin türkdilli xalqların adları ilə bağlı olduğu elmi sübutlarla əsaslandırılıb.

Bu tədbirdə daim xatırlansı belə çıxışlar çox olub. Bu çıxışların hər birində Həsən Mirzəyevin doğrudan da böyük alim olduğu xüsusi olaraq vurğulanıb.

Qeyd olunub ki, orta məktəbi bitirdikdən sonra o, 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə isə, Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil alıb.

Əmək fəaliyyətinə 1950-ci ildə Qovuşuq kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə ali təhsilini başa vurduqdan sonra rayon Xalq Maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. 1959–1962-ci illərdə ADPU-nun Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturasında oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin universitetdə çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrində işləyib.

Həsən Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb.

Azərbaycan filologiya elminin inkişafında Həsən Mirzəyevin özünəməxsus yeri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınıb. Xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tarixin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Görkəmli alimin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb. O, eyni zamanda, mütəmadi surətdə bədii yaradıcılıqla məşğul olub.

Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilib. 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeninə, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.

Çıxışlar zamanı kədər və təəssüf hissləri ilə o da qeyd olunub ki, Həsən Mirzəyev 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat edib. Görkəmli türkoloq İkinci Fəxri xiyabanda dəfn olunub.

“Araz” Media Qrupunun kollektivi də görkəmli alimin əziz xatirəsini daim böyük hörmət və ehtiramla andığını bildirir. “Allah rəhmət eləsin! Qəbri nurla dolsun, məkanı cənnət, yeri behişt olsun!” — deyir.

Məhi ELSEVƏR,

araz.az xəbər portalı.