Azərbaycan, ABŞ Prezidenti Donald Trampın Qəzzanın yenidən bərpası və idarə olunması ilə bağlı təsis etdiyi Sülh Şurasına təsisçi üzv olmaq təklifini qəbul edib. Ölkəmizin bu Şurada təsisçi üzv kimi iştirak etməsinin bir neçə məqsədi ola bilər.

Birinci səbəb ondan ibarətdir ki, Azərbaycan bu təşəbbüsü hərbi və ya blok xarakterli qurum kimi deyil, məhz Qəzzanın yenidən bərpası və idarə olunmasına yönəlmiş mexanizm kimi dəyərləndirərək qəbul edib. Bakı üçün əsas məqam prosesin mahiyyətidir.

Müqayisə üçün qeyd etmək olar ki, Azərbaycan bundan əvvəl BMT Təhlükəsizlik Şurasında Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsi ilə bağlı ABŞ-ın təqdim etdiyi qətnaməni dəstəkləsə də, əraziyə hərbi kontingent göndərməkdən imtina edib.

Bundan əlavə, Azərbaycan son illər beynəlxalq müstəvidə özünü post-münaqişə təcrübəsinə malik, neytral və konstruktiv aktor kimi qəbul etdirə bilib. Belə platformalarda Bakının iştirakı həm prestij, həm də təcrübə baxımından mühüm əhəmiyyət daşıyır.

İkinci mühüm məqam Bakının Vaşinqtonla münasibətlərə verdiyi xüsusi əhəmiyyətlə bağlıdır. Trampın şəxsi təşəbbüslərinə yaxın olmaq ölkəmiz üçün Vaşinqtonda əlavə siyasi manevr imkanları yarada bilər. Bu baxımdan, Azərbaycan təklifi həm təşəbbüsün mahiyyətinə görə, həm də gələcək diplomatik balansı qorumaq və proseslərdən kənarda qalmamaq məqsədilə qəbul edib.

Üçüncü amil isə, Qəzza məsələsinin Bakı üçün hazırda xarici siyasətdə prioritet istiqamət olmasa da, diqqətlə izlənilən mövzulardan biri olmasıdır. Proses həm İslam coğrafiyası, həm də Türkiyə kontekstində Azərbaycan üçün əhəmiyyətlidir. Məsələn, Türkiyə mətbuatında səsləndirilən bəzi yersiz iddiaların əksinə olaraq, Bakı Fələstin–Qəzza məsələsinə biganə deyil və müttəfiqi Türkiyənin prioritet hesab etdiyi bu mövzuya müttəfiqlik münasibətləri çərçivəsində maraq göstərir.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.

araz.az xəbər portalı.