İranda baş verən son proseslər və dini rejimə qarşı etiraz edən insanların gülləbaran edilməsi yaxın coğrafiyamızda vəziyyətin olduqca kritikləşməsindən xəbər verir.

Bəziləri xalqın etiraz yürüşlərinə Qərbdən —  ABŞ-dan dəstək gələcəyini və hətta “xarici müdaxilə” nəticəsində dini rejimin yıxılacağını düşünsə də, bu ehtimalın inandırıcılıq gücü zəifdir. Çünki İranda cəmiyyətin böyük kəsimlərində Amerikaya və İsrailə qarşı nifrət hissi güclüdür. Müdaxilə isə etirazları daha da səngitməklə hakimiyyətin daha çox xeyrinə ola bilərdi.

Əlbəttə, ABŞ və Avropa baş verənləri çox dəqiqliklə izləyir, prosesin tam “yetişməsini”, Trampın da dilindən qaçırdığı kimi “kimin önə çıxacağını görmək” istəyir. Çünki xalqı birləşdirən yetkin və nüfuzlu liderin və etirazçıları birləşdirəcək siyasi hərəkatın olmaması inqilabın baş verməsini sona çatdırmadı.

Önə çıxacaq – mücadilə ideyasını və xalqı mütəşəkkil şəkildə vahid həmrəylik blokunda cəmləşdirəcək rəhbərin yoxluğu Qərb tərəfindən açıq etiraf edilir. Çoxları fikirlərşir ki, xalq Qərbə sığınmış şahın oğlu Rza Pəhləvini dəstəkləyə bilərdi. Beynəlxalq siyasi beyin mərkəzləri çox yaxşı bilirlər ki, liberal iranlıların Cevad şah şüarları – keçmiş şahın oğluna dəstək sloqanları siyasi ehtirasların öləzimiş instiktidir. “Cevad şah” heç bir siyasi nüfuza malik deyil və birləşdirici fiqur xarizması və ya geridönüşü sıfıra bərabərdir. Çünki Pəhləvi faktoru İranda birləşdirici yox, əksinə ayırıcı fiqurdur.

Məhz Pəhləvi obrazından məharətlə istifadə edən Xamenei rejimi etirazçılar arasındakı birliyi pozdu, araya üçüncü qüvvəni saldı və dinə nifrət edən şahpərəstlərin “məscid yandırmalarını”, “müqəddəs dəyərlərə qarşı hörmətsizlik rituallarını” çox ustalıqla təşkil edərək milli birliyə zərər vurdu.

Bütün bunlara baxmayaraq, İran cəmiyyəti və dövləti radikal dəyişikliklər astanasındadır və post-Xamenei dövrünün başlanması üçün şərait yetişməkdədir.

İranın tanınmış ictimai xadimləri və sağlam düşüncə sahibləri də artıq Tehrandakı dini rejimin ölkəni idarə bilmək potensialının bitdiyini, Dini Şuranın milli dövlət maraqlarına zərər verdiyini etiraf edirlər.

Tanınmış hüquq müdafiəçisi, 2003-cü il Nobel Sülh mükafatı laureatı olmuş Həmədanlı Şirin Ebadi son baş verən hadisələrin mümkün həll yolu kimi Xamenei komandasının könüllü şəkildə hakimiyyətdən çəkilməsini məsləhət bilir. İranlı məşhur kinorejissor Möhsün Məxməlbaf isə hazırkı ifarəşiliyin İranı arzuolunmaz qaranlıq tunelə aparacağından narahalığını ifadə edib.

Gerçək siyasi situasiya ondan ibarətdir ki, artıq İranda dini idarəçilik stereotipi dağılıb, Xameneinin obrazında islam dövləti məfhumu cəmiyyətdə ikrah doğurur. Hətta dini ideologiyanın tərəfdarları da “Vilayəti-fəqih” üsül-idarəsinin süquta uğradığını anlayırlar. Çünki molla rejimi bütün dünya ilə normal münasibətlərdən, inteqrasiyadan, sivil tərəfdaşlıqdan məhrumdur, özünütəcrid siyasəti başqa ölkələrə düşmən münasibəti formalaşdırır.

Dini hakimiyyətin konkret proqramı, gələcəyə baxışı, strateji məqsədi bəlli deyil. Ona görə də, bu cür idarəçiliyin davam etməsi mümkün deyil. Mövcud rejim qəddarlıqla kütləvi etiraz dalğasının qarşısını almağa çalışsa da, izdihamlı fırtına qaçılmazdır.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.

araz.az xəbər portalı.