Bakıda baş verən son yol qəzası bir daha göstərdi ki, taksi sektorunda problem təkcə yol hərəkəti ilə bağlı deyil — məsələ kimlərin sükan arxasına keçməsindədir.

Cinayət törətmiş, azadlığı məhdudlaşdırılmış, hətta elektron qolbaq daşıyan şəxslər belə bu gün sərnişin daşıma sektorunda rahatlıqla fəaliyyət göstərə bilir.

Həmin sürücülər sistemə saxta sənədlərlə daxil olur, adını gizlədir, başqa adamın hesabı ilə işləyir. Amma bu hiylələr nə dərəcədə effektivdir? Onlar sistemə girməklə şirkətlərə zərbə vurduqlarını düşünürlər. Bəs, əslində kim aldanır? Sonda  taksidə oturan sadə sərnişin həyatını riskə atmış olur.

Araşdırmalar göstərdi ki, Bakıda BYD markalı avtomobillə qəza törədən  şəxs Cinayət Məcəlləsinin 178-ci maddəsi – yəni dələduzluqla bağlı məhkum olunub, ayağında isə elektron qolbaq olub. Maraqlısı odur ki, yuxarıda qeyd etdiyimiz kimi, bu şəxs həmin avtomobili öz adına deyil, başqa birinin adına qeydiyyatdan keçirərək, idarə edib.

Bu fakt bir-neçə sualı gündəmə gətirir:

— Bu cür şəxslər nə üçün sərnişin daşıma xidmətinə daxil ola bilir?

— “Bolt” kimi platformalar sürücüləri necə yoxlayır?

— Yalan məlumatla qeydiyyat necə mümkündür?

İndi isə keçək daha dərin təhlilə…

Rəqəmsal sistem: imkan, yoxsa boşluq?

Taksi xidmətlərinin tətbiq üzərindən göstərdiyi sürücü və real gələn sürücü bəzən fərqli olur. Bu, artıq adi hal alıb. Səbəbi sadədir: bir nəfərin hesabı ilə başqa biri maşın sürür. Bu da cinayətkar elementlərin sistemə sızmasını asanlaşdırır. Platformalar isə məsuliyyəti öz üzərindən atır – “siz seçdiniz” deyə.

Əgər bir şəxs elektron qolbaqla sərbəst şəkildə ictimai nəqliyyatda sərnişin daşıyırsa, burada nəzarət sisteminin tamamilə iflasa uğradığını göstərir .

Keçmiş “Prius” təcrübəsi dərs olmadı?

Bir müddət əvvəl “Prius” sürücüləri ilə bağlı narazılıqlar artmış, nəqliyyatla bağlı  ciddi addımlar atıldı. Sertifikasiya, imtahanlar və tələblər sərtləşdirildi. Amma görünür, bu tədbirlər və ya onun tətbiqi yalnız formal səviyyədə qaldı.

Sərnişinlər necə sığortalana bilər?

Bu gün sərnişinlərin özlərini sığortalaması üçün demək olar ki, praktik olaraq heç bir sistem yoxdur. Yəni, biz mobil tətbiq üzərindən sürücü və maşına güvənirik, amma həmin məlumatların doğruluğuna nəzarət edən mexanizm zəifdir. Bunun üçün:

Sürücü-məlumat verifikasiyası real vaxtda yoxlanmalıdır (şəxsiyyət, foto, sürücülük vəsiqəsi).

Elektron qolbaqlı və məhdud azadlıqlı şəxslər sistemdən avtomatik bloklanmalıdır.

Sərnişin şikayətləri sadəcə statistikaya çevrilməməli, hüquqi nəticə doğurmalıdır.

Taksi sektoru artıq təkcə rahatlıq məsələsi deyil – təhlükəsizlik problemidir. Taksi fəaliyyəti ilə məşğul olan şirkətlərdə olan qanun boşluqları və texnoloji nəzarətsizlik bizi sürətlə fəlakətə aparır. “Elektron qolbaqlı” bir şəxsin sükan arxasında olmasına imkan verən sistem, təkcə nəqliyyatın deyil, ictimai etibarın da qəzasına səbəb olur. /Savalan TALIBLI, analoq.az/

araz.az xəbər portalı.