Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi həyatındakı statusuna görə, nüfuzlu sima, görkəmli dövlət xadimidir. O, peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində ictimai-humanitar intibah hərəkatının yeni bir səhifəsini açıb.

Heydər Əliyev Fondunun rəhbəri, Milli Məclisin deputatı, Birinci Vitse-prezident kimi ölkəmizin tərəqqisi, əhalinin sosial rifahı naminə yorulmaz əməyi ilə nümunəvi ictimai xadim obrazını yaradıb. Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin Birinci müavini kimi fəaliyyəti də, Azərbaycanın siyasi həyatında mühüm mərhələ kimi xarakterizə edilir.

Doğrudan da, Birinci vitse-prezident cəmiyyətdə xeyirxahlıq, insanpərvərlik örnəyidir. Aztəminatlı ailələrə, Qarabağ qazilərinə, şəhid ailələrinə və həssas sosial qruplara xüsusi diqqət və qayğı göstərməklə, onların sosial dayağına çevrilib. Ən əsası odur ki, Mehriban Əliyeva sülh carçısıdır. Beynəlxalq ictimaiyyət Onu insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması, sivilizasiyalararası dialoqun möhkəmlənməsi, zor və təhdidlərə qarşı mübarizliyin obrazı kimi tanıyır.

Birinci vitse-prezidentin sülhpərvər missiyasının müharibədən bezmiş Ermənistan sakinləri tərəfindən də təqdir olunması göz qabağındadır. Mehriban xanımın erməni analarına övladlarını nahaq yerə ölümə yollamamaları ilə bağlı çağırışları da nəticəsiz qalmadı. Ona səs verən ermənilər bu davranışları ilə Qafqazda sülhün, birgə rifah yaşayışının tərəfdarı olduqlarını nümayiş etdirirlər.

Məhz bu sülhsevər təşəbbüslərinə görə, Gürcüstanın və regionun digər dövlətlərinin tanınmış alimləri və akademikləri belə Mehriban Əliyevanı həm də Qafqazın Mehriban Siması adlandırırlar.

Mehriban Əliyeva bu gün bölgədəki digər ölkələr arasında qan tökülməsinin dayandırılmasını, əbədi sülh naminə yorulmaz humanizmini davam etdirir. Rusiya Prezidenti Vladimir Putinin, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycanın Birinci vitse-prezidentinə ad günü münasibətilə ünvanladıqları təbrik məktubunda da bu bəşəri fəaliyyətə yüksək dəyər verilir.

Mehriban xanım möhtərəm Prezident İlham Əliyev cənabları ilə çiyin-çiyinə yorulmadan işğaldan azad edilmiş torpaqlarımızda aparılan sürətli bərpa və quruculuq işlərində yaxından iştirak edərək, tarixi ərazilərimizin dirçəldilməsində, mədəniyyət paytaxtımız olan Şuşanın zəngin tarixi simasının özünə qaytarılmasında yorulmaz fədakarlığını əsirgəmir. Konkret desək, Azərbaycan Onunla yeni uğur zirvələri fəth etməkdədir.

Belə bir fədakar xanımı ən gözəl günündə — Ad Günündə səmimi qəlbdən təbrik etməyi özümə borc bilirəm. Tutduğu fədakarlıq yolunda bir daha Ona möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, dövlətimizin və xalqımızın rifah və tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıram.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.

araz.az xəbər portalı.