Barəsində yazdığım və 70 illik yubileyini qeyd etdiyimiz bu gözəl xanım yalnız yazının sərlövhəsində göstərdiyim xarakter sahibi deyil, eyni zamanda, ətrafına sevgi və işıq saçan nəcib xüsusiyyətləri, yüksək mənəvi keyfiyyətləri ilə seçilən özünə hörmət, mədəniyyət, dürüstlük, mərhəmət, müdriklik, iradə, mənəvi saflıq və zəriflik nümunəsi, alilik və ülvilik timsalıdır. O, harada işləməsindən asılı olmayaraq, həm də özünü hər zaman cəmiyyətin həyatında önəmli rol oynayan Azərbaycanın seçilən qadınlardan biri kimi tanıdıb…  

…Qərbi Azərbaycanın Dağ Borçalı mahalındakı qədim Hamamlı rayonunun Qursalı kəndində dünyaya göz açan Sona Sadıx qızı Salmanova Azərbaycan qadınının zəhmətkeşliyini, müdrikliyini və yüksək mənəvi keyfiyyətlərini öz şəxsiyyətində birləşdirən görkəmli ziyalılardan biridir. O, ömrünün böyük hissəsini hüququn aliliyinə, ədalətin qorunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə həsr etmiş, ölkəmizin məhkəmə-hüquq sisteminin inkişafında mühüm xidmətlər göstərmişdir.

Sona xanımın həyat yoluna nəzər saldıqda bir azərbaycanlı xanımında olan biliyə və əzmkarlığa heyran olmamaq mümkün deyildir. Hüquq təhsili aldıqdan sonra məhkəmə sistemində müxtəlif məsul vəzifələrdə çalışmış, peşəkar fəaliyyəti, prinsipial mövqeyi və yüksək təşkilatçılıq bacarığı ilə seçilərək Azərbaycan Respublikasının ali məhkəmə hakimiyyəti orqanlarında layiqli yer tutmuşdur. Onun uzun illər ərzində həyata keçirdiyi fəaliyyət hüquqi dövlət quruculuğuna, konstitusion dəyərlərin möhkəmləndirilməsinə və cəmiyyətin ədalətə inamının güclənməsinə mühüm töhfələr vermişdir.

Sona Salmanova yalnız peşəkar hüquqşünas deyil, eyni zamanda yüksək mədəniyyətə, zəngin mənəvi dünyaya malik ziyalı qadındır. O, öz fəaliyyəti ilə Azərbaycan qadınının ictimai-siyasi və hüquqi həyatda oynadığı mühüm rolu bir daha nümayiş etdirmiş, gənc nəsillər üçün örnək olmuşdur. Onun qazandığı nüfuz və hörmət uzun illərin fədakar əməyinin, xalqa və dövlətə sədaqətli xidmətinin nəticəsidir.

Bu gün Sona xanım ömrünün müdriklik çağını yaşayır. Yetmiş illik şərəfli həyat yolu onun yalnız şəxsi uğurlarının deyil, həm də cəmiyyətə bəxş etdiyi dəyərlərin tarixidir. Bu həyat yolunda əldə etdiyi nailiyyətlər, yetişdirdiyi peşəkar kadrlar, hüququn inkişafına verdiyi töhfələr gələcək nəsillər üçün qiymətli irsdir.

Çox hörmətli Sona xanımı 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni uğurlar arzulayıram. Qoy həyatının hər günü sevinc, xoşbəxtlik və mənəvi rahatlıq içində keçsin. Ulu Tanrı onu qorusun, doğma ocağına daim ruzi-bərəkət, sevgi və xoş günlər bəxş etsin.

Sona xanımı həm öz adımdan, həm də sədri olduğum Hamamlı İcması adından səmimi qəlbdən təbrik edir, Qursalı kəndinin yetirdiyi dəyərli ziyalı kimi hər zaman qürur mənbəyimiz olduğunu xüsusi vurğulayıram!

Dərin hörmət və ehtiramla,

Nəbi RAMAZANLI,
texniki elmlər üzrə fəlsəfə doktoru, Əməkdar mühəndis, QAİ-nin Hamamlı İcmasının sədri

araz.az xəbər portalı.