
Bakıda xanım işçisinə xəsarət yetirməsi ilə gündəmə gələn “Depo Apteklər” şəbəkəsinin müdiri Elnur Cabbarov bu dəfə özü döyülüb.
Arazpress.com Qaynarinfo-ya istinadən bildirir ki, hadisə ilə bağlı 1986-cı il təvəllüdlü Z.K. saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri üzrə cinayət işi açılıb. İş məhkəməyə çıxarılıb.
Məlum olub ki, Elnur Cabbarova hücum edən şəxs onun keçmiş işçisi Ş.K.-nın həyat yoldaşıdır. Belə ki, ötən ilin iyunun 7-də aptek əməkdaşı A.K. həmkarı ilə yazışarkən müdiri Elnur Cabbarovu pişiyə bənzədib və onu “toppuş” adlandırıb. Bu yazışmadan xəbər tutan Elnur Cabbarov həmin vaxt köməkçisi olan A.K.-nı döyüb.
Hadisə zamanı aptekdə baş verənlər Ş.K. tərəfindən gizli şəkildə lentə alınıb və sonradan icazəsiz olaraq üçüncü şəxslərə ötürülüb. Bunu öyrənən Elnur Cabbarov 9 il yanında çalışan Ş.K.-dan qisas almaq qərarına gəlib. O, əvvəlcə Ş.K.-nı aptekdən 5 min manat oğurlamaqda ittiham edib. Ardınca isə Ş.K.-nın həyat yoldaşı Z.K. ilə telefon əlaqəsi saxlayaraq, onu həyat yoldaşının aptekdəki video görüntüləri yaymaqda ittiham edib və şəxsi həyatı ilə bağlı nalayiq ifadələr işlədib.
Z.K. isə cavab olaraq Elnur Cabbarovdan dediklərini sübut etməsini tələb edib. Daha sonra onlar Fətəli Xan Xoyski küçəsində, aptekin qarşısında Z.K.-nın avtomobilində görüşüblər. Görüş zamanı Elnur Cabbarov yenidən nalayiq ifadələr işlətməyə başlayıb. Buna cavab olaraq Z.K. onu söyüb və yumruqla üz nahiyəsinə bir neçə dəfə zərbə endirib.
İstintaqın müəyyən etdiyinə görə, Z.K. aptek müdirinə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarətlər yetirib. Ona sol yanaq nahiyəsinin iç tərəfində cərrahi tikiş tələb edən əzilmiş yara və sağ yanaq nahiyəsində sıyrıq xəsarətləri yetirilib. Həmçinin bu əməllər qərəzli xuliqanlıq kimi qiymətləndirilib.
Məhkəmə Z.K.-nın Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi üzrə təqsirini sübuta yetirməyib və bu maddə üzrə ona bəraət verib. Lakin Z.K. Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. O, həbsdə və ev dustaqlığında keçirdiyi 7 ay 16 gün nəzərə alınmaqla, 1 il 8 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Z.K. cəza müddətində elektron qolbaqla nəzarətdə saxlanılacaq.
araz.az xəbər portalı.