
Bu gün uzun müddət Ali Məhkəmənin, sonra isə Konstitusiya Məhkəməsinin hakimi, milliyyətcə gürcü olan Rafael Qvaladze dəfn edildi. Bu dəfndə ən çox diqqət çəkən məqam təqaüddə olan hakimin dəfninə qəbirstanlığa gələnlər idi, özü də tək insanların çoxluğu yox, həm də tərkibi idi. Bu dəfndə təkcə Rafiq müəllimin işlədiyi sonuncu kollektivin bütün üzvlərindən başqa, onunla uzun illər əvvəl birlikdə işləmiş çoxsaylı həmkarları, onu tanıyanlar var idi. Aralarında çoxları uzun müddət görmədiyim, işlədiyi dövrdə müsbət tərəfdən tanınan keçmiş məhkəmə, prokurorluq və digər orqanlarda işləmiş yaşlı insanlar idi. Hər biri də Rafiq müəllim (adı Rafael olsa da hamı ona Rafiq deyə müraciət edirdi) haqqında sanki doğması kimi danışırdı.
Mən onu Azərbaycana gəldiyim ilk günlərdən Ali Məhkəmədə prokuror kimi işlərə çıxanda tanımışdım. Əksəriyyət Ali Məhkəmə işçiləri mənə bir yad insan kimi baxsalar da Rafiq müəllim ilk günlərdən mənimlə sanki çoxdan tanımış kimi davrandı. Haralı olduğumu bilən kimi aşıq Ələsgərdən şeirlər, qoşmalar dedi. Ən maraqlısı da o idi ki, mən aşıq Ələsgər poeziyasına bələd olsam da onun qədər şeir bilmirdim. Ən təəccüblüsü isə o idi ki, Rafiq müəllim aşıq Ələsgərin çap olunmamış məzəli şerlərini də bilirdi. O gündən 15 dekabr 2025-ci ilə qədər daim təmasda olduq. Mənim ən ağır vaxtlarımda, çoxları mənə salam verməyə çəkinəndə də Rafiq müəllim rəhmətlik Mahir Muradovla hər dəfə mənimlə Nizami küçəsində (hər ikisi həmin ərazidə yaşayırdılar və çox vaxt qoşa gəzərdilər) görüşəndə hökmən dayanıb zarafatlaşardılar. Ən çox eşitdiyim də “Aslan, barıtı biraz az elə” cümləsi idi.
Rafiq müəllimi fərqləndirən tək onun insan kimi mükəmməl, xoşniyyətli, zarafatcıl və səmimi olması deyildi. O, heç vaxt nə ədalət hissini itirdi, nə də mərhəmət hissindən uzaq düşdü. Onu dəyərli edən xüsusiyyətlərindən biri də o idi ki, o, milliyyətcə gürcü olsa da həm Ali Məhkəmədə, həm də Konstitusiya Məhkəməsində işləyən hakimlər içində azərbaycan dilində ən xalis yazan və danışanların ilk sıralarında idi. Rafiq müəllim hüququ, onun fəlsəfəsini dərindən bilirdi və bu biliklə hamı ilə, xüsusilə gənclərlə paylaşırdı. Bunun müqabilində də Rafiq müəllim hər iki kollektivdə ən sevimli insan idi desəm yanılmaram. Hüquqşünaslar daim bir-birinin arxasından danışmağı sevəndirlər. Rafiq müəllim haqqında isə bu günə qədər pis danışan demirəm, neytral olan hüquqşünas belə görmədim.
Onunla son günlərə qədər tez-tez danışardıq. 2025-ci il 15 dekabrda, artıq vəziyyətinin ağırlaşdığını görəndə ona zəng etmədim, səs mesajı göndərdim. Vəziyyətinin ağır olmasına baxmayaraq mənə səsli cavab göndərdi. Ona ünvanladığım həmin səsdə dediklərimi bu gün burada da təkrarlayıram. İnsanlar 100 il də yaşaya, milyonlar, milyardlar sahibi də ola bilərlər. Ancaq Rafiq müəllim kimi gürcü ola-ola Azərbaycanı onun kimi sevmək və azərbaycanlılar tərəfindən də onun kimi sevilmək ancaq seçilmişlərə qismət ola bilər.
Allah rəhmət eləsin, Rafiq müəllim, nur içində yat.

Aslan İSMAYILOV
araz.az xəbər portalı.