
Böyük Britaniya və Norveç Arktikada Rusiyaya qarşı mübarizə aparmaq və kritik sualtı infrastrukturu qorumaq üçün birgə donanma yaradacaq. Məlumata görə, Rusiya gəmilərinin Birləşmiş Krallıq yaxınlığında fəaliyyəti son illərdə 30 faiz artıb. Yeni saziş, dağıdılması infrastruktur üçün ciddi nəticələrə səbəb ola biləcək dənizaltı kabel və boru kəmərlərinin mühafizəsi üçün nəzərdə tutulub.
Böyük Britaniyanın Baş naziri Keyr Starmer məsələ ilə bağlı deyib: “Dərin qlobal qeyri-sabitliyin mövcud olduğu, sularımızda daha çox Rusiya gəmisinin göründüyü bir vaxtda biz milli təhlükəsizliyimizi qorumaq üçün beynəlxalq tərəfdaşlarımızla işləməliyik. Norveçlə bu tarixi razılaşma sərhədlərimizi və ölkələrimizin asılı olduğu kritik infrastrukturu qorumaq qabiliyyətimizi gücləndirir”.
İlk öncə onu qeyd edim ki, Böyük Britaniya ilə Norveç arasında təhlükəsizlik sahəsində əməkdaşlıq yeni deyil. Xüsusilə də İkinci Dünya müharibəsi dövründə London və Oslo çox yaxın müttəfiq idilər. Norveç Almaniya tərəfindən işğal olunanda, Britaniya bu ölkəyə həm hərbi, həm də siyasi dəstək verən əsas dövlətlərdən biri idi. Hətta Norveç kral ailəsi və hökuməti Britaniyaya sığınıb və müharibə boyunca London Oslonun sürgündə fəaliyyət göstərən hökumətinə ev sahibliyi edib. Öz növbəsində Norveç dəniz qüvvələrinin böyük hissəsi də Britaniyanın yanında mübarizə aparırdı. Hətta bu ölkənin ticarət donanması və dənizçiləri müttəfiqlər üçün həyati əhəmiyyət daşıyan təchizat marşrutlarının qorunmasında mühüm rol oynayırdı.
Britaniyanın Baş naziri Keyr Starmerin açıqlaması da məhz bu kontekstdə oxunmalıdır. Onun “dərin qlobal qeyri-sabitlik” və “sularımızda daha çox Rusiya gəmisi” ifadələri Londonda yaranan strateji narahatlığı göstərir. Bu saziş Norveçin Arktika təcrübəsi və coğrafi mövqeyi ilə Britaniyanın dəniz qüvvələrinin imkanlarını birləşdirərək, həm NATO daxilində koordinasiyanı gücləndirir, həm də Rusiyaya qarşı preventiv siqnal verir.
Lakin bunlara baxmayaraq, prosesin Rusiya təhdidindən çox daha fərqli bir motivi də var. Məsələ ondadır ki, Arktikanın buzlarının əriməsi ilə yeni ticarət yollarının açılması, enerji ehtiyatlarına çıxış uğrunda rəqabət və Moskvanın regionda təsirini artırmaq məqsədi, London və Oslonu daha fəal addımlar atmağa sövq edir. Birgə donanmanın yaradılması məhz bu yeni geopolitik reallığa uyğunlaşma cəhdi, bir növ “müdafiəni sərhədlərdən kənarda başlatmaq” yanaşmasıdır.
Əslində, Arktika uğrunda yarış çoxdan başlayıb. Məsələn, bir müddət öncə ABŞ Prezidenti Donald Trampın Danimarkadan Qrenlandiyanı istəməsi və ya Çinin Rusiyanın Arktik hövzədəki ərazilərində elmi təcrübələr aparmaqla bağlı razılaşması buna nümunə ola bilər. London bu yarışda geri qalmaq istəmir və Oslo ilə əməkdaşlığı hərbi kontekstdə sürətləndirib. Ona görə də, bu razılaşma həm Britaniya və Norveçin milli təhlükəsizlik konsepsiyalarında transformasiyanın göstəricisidir, həm də Avropa təhlükəsizliyinin gələcək arxitekturası üçün mühüm siqnaldır.
Arktika artıq təkcə təbiət və elmi araşdırmalar regionu deyil – burada hərəkət edən kabel, boru kəməri və gəmilər böyük güclərin rəqabət xəttinə çevrilir və sözügedən saziş həmin xəttin daha aydın şəkildə çəkilməsidir.

Turan RZAYEV,
politoloq.
araz.az xəbər portalı.