
“Azərbaycan Hava Yolları”nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğramasından bir il ötür. Qəzada kapitan İgor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva başda olmaqla 38 nəfər həyatını itirib, digər iki bələdçi Zülfüqar Əsədov və Aydan Rəhimli ilə yanaşı 29 nəfər yaralanıb. Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər olub.
İlkin araşdırma nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” HHM sistemi tərəfindən hücuma məruz qalıb.Rusiya tərəfinin REM sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib.
Qəza xəbərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərini yarımçıq qoyaraq, Bakıya qayıdıb.
Dövlət başçısı Bakıya qayıdan kimi hava limanında hadisə ilə bağlı müşavirə keçirib.
Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədov rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə təyyarənin həlak olan ekipaj üzvləri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər, dövlət başçısı onların vida mərasimində iştirak edib. Sağ qalan ekipaj üzvləri 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltib ediliblər.
2025-ci il oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü baş tutub. Rusiya Prezidenti görüşdə istintaqın başa çatmaq üzrə olduğunu bildirərək, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini qeyd edib.
Turan RZAYEV
VİDEOYA BAX:
https://www.facebook.com/share/r/1AbtdQYPkd/
araz.az xəbər portalı.