Dekabrın 19-da Azərbaycan Milli Xalça Muzeyində rəssam Emil Əzizin “Naxış və siluet” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib. Bu barədə Muzeyin mətbuat xidmətindən Arazpress.com-a daxil olan məlumatda deyilir ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova, millət vəkili, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova çıxış edərək milli xalça irsinin qorunması və müasir incəsənətdə yaşadılmasının əhəmiyyətindən, gənc rəssamların bu prosesdə rolundan danışıblar, sərginin ideya-məzmun baxımından aktuallığını vurğulayıblar. Rəssam Emil Əziz çıxışında “Naxış və siluet” sərgisinin ideya mənbəyindən bəhs edib, Qarabağın zəngin xalça ornamentlərini müasir bədii dil vasitəsilə yenidən düşünmək və bu irsi gələcək nəsillərə ötürmək niyyətini diqqətə çatdırıb.
Sərgidə müəllifin mövzu müxtəlifliyi ilə seçilən 50 əsəri nümayiş olunur.

Qarabağın zəngin mədəni irsini müasir vizual dildə təqdim edən sərginin əsas ideyası xalça ornamentlərinin minilliklər boyu qoruduğu yaddaşı XX-XXI əsrlərin estetik duyumu ilə birləşdirməkdir.

Sərgidə qədim xalça naxışları ilə vəhdətdə təsvir olunan Qarabağ atları, həmçinin qadın portretləri xüsusi yer tutur. Atın hərəkəti, gücü və poetik silueti ornamentlərin strukturlaşdırılmış ritmi ilə ahəngdarlıq təşkil edir. Digər əsərlərdə isə xalça motivləri qadının kimliyi, ruhu, keçmişlə əlaqəsi və müasir dünyada özünüifadə forması kimi təqdim olunur.

Ənənənin müasirliklə qovuşduğu “Naxış və siluet” sərgisi Qarabağın mədəniyyət xəzinəsinin qorunduğunu, eyni zamanda yenidən interpretasiya edilərək gələcəyə daşındığını göstərən sənət manifestidir.
Azərbaycan Milli Xalça Muzeyi xalqımızın zəngin xalça irsindən bəhrələnərək yeni əsərlər yaradan gənc rəssamlara daim dəstək göstərir. Bu baxımdan “Naxış və siluet” layihəsi milli irsin müasir təqdimatı istiqamətində növbəti əlamətdar hadisədir.

Sərgi 21 dekabr tarixinədək davam edəcək.

araz.az xəbər portalı.