Putinə qarşı Əliyev və Ərdoğan: Cənubi Qafqazın taleyi həll olunur

Rusiya ilə Azərbaycan arasında münasibətlər kəskin şəkildə gərginləşir. “Moskva Cənubi Qafqazda sülh prosesini sabotaj edir”, – Bakıda və İrəvanda danışdığımız mənbələr yekdilliklə bildirirlər.

“Putin SSRİ-ni dirçəltməyə çalışır və ona bizim hakimiyyətin müstəqil xarici siyasət yürütməsi, məsələn, enerji resurslarını Avropa İttifaqına satması xoş gəlmir. Amma bu, Rusiya ilə Azərbaycan arasında münasibətlərin pisləşməsinin yeganə səbəbi deyil. Moskva Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını pozmağa çalışır. Onları narahat edən budur ki, bu proses onların iştirakı olmadan gedir”, – deyə, azərbaycanlı hüquqşünas və insan haqları müdafiəçisi Aslan İsmayılov “Rzeczpospolita” qəzetinə bildirib.

Məqalənin müəllifi: Ruslan Şoşin

“Rusiya özünə zorla birləşdirdiyi xalqlar üzərində hökmranlığa öyrəşib. İstər çar dövründə, istərsə də sovet dövründə rus xalqı üstün irq kimi təqdim olunub. Azərbaycanlılar, özbəklər, qazaxlar, qırğızlar, türkmənlər və digər xalqlar isə həmişə ikinci dərəcəli insanlar sayılıb”, – dövlət televiziyası AZTV-nin Baş direktoru və dövlət radio-televiziya yayımının rəhbəri Rövşən Məmmədov son çıxışında deyib. O bildirib ki, Rusiyada imperialist düşüncə hələ də qalır və Stalinin sovet dövründə azərbaycanlı ziyalıların “başını kəsdiyini” xatırladıb.

“O, anlayırmı ki, artıq 1937-ci il deyil, 2025-ci ildir və postsovet respublikaları artıq 30 ildən çoxdur ki, müstəqildir?” – deyə, Məmmədov sual edir.

O, eyni zamanda Putini müxalifləri “boğmaq” üçün OMON göndərməkdə ittiham edir və bildirir ki, son onilliklərdə bölgədə baş vermiş bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin arxasında Rusiya dayanır. Bu, Əliyev hakimiyyəti dövründə Azərbaycanın Rusiyaya qarşı münasibətində nə qədər kəskin dönüş baş verdiyini göstərir.

Rusiya-Azərbaycan qarşıdurması dərinləşir

Rusiyalı təbliğatçılar casusluq ittihamı ilə həbs olunub, daha əvvəl Bakıda Rusiya Evi bağlanmışdı. Azərbaycan hökuməti Rusiyaya aid olan bütün sərgiləri, konsertləri, film nümayişlərini və digər mədəni tədbirləri ləğv edib. Milli Məclisin nümayəndə heyəti son anda Moskvaya planlaşdırılmış səfərini ləğv edib. Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçukun səfəri də Bakının qərarı ilə baş tutmayıb.

Bazar ertəsi günü xüsusi xidmət orqanları “Sputnik” agentliyinin Bakı ofisinə reyd keçirib, orada iki nəfər – filialın müvəqqəti rəhbəri və baş redaktor həbs olunub. Yerli mediaya görə, onlar Rusiya FSB-si üçün agentlik fəaliyyəti aparmaqda ittiham olunurlar.

Bütün bunlara səbəb isə, Putinin xüsusi xidmət orqanlarının Yekaterinburqda azərbaycanlı diaspor nümayəndələrinin evlərinə basqını olub. Ötən cümə günü baş vermiş bu reyd zamanı iki nəfər həlak olub, doqquz nəfər həbs edilib, bir neçəsi isə ağır yaralanıb. Rusiya hakimiyyəti bu addımı on illər əvvəl baş vermiş qətl işi ilə əlaqələndirir. Lakin Bakı bu izahatı qəbul etmir və bildirir ki, Rusiyada etnik zəmində zorakılıq halları getdikcə artır. Azərbaycan XİN döyülən və öldürülən soydaşlarının müdafiəsinə qalxaraq, Rusiya DİN əməkdaşlarının cəzalandırılmasını tələb edib və yerli prokurorluq cinayət işi açıb.

Əvəzində Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan səfirini çağıraraq, “düşmən hərəkətlər” və “jurnalistlərin həbsi” ilə bağlı narahatlığını ifadə edib. Kremlin sözçüsü Dmitri Peskov “təəssüf hissi keçirdiyini” bildirib. Dövlət Dumasının deputatı, MDB işləri üzrə komissiyanın rəhbəri Konstantin

Zatulinin sözlərinə görə, Azərbaycan indiyə qədər Avrasiya İqtisadi İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmayıb və heç vaxt Rusiyanın strateji tərəfdaşı olmayıb.
Zatulin və digər bir neçə deputat, o cümlədən keçmiş boksçu Nikolay Valuyev, şovinist çıxışlarına görə Azərbaycana girməkdən məhrum edilib.

Ötən ilin dekabrında Rusiya Azərbaycanın Groznıya uçan sərnişin təyyarəsini vurduqdan sonra iki ölkə arasında münasibətlər daha da pisləşib – nəticədə, 38 nəfər həlak olub. Bundan sonra Bakı Rusiya Evini bağlayıb və Rusiya təbliğat agentliklərini ölkədən çıxarıb (Sputnik qadağaya baxmayaraq fəaliyyətini davam etdirirdi).

Putin vurulan təyyarəyə görə üzr istəmədi. Bakıdakı ekspert: Rusiya SSRİ-ni dirçəltmək istəyir

“Bu günə qədər Azərbaycan qarşısında üzr istəməyiblər. Ən maraqlısı isə odur ki, həmin vaxt prezident İlham Əliyev Sankt-Peterburqa uçurdu. Təyyarəsini geri döndərdi, lakin nədənsə qayıdarkən başqa marşrut – Qazaxıstan üzərindən – seçdi. Aydındır ki, təhlükəsizlik baxımından narahat idi”, – deyə, hüquqşünas Aslan İsmayılov bildirir.

O, əlavə edir: “Sovet dövründə KQB milli zəmində qarşıdurmalar yaradırdı, süni problemlər ortaya çıxarırdı. Dağlıq Qarabağ nə azərbaycanlıların, nə də ermənilərin problemi idi – bu, Moskvadan gələn təxribat idi. Rusiya Ukraynada müharibə başladı, bundan əvvəl isə Gürcüstanla Cənubi Osetiya və Abxaziya münaqişəsini qızışdırdı. Moldovada ruslar hələ də Dnestryanı bölgədədirlər. Orta Asiyadakı bütün münaqişələrdə də rusların əli var.”
İsmayılov hesab edir ki, Bakı ilə Moskva arasındakı münasibətlər yaxın zamanda daha da pisləşə bilər və bildirir ki, Rusiya qüvvələri qonşu Ermənistanda da aktivləşib.

“Erməni hökuməti Kremlin hədəfindədir”

Ermənistan hökuməti bir neçə gün öncə bildirdi ki, ölkədə Rusiyayla bağlı olan oliqarxlar və Erməni Apostol Kilsəsinin nümayəndələrinin də qatıldığı dövlət çevrilişi cəhdi baş verib. 3 milyard dollardan çox sərvəti olan rus-erməni iş adamı Samvel Karapetyan və bir neçə yüksək rütbəli din xadimi həbs olunub.
Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra baş nazir Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakını dayandırıb, rus sərhədçiləri İrəvan hava limanından və İran, Türkiyə sərhədlərindən çıxarıb. Baku ilə sülh danışıqlarına başlayıb və son vaxtlar İstanbul səfəri edib. Ermənistanlı analitiklər hesab edir ki, əgər sülh müqaviləsi imzalanarsa və Azərbaycanla yanaşı, Türkiyə ilə də sərhədlər açılarsa, Gümrüdəki rus hərbi bazasının gələcəyi sual altında olacaq.

Ankara Moskvanı sıxışdırır

“Türkiyənin Cənubi Qafqazdakı təsirinin artması Moskvanı narahat edir. Əslində Rusiya Qarabağ münaqişəsində prosesdən kənarda qalıb və indi gedən danışıqlar da Kreml olmadan aparılır”, – deyə, Polşanın Beynəlxalq Münasibətlər İnstitutunun Cənubi Qafqaz üzrə eksperti Voyçex Voytasyeviç bildirir.

“Rusiya həmişə münaqişələri idarə etməyə çalışıb və bu dəfə də sülh prosesini pozmağa cəhd edir. Yekaterinburqdakı hadisələr buzdağının yalnız görünən hissəsidir – alt qatda isə hər şey qaynayır”.

Ermənistan və Azərbaycan Rusiyadan qurtulmaq istəyir

Erməni politoloq Stepan Qriqoryan hesab edir ki, həm Ermənistan-Rusiya, həm də Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik bir geosiyasi oyunun tərkib hissəsidir:

“Hər iki ölkənin səbəbi fərqli olsa da, məqsəd eynidir – Rusiyanın təsirindən azad olmaq”.

“Azərbaycan uzun müddət Putinlə oynadı, lakin nəhayət Rusiyadan ayrılmaq qərarına gəldi. Qarabağ problemi artıq yoxdur, buna görə də Moskvaya ehtiyac yoxdur. Kreml özünü aldadılmış hiss edir. Hadisələr göstərir ki, sülh müqaviləsi ilə bağlı tələsməliyik”, – deyə, Qriqoryan əlavə edir.

Rusiyadan azərbaycanlıların deportasiyası mümkündür

İstisna deyil ki, Rusiya azərbaycanlı miqrantların kütləvi deportasiyasına başlaya bilər. Rəsmi məlumatlara əsasən (2021-ci il), Rusiyada 500 minə yaxın azərbaycanlı yaşayır, lakin bu rəqəmin əslində 1 milyondan çox olduğu ehtimal olunur. Rusiya Daxili İşlər Nazirliyinə görə, ölkədə 740 minə yaxın qeyri-qanuni miqrant var. Putinin sərəncamına əsasən, onlara sentyabrın 10-na qədər leqallaşma imkanı verilib – məsələn, Rusiya vətəndaşlığı alıb orduya yazılaraq Ukraynada döyüşmək. Qalanlar isə ölkəni tərk etməlidir.

İlin əvvəlindən bəri Rusiyada miqrantlara qarşı reydlər davam edir. Apreldə Moskvada çəkilmiş videoda kirgiz miqrantların yerə uzadıldığı və OMON əməkdaşlarının onların üstündə gəzdiyi görünür. İyunun ortalarında OMON əməkdaşları bir işçi yataqxanasına girərək özbək miqrantları döyüb və elektroşokla zədələyiblər. Bir neçə həftə əvvəl isə Rusiya DİN rəhbəri Vladimir Kolokoltsev bəyan etdi ki, “ölkəyə fayda verməyən” miqrantlar ölkəni tərk etməlidir.

Özbəkistanın XİN-i bu hərəkətləri pisləyərək, “dost münasibətlərə zidd” adlandırıb. Lakin heç bir Orta Asiya ölkəsi Moskva ilə münasibətlərdə Bakı qədər sərt mövqe sərgiləməyib.

“2015–2018-ci illərdə Rusiyanın Azərbaycandakı rolu çox hiss olunurdu. Nadir hallarda vacib qərarlar Rusiyasız verilirdi. O dövrlər artıq geridə qaldı”, – deyə hüquqşünas yekunlaşdırır”.

© Rzeczpospolita

araz.az xəbər portalı.