Böyük şair və mütəfəkkir İmaddədin Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər.

Bu barədə xəbərlərdə bildirilib ki, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır.

Belə ki, artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar aparılıb, bu haqda Suriyaya məlumat verilib.

Qeyd edək ki, İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi şəhərdə Nəsiminin də məzarı dağıntılara məruz qalıb.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan KP MK-nın Birinci katibi kimi 1970-ci ildə Suriyada səfərdə olarkən Nəsiminin məzarı səliqəyə salınıb. Daha sonra Heydər Əliyev məzarı ziyarət edib. 2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycanda dövlət səviyyəsində geniş qeyd edilib.

Bəs İmadəddin Nəsiminin məzarının Azərbaycana gətirilməsi nə dərəcədə mümkündür və bu, Azərbaycan mədəniyyətinə hansı təsirləri göstərə bilər?

Arazpress.com-un əldə etdiyi məlumata görə,  övzu ilə bağlı “Cebheinfo.az”a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, institutun “Nəsimi qrupu”nun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva bildirib ki, Nəsiminin məzarı heç bir şəkildə Azərbaycana gətirilməməlidir:

“Bu cür addım Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə və tarixinə heç bir töhfə verməyəcək. Bu, tarixi gerçəkliyin təhrifidir. Nəsiminin məzarı üzərində tikilən türbə yüzillər boyunca ziyarətgah olub, bu gün də o statusdadır.

Allahın təqdiridir ki, onun həyatının son illəri Hələblə bağlı olub və məhz orada yaşamaq, fəaliyyət göstərmək ona yazılıb. Şair özü oranı seçmişdi və həyatının son illəri ora ilə bağlı olub.

Ona görə də məzarın dəyişdirilməsi kimi mənasız təkliflərlə gündəmi zəbt etmək lazım deyil. Bu addım Azərbaycanın nə ədəbiyyatına, nə mədəniyyətinə, nə də tarixinə heç bir töhfə verməyəcək.

Əksinə, saxtakarlıq aktı olacaq. Çünki şairin məzarı tarixən Hələbdə olub. Bütün mənbələrdə, istər orta əsrlər, istər yeni dövr, istət müasir dövr kitablarının hamısında Nəsiminin məzarının məhz orada olduğu göstərilib.

Sonra isə tarix yenidən yazılaraq deyiləcək ki, əslində Nəsimi əvvəl Hələbdə idi, biz isə onu Şamaxıya və ya Bakıya gətirdik. Buna nə ehtiyac var?”.

Səadət Şıxıyeva vurğulayıb ki, Nəsiminin məzarının Azərbaycana gətirilməsi ilə bağlı təkliflər uğursuz addımdır və əsas diqqət şairin əsərlərinin ölkəmizə gətirilməsinə yönəldilməlidir:

“Əslində şairin əsərlərini Azərbaycana gətirmək lazımdır. Dünya kitabxanalarında Nəsimi adı ilə mövcud olan çoxsaylı əlyazmalar var. Dünya kitabxanalarında yalnız adını üzə çıxardığım, amma maddi imkanların məhdudluğu səbəbində əldə edib təhlil etmək fürsətimiz olmayan Nəsimi adı ilə bağlı əsərləri ölkəmizə gətirmək lazımdır. Fikrimcə, əsas diqqət buna yönəldilməlidir.

Onları əldə etmək lazımdır. Məzarı gətirmək uğursuz cəhddir. Hər bir insanın həyat yolu Allah tərəfindən müəyyənləşdirilir. Dini baxımdan da məzarın köçürülməsi günah sayılır. El arasında da belə bir inanc var ki, məzarın dəyişdirilməsi ən ağır qarğışlardan biridir. Tarixi baxımdan da bu, doğru deyil”.

araz.az xəbər portalı.