Azərbaycanın bölgələrində, xüsusilə də kənd yerlərində sosial infrastrukturun, erkən yaş qrupu üçün uşaq müəssisələrinin mövcudluğu həm demoqrafik inkişaf, həm də ailələrin gündəlik məişət və təsərrüfat fəaliyyətinin səmərəli qurulması baxımından həyati əhəmiyyət daşıyır. Təəssüf ki, hələ də elə kəndlərimiz var ki, yüzlərlə ailənin yaşadığı bu yaşayış məntəqələrində ən zəruri sosial obyektlərdən biri olan uşaq bağçaları unudulub.

Arazpress.com bildirir ki, belə bir mənzərə ilə üzləşilən ünvanlardan biri Ağdaş rayonunun Yuxarı Nemətabad kəndidir. Rayon mərkəzindən kənarda yerləşən və kifayət qədər genişmiqyaslı təsərrüfat həyatı ilə seçilən bu böyük kənddə təxminən 1500 təsərrüfat mövcuddur. Minlərlə sakinin yaşadığı, yerli əhalinin əkinçilik, maldarlıq və müxtəlif kənd təsərrüfatı işləri ilə məşğul olduğu bu yaşayış məntəqəsində uşaq bağçasının olmaması ilk baxışdan adamı təəccübləndirir, daha dərindən baxdıqda isə ciddi sosial problemə çevrildiyi aydın olur.

Yerli sakinlərlə söhbət zamanı məlum olur ki, bu problem bu gün yaranmayıb. SSRİ dövründə kənddə uşaq bağçasının inşası üçün təməl qoyulub, müəyyən addımlar atılıb. Lakin sovet quruluşunun süqutu ilə birlikdə ölkə daxilində baş verən iqtisadi və siyasi dəyişikliklər fonunda bu tikinti də yarıda qalıb. İllər keçdikcə isə sanki kənddə heç vaxt belə bir obyektin layihəsinin və ya təməlinin olmadığı kimi hər şey unudulub, arxivlərə basdırılıb.

Bu gün kənd sakinləri əkin-biçin, maldarlıq və digər ağır təsərrüfat işləri ilə məşğul olarkən uşaqlarını etibar edəcəkləri, onların erkən inkişafını və təlim-tərbiyəsini təmin edəcək hər hansı bir məktəbəqədər təhsil müəssisəsindən məhrum qalırlar. Valideynlər gündəlik qayğılar girdabında övladlarını kimə tapşıracaqlarını bilmədikləri üçün çətinlik çəkirlər. Ən ağrılı məqam isə odur ki, yerli sakinlər dəfələrlə bu məsələnin həllini gözləsələr də, rayon rəhbərliyi tərəfindən bu istiqamətdə heç bir addım atılmır, hətta mövzuya demək olar ki, əhəmiyyət verilmir.

Kənd sakinləri ilə söhbət zamanı məlum olub ki, onların səbri və ümidləri artıq tükənmək üzrə olsa da, çıxış yolu kimi rəsmi qurumlara müraciət etməkdən başqa çarələri qalmayıb. Onlar yaxın günlərdə aidiyyatı dövlət qurumlarına və rayon rəhbərliyinə kollektiv şəkildə müraciət edərək, illərdir unudulan uşaq bağçası probleminin həllini tələb edəcəklərini qəti şəkildə vurğuladılar.

1500 təsərrüfatlı böyük bir kəndin gələcəyi olan uşaqların bağçasız qalması sadəcə yerli problem deyil, həm də bölgələrdə sosial infrastrukturun bərpasına dair düşünməyi tələb edən ciddi siqnaldır. Biz isə məsələni diqqətdə saxlayır, kənd sakinlərinin haqlı tələbələrinin necə cavablandırılacağını izləyirik. /Gundemxebertv.com/

 

araz.az xəbər portalı.