ADPU-nun Filologiya fakültəsində Özbək dili və ədəbiyyatı auditoriyasının rəsmi açılış mərasimi keçirilib. Arazpress.com bildirir ki,  yeni yaradılmış auditoriya tələbələrin özbək dilini daha dərindən öyrənməsi, həmçinin zəngin özbək ədəbiyyatı və mədəniyyəti ilə yaxından tanış olması məqsədilə fəaliyyət göstərəcək.

Qeyd edək ki, auditoriya müasir texniki avadanlıqla təchiz olunub, özbək dili üzrə dərs vəsaitləri, ədəbi nümunələr və elmi mənbələrlə zəngin kitab guşəsi yaradılıb. Həmçinin burada özbək xalqının milli geyimləri, mədəni atributları sərgilənir.

Açılış mərasimində universitet rəhbərliyi, professor-müəllim heyəti və qonaqlar iştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova və başqaları çıxış edərək Azərbaycan ilə Özbəkistan arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin elm və təhsil sahəsində də uğurla inkişaf etdiyini vurğulayıblar. Yeni auditoriyanın iki ölkə arasında əməkdaşlığın genişlənməsinə və ortaq mədəni irsin təbliğinə mühüm töhfə verəcəyini qeyd ediblər. Onlar vurğulayıblar ki, Özbək dili və ədəbiyyatı auditoriyasının yaradılması beynəlxalq əlaqələrin genişləndirilməsi, tələbə-müəllim mübadiləsinin təşviqi və ortaq elmi layihələrin həyata keçirilməsi baxımından yeni imkanlar açır.

Ardınca iştirakçılar Mahirə Nağıqızının “Əsr türkün əsridir” şeirinin sözlərinə bəstələnmiş musiqini dinləyib, həmçinin fakültənin professor-müəllim heyətinin Özbəkistana səfərləri çərçivəsində baş tutan görüşlərə həsr olunmuş videoçarxa baxıblar. Sonda xatirə şəkli çəkdirilib.

 

araz.az xəbər portalı.