
5 Oktyabr – Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsi tərəfindən sertifikasiya imtahanlarında yüksək nəticə göstərən üzv müəllimlər üçün Şuşa Dövlət Musiqili Dram Teatrında xüsusi tamaşa-konsert proqramı təşkil olunub.
Rayon Komitəsindən Arazpress.com–a daxil olan məlumata görə, müəllim əməyinə verilən dəyərin ifadəsi olan tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən ETİHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, onların təhsil sahəsindəki fəaliyyətinin cəmiyyətin inkişafında mühüm yer tutduğunu qeyd edib. Sədr bildirib ki, müəllimlik yalnız bilik öyrətməkdən ibarət olmayan, insanın dünyagörüşünün, düşüncə tərzinin və həyata münasibətinin formalaşmasına təsir göstərən məsuliyyətli və şərəfli peşədir.
Qeyd olunub ki, hər bir müəllim öz fəaliyyəti ilə gələcək nəsillərin yetişdirilməsinə töhfə verir. Sinif otağında verilən biliklə yanaşı, müəllimin davranışı, dünyaya baxışı və şagirdə göstərdiyi münasibət də onun təhsil yolunda mühüm iz buraxır. Bu baxımdan müəllim əməyinin nəticəsi yalnız bu günün göstəriciləri ilə deyil, yetişdirdiyi insanların gələcək fəaliyyətində və cəmiyyətə verdiyi töhfələrdə özünü göstərir.
Çıxış zamanı sertifikasiya imtahanlarında yüksək nəticə əldə edən müəllimlərin peşəkarlıq səviyyələrini nümayiş etdirmələri, öz bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirmələri xüsusi qeyd olunub. Bildirilib ki, belə nəticələr müəllimlərin təhsildə keyfiyyətin yüksəldilməsinə, müasir tələblərə uyğun fəaliyyət göstərməyə və peşəkar inkişaf istiqamətində ardıcıl çalışmağa verdikləri önəmin göstəricisidir.
Daha sonra müəllimlər üçün hazırlanmış tamaşa-konsert proqramı təqdim olunub. Sənət nümunələri ilə zəngin proqram iştirakçılara xoş və yaddaqalan anlar yaşadıb.
Tədbirin sonunda sertifikasiya imtahanlarında yüksək nəticə göstərən müəllimlərə göstərdikləri peşəkar fəaliyyət və əldə etdikləri uğurlar münasibətilə ETİHİ Nizami Rayon Komitəsinin Fəxri Fərmanları təqdim olunub.
Belə tədbirlər müəllim əməyinin ictimai əhəmiyyətinin diqqətə çatdırılması, pedaqoqların fəaliyyətinə mənəvi stimul verilməsi və onların peşə nailiyyətlərinin layiqincə qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.











araz.az xəbər portalı.