
Bakıdan Ağdama: Qatarla qayıdış
10 iyul, 2025-ci il, saat 07:00.
İlk baxışdan adi tarix kimi görünə bilər. Ancaq bu, yaddaşlara hopacaq, salnamələrə düşəcək bir tarixdir. Prezident Administrasiyasının təşkilatçılığı ilə siyasi partiyaların rəhbərləri, millət vəkilləri, jurnalist həmkarlarımla birlikdə Ağdama yola çıxırıq. Özü də sürət qatarı ilə.
İlk dəfədir bu marşrutla sürət qatarı hərəkət edir. Qatarın salonuna girəndə sanki Bakıdan deyil, Avropanın ən inkişaf etmiş şəhərindən yola düşürsən: vaqonlar lüks, xidmət yüksək səviyyədə, səhər-axşam yeməkləri menyuda, 5G sürətində internet əl altında, sərnişinlər rahat oturacaqlarda. Elə bil müasir Azərbaycanın bir modelidir bu qatar.
Amma beynimdə başqa səslər də dolaşır – 32 il əvvəlin taxta oturacaqlarının cırıltısı, relslərin yorğun qıcırtısı, dörd nəfərlik kupelərdə səs-küylü söhbətlər… O qatarla Ağdama getmişdim. O dövürdə ki, ölkənin taleyi qeyri-müəyyən, dövlət başsız, idarəçilikdə hərcmərclik. Hər yerdə bəsit mükalimə və mübahisələr. İndi bu qatarla gedirəm. O heyətlə ki, ölkənin bütün siyasi palitrasını əhatə edən bir formatda partiya sədrləri, millət vəkilləri və media nümayəndələri təmsil olunur.
Fərq təkcə 32 illik zamanda deyil. Həm də vətəndaş birliyinə bağlı keyfiyyətdə, demokratik dəyərlərin inkişafında və vətəndaşlarla dövlət arasında etibarlı əlaqələrin qurulmaslndadır. Bu 32 ildə içindən keçdiyimiz sarsıntılarda, alt-üst olan talelərdə, sınan ümidlərdə… və yenidən dirçəlib qurulan gələcəkdədir. Bir xalqın taleyi 32 ildə bu qədər dəyişər, yerdən-yerə vurular və yerdən göyə qalxarmış.
Məsələ təkcə texniki rahatlıqda deyil. Əslində bu səfər “Böyük Qayıdış” proqramının relslərlə başlanan ideoloji mərhələsidir. 2022–2026-cı illəri əhatə edən proqramda infrastruktur, xüsusilə dəmir yolu təkcə texniki xətt deyil, siyasi prioritet kimi nəzərdə tutulub. Hara yol çəkilirsə, ora diqqət yönəlir. Hara qatar gedirsə, ora dövlət qayıdır.
Bu baxımdan sürət qatarının Ağdama ilk səfəri həm də bir siyasi simvoldur. Qayıdışın rəsmi səhnəyə çıxmasıdır. Dövlət oradadır. Rəsmi səfərlərlə, quruculuqla, planla, vəd yox, fəaliyyətlə.
İndi Ağdamda hər şey planlıdır, Prezidentin dediyi kimi, burada hər addım strategiyadır. Hər daş yerinə məqsədli qoyulur. Bəzən bu qədər sistemli yanaşma insanı təəccübləndirir. Amma görünən odur ki, bir vaxtlar xarabalığa çevrilmiş Ağdam indi postmünaqişə dövrünün model şəhərinə çevrilir. Sürət qatarı da bu modelin bir hissəsidir. Rahat, çünki qayıdan insanlar əzab çəkməməlidir. Təhlükəsiz, çünki ərazilər minalardan təmizlənib, yollar möhkəmləndirilib. Vaxtında, çünki qayıdışın daha bir günü belə gecikməməlidir.
Pəncərədən baxanda bəzən quru torpağın üstündə çəkilmiş yeni yolları, bəzən tikinti meydançalarında toz-duman içində çalışan texnikanı görürsən və başa düşürsən ki, burada həyat yenidən cücərir.
“Böyük Qayıdış”ın şəkil almış halı: Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi
Təxminən dörd saatlıq rahat yolçuluqdan sonra sürət qatarı doğma yurdumda yeni inşa edilən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin qarşısında dayanır. Perrona qədəm qoyan kimi diqqətimi cəlb edən yenə müasirlik, genişlik və planlılıq oldu. Kompleksdə hər detal düşünülüb, hər xırdalıq planlanıb, yolçunun rahatlığı, sərnişinin təhlükəsizliyi, gələcəyin tələbləri hamısı bir mərkəzdə cəmlənib.
Üçmərtəbəli kompleks qısa zamanda, lakin möhtəşəm dəqiqliklə ərsəyə gəlib. Burada hər şey var: həm qatar, həm də avtobus sərnişinləri üçün geniş gözləmə zalları, bilet kassaları, əl yükü kameraları, polis və tibb məntəqələri, ana-uşaq otaqları, kitabxana, restoran, əyləncə və istirahət zonaları, mağazalar, terraslar, hətta uşaqlar üçün oyun guşələri. Dəmir yolu vağzalı gündə 800-1000 sərnişinə, avtovağzal isə 1300-1500 sərnişinə xidmət göstərəcək.
Kompleksin istifadəyə verilməsi təkcə nəqliyyat sahəsi üçün deyil, regionun iqtisadi nəfəsi üçün də dönüş nöqtəsi olacaq. Əlverişli logistika, yol əlçatanlığı, müasir sistem – bütün bunlar investorları, sahibkarları, ideyaları bu torpağa cəlb edə biləcək. Bir sözlə – Ağdam Dəmir Yolu və Avtovağzal Kompleks “Böyük Qayıdış”ın konkret şəkil almış halıdır.
Kompleksdə olduğumuz anlardan biri də xüsusi dəyər daşıyan bir məqamla yadda qaldı. Səfər iştirakçıları ilə görüş zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bizə Ağdamda həyata keçirilən möhtəşəm quruculuq və abadlıq işləri barədə geniş, əhatəli və eyni zamanda ruhlandırıcı məlumatlar verdi. Bildirdi ki, bir zamanlar “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün öz taleyini yenidən yazır. Onun sözlərinə görə, Ağdam yaxın illərdə ölkənin dördüncü ən böyük şəhəri olacaq – Bakı, Gəncə və Sumqayıtdan sonra Azərbaycanın yeni şəhər magistralı, Zəfərin və Qayıdışın paytaxtı kimi tanınacaq. Ədalət Vəliyev onu da vurğuladı ki, Ağdamda hər şey planlıdır – bərpa işləri mərhələli, strateji və dövlət baxışına uyğun şəkildə həyata keçirilir. Söhbət zamanı bizi müşayiət edənlərin əksəriyyətinin baxışlarında yalnız təəccüb və heyranlıq yox, həm də içdən doğan bir minnətdarlıq vardı.
Xıdırlıya qayıdış – yaddaşın torpağa dəyən anı…
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi ilə tanışlıqdan sonra avtobuslarla hərəkətə keçdik. İstiqamət doğma kəndim Xıdırlıyadır. Bu yol nə qədər qısa olsa da, içimdəki məsafə 32 ilin həsrətini daşıyırdı. Avtobusun pəncərəsindən baxa-baxa min arzu, min dilək dönüb-dolaşırdı beynimdə. Bu qədər ictimai və siyasi xadim mənim kəndimə qonaq gəlib. Onlara necə qulluq edim, nə ikram edim?
Səfər boyu qəlbimdə qarışıq duyğular vardı, sevinclə kədər, qürurla həsrət, fərəhlə iztirab bir-birinə calanmışdı. İlk dəfə Ağdamın işğaldan azad olunması xəbərini eşidəndə keçirdiyim sevinc, göz yaşları ilə içimə dolmuşdu. Amma bu dəfə həmin sevinci ayaq izlərimlə, nəfəsimlə, baxışlarımla yaşayırdım. Sözlə yox, torpağa toxunaraq.
Xıdırlı erməni vandalizminin ən dəhşətli izlərini daşıyan kəndlərdən biridir. Viran qalmışdı. İndi yarasını sağaldaraq böyüyür, əzəmətli kəndə çevrilir.
Bu, işğaldan azad olunandan sonra kəndimizə sayca 5-ci səfərimdi. Zəfərdən 2 ay sonra Qarabağın, kəndimizin, ebimizin xarabalıqların gəzmək imkanım olmuşdu. Bu səfər tam başqa bir havada idim, bu gün Xıdırlı Azərbaycanın siyasi elitasını, millət vəkillərini, tanınmış jurnalistləri, ictimai xadimləri qonaq edir. Vaxtilə ölümə şahidlik edən torpaq bu gün qonaq qarşılayan, ümid yayan bir ev sahibi kimidir.
Dərindən arzum budur: bir gün Qarabağın hər bir sakini öz evinə dönsün, öz həyətində, öz süfrəsi başında bu dəyərli qonaqları özü qarşılasın. Qapılar açılsın, ocaqlar tüstülənsin, qürurla “xoş gəlmisiniz” deyilsin.
Kəndimizlə bağlı bizə təqdim edilən məlumat da bu arzunun necə reallığa çevrildiyini göstərir. 719 fərdi evin tikintisi başa çatıb. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirdi ki, bunlardan 263-ü ikiotaqlı, 332-si üçotaqlı, 121-i dördotaqlı və 3-ü beşotaqlıdır. Evlər təkcə dörd divar və dam deyil – hər birində bir ailənin gələcək həyatı planlaşdırılıb. Müasir memarlıq, enerjiyə qənaət sistemi, rahatlıq və estetik zövq – Xıdırlının yeni nəfəsini hiss etdirir.
Bütövlükdə Xıdırlı müasir kənd modeli kimi formalaşdırılır. Burada çoxfunksiyalı inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi, təcili yardım bölməsi, təhsil və səhiyyə işçiləri üçün qonaq evi, məişət xidməti obyektləri, emalatxanalar inşa edilib. Ətrafda həyatın bütün zəruri mexanizmləri yenidən işləməyə başlayıb.
Ən qürurverici məqam isə iyulun 3-də kəndimizdə Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə açılmış Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi ilə yaxından tanışlığımız oldu.
Müşahidələrimizdən əminliklə deyə bilərəm ki, məktəb şagirdlərə yüksək səviyyədə təhsil almaq imkanı yaradır. Məktəb ərazisindəki istirahət və oyun zonalarında, qaçış zolağı olan idman meydançasında təkcə şagirdlərin deyil, bütün kəndin həyat enerjisi dövr edəcək.
Doğma kəndimdə, Xıdırlıda dayanaraq hiss edirəm: biz təkcə torpağa yox, tarixə də qayıdırıq. Qanla yazılmış tarixi indi təhsillə, quruculuqla, mədəniyyətlə davam etdiririk. Və bu qayıdış sükut içində başlanan, fərəh içində davam edən əsl qürur yoludur.
Bu gün Xıdırlı artıq öz ilk sakinlərini qarşılayır. Bəli, kənd qayıdanları qarşılayır, yurd qucağını açır, torpaq öz övladını sinəsinə basır.
Dünən 10 Xıdırlı ailəsi artıq yeni evlərinin qapısını açıb. Bizim kənd camaatının hamısı, demək olar, bir-birinə qohumdur. Artıq kəndimizdə 10 evimiz var. Uşaqlığımızı birlikdə keçirdiyimiz, bir zamanlar eyni həyətin tozunda oynadığımız, eyni yuxunu bölüşdüyümüz əmioğlular, xalaoğlular artıq ora yığışırlar. Bu, öz kökünə, yaddaşına, keçmişinə qayıdan bir soyun sevincidir.
Bu gün 10 ailə köçüb. Sabah yüzlərlə ailə köçəcək. Və o zaman bu torpaq tamamlayacaq yarımçıq qalan ömrünü, unudulmuş xatirələrini.
Səfər çərçivəsində üz tutduğumuz ünvanlar təkcə tikililər deyildi, keçmişlə gələcəyin bir-birinə qarışdığı müqəddəs məkanlar idi. Ağdam Muğam Mərkəzi, İmarət Kompleksi, Cümə Məscidi, Sənaye Parkı və şəhərin dirçələn damarlarındakı başqa məkanlar bizə bir həqiqəti yenidən və qətiyyətlə göstərdi: Ağdam dirçəlir. Ağdam nəfəs alır. Ağdam yaşayır. Bir zamanlar “Qafqazın Xirosiması” deyilən bu torpaq bu gün Azərbaycanın ən gözəl, ən planlı, “ağıllı” şəhərlərindən birinə çevrilir.
Ağdam bu gün həm də bir dönüş nöqtəsidir. Həm tarixə dönüş, həm gələcəyə doğru cəsarətli addım…
Yeridir ki, bu gözəl təşəbbüsü düşünənlərə, yüksək təşkilatçılıq göstərənlərə – Prezident Administrasiyasının Siyasi partiyalarla və Qanunverici orqanlarla iş şöbəsinə, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyinə dərin təşkkürümü bildirim.
Ələsgər SÜLEYMANOV,
Bakı – Ağdam – Bakı.
araz.az xəbər portalı.