Masallı rayonunda həyata keçirilən quruculuq işləri, sosial layihələr və insanlara göstərilən diqqət hər zaman rayon sakinlərinin diqqət mərkəzində olub. Lakin çoxları bilmir ki, bu gün Masallıya rəhbərlik edən şəxs – Masallı Rayon İcra Hakimiyyətinin başçısı, general-mayor cənab Araz Əhmədov təkcə idarəçi deyil, həm də həyatını Vətənə və insanlara xidmətə həsr etmiş qəhrəman bir zabitdir.

“Masallı Xəbərləri MİP ”in təsisçisi və Baş redaktoru Rauf Cəbiyev tərəfindən həyata keçirilən Şəmkir səfəri zamanı təsadüfi qarşılaşma nəticəsində illərlə gizli qalmış, çoxlarının bilmədiyi maraqlı və qürurverici bir hadisənin detalları məlum olub:

“Şəmkir rayonunda yerləşən parklardan birində rayon sakini, keçmiş hərbçi və zabitlərdən biri ilə baş tutan söhbət zamanı Masallıdan olduğumuzu öyrənən həmin şəxs dərhal cənab Araz Əhmədovun adını çəkərək onun sərhəd qoşunlarında xidmət etdiyi illərdə göstərdiyi böyük qəhrəmanlıqdan danışmağa başlayıb. Adının açıqlanmasını istəməyən keçmiş zabitin söylədikləri bizi həm qürurlandırdı, həm də bir daha sübut etdi ki, bəzi insanların həyat yolu sadəcə vəzifə deyil, əsl şərəf və fədakarlıq nümunəsidir.

Keçmiş zabitin sözlərinə görə, hadisə cənab Araz Əhmədovun Şəmkir istiqamətində sərhəd zastavasında otryad komandiri vəzifəsində çalışdığı dövrə təsadüf edir. Həmin illərdə sərhəd bölgələrində vəziyyət olduqca gərgin idi. Qaçaqmalçılıqla mübarizə aparan sərhədçilər daim təhlükə ilə üz-üzə qalırdı. Məhz belə günlərin birində komandirin yaxın zabitlərindən biri qaçaqmalçılar tərəfindən girov götürülür.

Məlumat daxil olan andan etibarən cənab Araz Əhmədov ilk növbədə zabitinin həyatını xilas etməyi düşünür. Əməliyyat planları hazırlanır, müxtəlif yollar yoxlanılır, girovun azad edilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Lakin görülən bütün cəhdlər nəticəsiz qalır. Hər keçən dəqiqə isə girov zabitin həyatı üçün daha böyük təhlükə yaradırdı.

Məhz bu məqamda əsl komandir xarakteri ortaya çıxır.

Keçmiş zabitin bildirdiyinə görə, vəziyyətin çıxılmaz olduğunu görən cənab Araz Əhmədov çox ağır, lakin qəhrəmanlıq nümunəsi sayılacaq bir qərar qəbul edir. O, öz zabitinin həyatını xilas etmək üçün şəxsi təhlükəsizliyini düşünmədən özünü girov kimi təklif edir. Yəni qaçaqmalçılarla aparılan danışıqlar nəticəsində zabit azad edilir, əvəzində isə komandir özü girov qalır.

Bu, sadəcə hərbi qərar deyildi. Bu, komandirin öz əsgərinə, xidmət yoldaşına və Vətən qarşısındakı məsuliyyətinə verdiyi dəyərin göstəricisi idi. Hər insan belə addım ata bilməzdi. Çünki burada söhbət vəzifədən yox, insanın canını ortaya qoymasından gedirdi.

Əldə etdiyimiz məlumatlara görə, hadisənin bir çox detalları bu gün də ictimaiyyətə açıqlanmır. Bunun səbəbi isə əməliyyat sirrləri və dövlət təhlükəsizliyi ilə bağlı məqamların olmasıdır. Lakin məlum olan budur ki, sonradan həyata keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçı zərərsizləşdirilir və cənab Araz Əhmədov girovluqdan azad olunur.

Onun göstərdiyi bu böyük şücaət dövlət tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən cənab Araz Əhmədov ölkənin ali təltiflərindən biri hesab olunan “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilir. Bu orden təsadüfi verilən mükafat deyil. Bu orden Vətənə sədaqətin, qəhrəmanlığın və dövlətə xidmətin simvoludur.

Bu gün Masallıya rəhbərlik edən insanın keçmişinə nəzər saldıqda aydın görünür ki, o, təkcə inzibati rəhbər deyil. O, çətin anlarda məsuliyyəti öz üzərinə götürən, insan həyatını hər şeydən üstün tutan, illərlə dövlətə və xalqa sədaqətlə xidmət edən bir generaldır.

Masallı sakinləri belə bir rəhbərlə qürur duymağa tam haqqı olan insanlardır. Çünki hər rayonun taleyinə həm idarəçilik təcrübəsi, həm də qəhrəmanlıq yolu keçmiş bir şəxs nəsib olmur.

Bəzən insanların ən böyük qəhrəmanlıqları geniş auditoriyalara məlum olmur. Onlar tarix kitablarına düşməsə də, həmin insanların həyatını xilas etdiyi şəxslərin yaddaşında və xalqın qəlbində yaşayır. Cənab Araz Əhmədovun həyat yolu da məhz belə örnəklərdəndir — səssiz, təmkinli, amma böyük fədakarlıqlarla dolu bir ömür yolu.

Şəmkir səfərimiz zamanı eşitdiyimiz bu hadisə bir daha göstərdi ki, Masallıya rəhbərlik edən şəxs illər öncə sərhəddə Vətəni qoruyan, lazım gəldikdə isə öz həyatını təhlükəyə atan əsl Azərbaycan zabitidir.

Qeyd edək ki, cənab Araz Əhmədov l Qarabağ müharibəsi iştirakçısıdır. O, səngərlərdə əsgərlərlə birgə döyüşmüş Azərbaycan vətəndaşıdır.

Rauf CƏBİYEV 

P.S. Cənab Araz Əhmədovun imza atdığı tarixi hadisəni ətraflı yazmırıq. Lakin bu tarixi hadisə Azərbaycanın tarixinin ön səhifəsində qızıl hərflərlə yazılıb!”.

 

araz.az xəbər portalı.