Qərbi Azərbaycan torpaqlarına bağlılıq yalnız coğrafi məsələ deyil, xalqımızın tarixlə, yaddaşla və mənəvi köklərlə dərin əlaqəsini ifadə edir. Bu torpaqlar soydaşlarımızın zəngin mədəniyyətinin, ənənələrinin və dəyərlərinin məkanı olmaqla yanaşı, gələcək nəsillərə ötürülməsi vacib olan mirasıdır. Bu mirasa yenidən sahiblənmək üçün qayıdış tarixi zərurətdir. Bu baxımdan, qayıdış məsələsi günümüzün ən vacib reallığıdır.

Arazpress.com bildirir ki, bu mövzuda AZƏRTAC-a Qərbi Azərbaycan İcmasının Cəlaloğlu və Hamamlı rayon icmalarının sədri, fəlsəfə doktoru, Əməkdar mühəndis Nəbi Ramazanlı müsahibə verib. O, əsasən, bu rayonların zəngin tarixi və mədəni irsindən, orada yaşamış soydaşlarımızın həyatından və qayıdış prosesinin sosial-mədəni aspektlərindən danışıb.

Müsahibəni “Araz” Media Qrupunun oxucuları­na da təqdim edirik:

— Nəbi müəllim, Hamamlı və Cəlaloğlu rayonlarında əsrlər boyu formalaşmış yaşayış tərzi, ənənələr və toponimlər hansı xüsusiyyətlərə malik olub? Bu xüsusiyyətlər zamanla hansı dəyişikliklərə məruz qalıb? Bildiyimə görə, bu bölgədə hətta tarixi yer adları da dəyişdirilib.

— Əvvəlcə qeyd edim ki, Qərbi Azərbaycan İcmasının bir qolu olan Hamamlı və Cəlaloğlu rayon icmalarının üzərinə bu gün böyük və şərəfli bir məsuliyyət düşür. Bizim missiyamız yaşadığımız Pəmbək, Loru mahallarında, həmçinin ətraf ərazilərdə məskunlaşmış insanların yaxın və uzaq keçmişini araşdıraraq, onları tarixin yaddaşına doğru şəkildə həkk etməkdir. Bu, təxirəsalınmaz və olduqca vacib bir vəzifədir.

Cəlaloğlu rayonu Qərbi Azərbaycanın Pəmbək mahalının ərazisinə düşür. Bu rayon coğrafi baxımdan xüsusilə diqqətəlayiqdir. Buranın ərazisindən Tona çayı keçir və rayonun bir hissəsi Bazum dağ silsiləsi ilə əhatə olunub. Tarixi sənədlərə görə, 1931-ci il oktyabrın 1-də rayonun ərazisi 1365 kvadrat kilometr idi ki, bu da Qərbi Azərbaycan ərazisinin təxminən 4,6 faizini təşkil edirdi. Sonrakı illərdə rayonun ərazisində müəyyən azalmalar olub. 1948-ci ildə isə bu ərazidə rayon mərkəzli Cəlaloğlu şəhəri və 20 kənd mövcud idi.

Bu ərazilərin coğrafi xüsusiyyətləri ilə yanaşı, burada yaşayan xalqın həyat tərzi, ənənələri və sosial durumu da özünəməxsus idi. Qədim dövrlərdən bəri bu torpaqlarda böyük əksəriyyət türk-müsəlman əhali olub. Lakin XX əsrin əvvəllərində və sovet dövründə regionda etnik balans dəyişməyə başladı. Bu dəyişikliklər yalnız demoqrafik göstəricilərdə deyil, həm də sosial münasibətlərdə, yerli idarəçilikdə və mədəniyyət sahəsində öz əksini tapdı. Sovet hakimiyyəti dövründə həyata keçirilən məcburi deportasiyalar, məskunlaşdırmalar və etnik siyasət bölgənin ictimai həyatını əsaslı şəkildə dəyişdirdi və bunun mənfi nəticələri ən çox bizə – türk-müsəlman əhaliyə təsir etdi.

Bizə psixoloji təsir göstərmək, bu yurdun onlara “məxsus olduğunu” sübut etmək üçün Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarları ilə yerlərin – rayon daxilində kəndlərin və şəhərlərin adları da dəyişdirilirdi. Məsələn, Hamamlı yaşayış məskəni XVII əsrdə yaranıb və adı burada yerləşən çoxlu sayda tarixi hamamların, müalicə əhəmiyyətli mineral bulaqların mövcudluğuna görə “Hamamlı” adlandırılıb. Rayon kimi isə 1937-ci il dekabrın 31-də rəsmiləşdirilib. Ancaq 1949-cu il oktyabrın 26-na qədər “Hamamlı” adı ilə tanınan rayon, həmin tarixdən sonra “Spitak” adlandırıldı.

Keçmişdə bu ərazinin hamısında azərbaycanlıların yaşadığı 24 kənd var idi. Onlardan bəziləri 1918–1920-ci illərdə ermənilər tərəfindən dağıdılmış, digərlərinin isə əhalisi SSRİ dövründə Azərbaycana köçürülmüşdür. Nəticədə 1988-ci ildə yalnız 4 kənd, — Qursalı, Saral, Qızılörən və Ağbulaq, — azərbaycanlıların yaşadığı kəndlər olaraq qalmışdır.

Cəlaloğlu rayonunda 1931-ci ildə 47 mindən çox əhali yaşayırdı. Onların təxminən 4 min nəfərdən çoxu Cəlaloğlu qəsəbəsində, qalanları isə kəndlərdə məskunlaşmışdı. 1988-ci ilə qədər bu ərazilərdə azərbaycanlılar yaşayırdı, lakin həmin ildə bu torpaqları tərk etməyə məcbur oldular. Həmçinin bu ərazilərin adlarını süni şəkildə dəyişdirməyə və tarixi yaddaşdan silməyə çalışıblar. Məsələn, Cəlaloğlu rayonu Stepanavan, Qoturbulaq Katnaxpyur, Heydərbəy isə Sverdlov adlandırılıb.

Bizim məqsədimiz bu tarixi həqiqətləri unutmamaq, gələcək nəsillərə ötürmək və həmin bölgələrin Azərbaycan xalqının mədəni irsindəki yerini vurğulamaqdır.

— Hamamlı və Cəlaloğlu rayonlarının əhalisi deportasiya kimi hansı tarixi çətinliklərlə üzləşiblər? Deportasiya və qaçqınlıqla bağlı hansı xatirələriniz var?

— Qeyd edim ki, XIX əsrin ortalarından etibarən Hamamlıya xaricdən ermənilərin köçürülməsinə başlanmış və əhali qarışıq yaşamış, zamanla azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1886-cı ildə rayonun əhalisi artıq tam olaraq erməniləşdirilmişdir. Bu, təzyiqin birinci tərəfi. Söhbətimizin əvvəlində də biz psixoloji təzyiqlərdən, yer adlarının dəyişdirilməsindən, tarixin saxtalaşdırılmasından danışdıq. Amma bu təzyiq yalnız psixoloji deyildi, fiziki şəkildə də davam edirdi, özü də illər boyu. Bunlar təkcə ötən əsrin sonlarında baş vermiş hadisələr deyil, daha da qədimdən başlayan bir qısqanclıq, xainlik məsələsi idi. 1905-1906-cı, 1915-1918-ci illərdəki qırğınlar, sovet dönəmində 30-cu illərin repressiyası, 1948-1953-cü, nəhayət 1987-1991-ci illər deportasiyaları təkzibolunmaz faktlar sırasındadır. Təbii ki, sadaladığım bu illərdən başqa da azərbaycanlılara qarşı vaxtaşırı terror hadisələri törədilirdi. Məsələn, yaxşı yadımdadır, 1979-cu ildə Qursalı kəndinin sakini Novruz Məmmədovun xanımı Ağabacı Məmmədova və 25 yaşlı oğlu Aydın erməni quldurları tərəfindən odlu silahdan atəş açılaraq qətlə yetirildi, Novruz Məmmədov isə yaralanaraq ömrünün sonunadək əlil qaldı.

Ötən əsrin 80-ci illərində isə bu terror aktları, amansızlıqlar planlı, sistemli hal almağa başladı. Məsələn, 1988-ci il dekabrın 5-də daşnak terror qruplaşması insanlıq əleyhinə, vəhşi bir cinayət həyata keçirdi. Hamamlı şəhərində 17 azərbaycanlı uşağı iri diametrli boruya doldurub, borunun hər iki başına dəmir lövhələr qaynaq edərək uçurumdan yuvarladılar. Ümumilikdə bu üsulla 90 nəfərədək uşaq həyatını itirdi. Qonşu Saral kəndinin əhalisi isə 1988-ci ildə SSRİ silahlı qüvvələrinin iştirakı ilə köçürülərkən Həmzəçimən kəndi ərazisində quldur basqınlarına məruz qalmış və talan edilmişdi. 1989-cu il iyunun 9-da isə Hamamlıya zəlzələ nəticəsində dağılan mülkünün sığorta pulunu almağa gedən dinc sakin Rəhim Daşdəmirov daşnak terrorçuları Sergey Poqosyan və Sergey Mədətyanın hücumuna məruz qaldı, armaturla döyülərək qəddarcasına qətlə yetirildi.

Hətta ermənilərin bizə olan nifrəti rayon, ölkə ərazisi ilə məhdudlaşmırdı. Məsələn, Qursalı kəndindən olan 24 yaşlı Bəxtiyar Lətif oğlu Həbilov Rusiyanın Krasnodar vilayətində erməni quldurlar tərəfindən vəhşicəsinə öldürüldü.

Bu cür hadisələrin nəticəsində 1988-ci ildə Cəlaloğlu rayonunda artıq cəmi 7 kənddə az sayda azərbaycanlı ailələr qalmışdı. Ümumi götürəndə bu ailələrin sayı heç 100-ü keçmirdi. Belə halların Qərbi Azərbaycanın hər bir yaşayış məntəqəsində baş verməsi bölgədəki vəziyyətin ciddiliyini göstərirdi.

Beləliklə, bu zorakılıqlar və etnik təmizləmə siyasəti regionda dinc yaşayış mühitinin pozulması ilə nəticələndi. Azərbaycanlıların bu torpaqlardan məcburi köçürülməsi təkcə fiziki itki deyildi, həm də tarixi yaddaşın, mədəniyyətin, eləcə də ailələrin köklərinin zədələnməsi idi. Bu mənada, tarixi faktların düzgün araşdırılması və sənədləşdirilməsi, qurbanların xatirəsinin yaşadılması həm milli birliyin qorunması, həm də gələcəkdə bənzər faciələrin qarşısının alınması baxımından vacibdir.

— İcmanın gələcəyi ilə bağlı nə düşünürsünüz? Sizcə, bu prosesdə üzərimizə hansı vəzifələr düşür?

— Müasir dövrdə Qərbi Azərbaycan İcması həm milli yaddaşın qoruyucusu, həm də Azərbaycanın siyasi və mədəni mövqeyinin gücləndirilməsində önəmli aktor rolunu oynayır. Diasporun gücləndirilməsi, xaricdə yaşayan soydaşlarımızın vətənpərvərliyinin yüksəldilməsi, mədəni tədbirlərin təşkili və tarixi irsin beynəlxalq səviyyədə tanıdılması istiqamətində işlər görülür. Qərbi Azərbaycan İcmasının fəaliyyəti həmin torpaqlara qayıdış prosesinin mütəşəkkil aparılması üçün mühüm zəmin yaradır.

2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün sonra Qələbə ilə başa çatan Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı bizi dövlətimizin başçısının ətrafında daha sıx birləşməyə çağırır. Hesab edirəm ki, Qərbi Azərbaycan İcması ölkəmizin bölgədə ən nüfuzlu dövlət olaraq qalmasında güclü diaspor rolunu oynayacaqdır. Bunun üçün bizim üzərimizə mühüm vəzifələr düşür. Biz bölgə haqqında, orada yaşamış xalqımız barədə dürüst və dolğun məlumatların toplanmasında, onların milli-mədəni irsinin qorunaraq tarixi yaddaşa ötürülməsində fəal iştirak etməliyik.

araz.az xəbər portalı.