Tanınmış vəkil Gülnar Nəzərli həqiqətləri üzə çıxarır və jurnalist araşdırmasının nəticələri deyilənləri təsdiqləyir

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Avropa Universal Döyüş Federasiyasının prezidenti, əczaçılıq elmləri namizədi, dövlət başçısının Sərəncamına əsasən “Əməkdar həkim” fəxri adına layiq görülən ehtiyatda olan general-mayor Natiq Əliyev barəsində Arazpress.com xəbər portalında bir müddət öncə yayımlanan məqalələrlə bağlı redaksiyamız açıqlama xarakterli təkzib vermək istəyir.

Belə ki, təsisçisi və Baş redaktoru olduğum “Araz” Media Qrupu MMC-nin tərkibindəki Arazpress.com xəbər portalında dərc edilən yazılarla bağlı general-mayor Natiq Əliyevin müraciəti əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrinin tələblərinə uyğun olaraq, bu media qurumunun rəhbəri kimi barəmdə xüsusi ittiham qaydasında məhkəmə prosesi başlayıb. Tanınmış vəkil Gülnar Nəzərli məhkəmə prosesində iddiaçının şikayətini müdafiə etməkdədir.

Hakim məhkəmə baxış iclasları başlamazdan öncə tərəfləri barışığa dəvət edəndən sonra vəkil xanımla məqalələrdə məhkəmə prosesinin keçirilməsinə əsas verən bəzi məqamlara aydınlıq gətirmişik. Əsil həqiqəti ortaya qoyan vəkil xanım yazılarda ölkədə nüfuz sahibi bir generalın şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatların yayıldığını, bunların əsassız olduğunu israrla diqqətimə çatdırıb. Deyilənlər redaksiyamız tərəfindən təkrar jurnalist araşdırması aparmağa əsas verib.

Araşdırma nəticəsində müəyyən olunub ki, həmin məqalələrdə yazılanlar bizə məhz istefada olan bu tanınmış generalın adından məqsədyönlü şəkildə sui-istifadə edən və yazıda adları günahkar kimi çəkilən digər şəxslərin doğulduğu Quba rayonunun Digah kəndində, onlarla münaqişəsi olanlar tərəfindən redaksiyamıza verilən məlumatlar, eləcə də, Natiq Əliyevin birinci ailə üzvlərinin dedikləri əsasında qələmə alınıb. Ələlxüsus, heç bir sübuta əsaslanmayan mülahizə və məlumatlar əsasında hazırlanan və general-mayorun adı açıq şəkildə çəkilən əsas yazıda — “Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən acı nəticəli bəd əməllər qəbuledilməzdir: Maddələr hansı cəzaları tələb edir?” sərlövhəli məqalədə yanlışlıqlar var.

Doğrudan da, şikayətçinin barəsində səsləndirilən məlumatlar həqiqətə uyğun deyil və ictimayyətin diqqətini yazılarda qeyd olunan digər maraqlı məlumatlardan yayındırmaq məqsədi daşıyır və heç bir hüquqi əsası yoxdur. Məqalədə Natiq Əliyevin adının çəkilməsi həmin şəxslərin istəyinə uyğun formada təşkil olunub. Məlum səs-küylü “Tərtər işi” ilə bağlı həbs olunub, sonradan bəraət alanların dedikləri əsasında qələmə alınanların da bu yazıların mövzusuna və şikayətçiyə heç bir dəxli olmadığı üzə çıxdı. Onun tibbi terrorla məşğul olan saxta dərman istehsalçısının və digər cinayətkar şəbəkə üzvlərinin himayəçisi olduğu ilə bağlı yazılanlar da həqiqətə uyğun deyil.

General-mayor Natiq Əliyevin ikinci dəfə qurduğu ailə və nikahla bağlı yazılanlara da əsas yoxdur. Belə ki, o, yazılarda deyilənlər kimi, hansısa maraqlara görə yox, 30 ilə yaxın müddət ərzində sevdiyi bir xanımla münasibətlərini rəsmiləşdirib. Yəni, evlənmənin qanuni şəklə salınmasında general-mayor Natiq Əliyev tərəfindən qanundankənar heç bir pozuntuya yol verilməyib.

Aydın görmək olur ki, hər bir bəd əməl sahibinin ortada baş verən hadisələri başqa yöndən yozması əsassızdır və faktlar deyilənləri təkzib edir. Elə, bu məqalələrdə səsləndirilən və əsasını tapmayan iddialara görə şikayətçi şəxs general-mayor Natiq Əliyev və xanımı Könül Hacıyeva barəsində belə əsassız məlumatları yaydığımıza görə təəssüf hissi keçirdiyimizi ifadə etməklə, onun işgüzar nüfuzuna ciddi xələl gətirən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyir, redaksiyamız adından üzr istəməklə, təkzib verirəm. Təkzibin həmin məqalələrin yığıldığı şriftlə və “Təkzib” başlığı altında yerləşdirilməsini və şikayətçi ilə barışığa getməyi vacib hesab edirəm.

Bu media vasitəsinin rəhbəri olaraq, bu təkzib yazısıyla həm də dövlət adından ona etibar edilmiş vəzifə və digər işlərin öhdəsindən layiqincə gəlməyi bacaran general-mayor Natiq Əliyevi yaxşı yöndən tanıdığımı, barəsində yazılanların görməzlikdən gəlinməsi hesabına baş verdiyini və bundan sonra onun adından sui-istifadə edənlərə qarşı olacağımızı da bəyan edir, bunun ölkənin mətbuat haqqında qanunlarının tələblərinə uyğun olduğunu, media meydanının qərəzin və çirkin məqsədlərin deyil, ədalətin meydanı olduğunu bildiririk.

Vəkil xanım Gülnar Nəzərliyə də reallığın aydınlaşması, əsil həqiqətlərin ortaya çıxarılması və barışığın əldə olunması üçün atdığı addımları yüksək səviyyədə qiymətləndirib, ona öz dərin minnətdarlığımı çatdırıram. Doğrudan da, belə vəkillər sayəsində ölkənin media vasitələri hüquqi biliklərə əsaslanaraq, ədalətin bərqərar olması, sübutların toplanması və məhkəmədə müdafiə olunan şəxsin haqqının sübut edilməsi vasitəsilə həqiqətləri üzə çıxarır. Onların əsas funksiyası araya qərəz toxumu səpmək yox, zəruri sənədlər əsasında obyektiv mənzərəni hüquqi çərçivədə təqdim etməkdir. Bir sözlə, vəkil xanımın hüquq sistemində həqiqəti üzə çıxarmaq, hadisələrin əsl mahiyyətini aydınlaşdırmaq üçün atdığı əsas addımlar təqdirəlayiqdir.

Qarşı tərəfin istəyinə uyğun Təkzibi şəxsi imzamla təsdiq edirəm:

Hüseyn Mustafayev,
“Araz” Media Qrupu MMC-nin təsisçisi və Baş redaktoru

araz.az xəbər portalı.