Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qərarı elan olunduqdan dərhal sonra sosial şəbəkələrdə diqqətçəkən informasiya axını müşahidə edilməyə başlayıb. Xüsusilə də xaricdə fəaliyyət göstərən və uzun illərdir hakimiyyəti tənqid edən müxalif hesablar gözlənildiyinin əksinə olaraq, Ramiz Mehdiyevi deyil, məhz Prezident İlham Əliyevi hədəf seçiblər. Maraqlıdır, köhnə videolar niyə məhz indi yenidən tirajlanır?!

Yayılan materialların məhz müxalif platformalarda tirajlanması təsadüfi təsir bağışlamır. Bu səhifələr ardıcıl şəkildə Prezidentin birinci hakimiyyət dövrünü və 2003-cü ilin oktyabr hadisələrini əks etdirən arxiv videogörüntüləri paylaşırlar.

Sözügedən materiallar kontekstdən çıxarılmış şəkildə təqdim olunur və bunun fonunda Ramiz Mehdiyevin dolayı müdafiəsi təşkil olunur.

Azərbaycanda müxalifətin sonuncu böyük mitinqi 2019-cu ilin yanvarında keçirilib. Elə həmin ilin oktyabrında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırılıb. 2019-cu ildən bu günə qədər isə ölkədə müxalifətin heç bir böyük mitinqi baş tutmayıb. Hətta strateji təşəbbüslər olmayıb. Bu fakt təsadüfi deyil. Uzun illər boyunca müxalifət mitinqlərinin keçirilməsi və koordinasiyası məhz Ramiz Mehdiyevin nəzarətində olub.

O, müxalifətin potensial təhlükə mənbəyi kimi görünməsini təmin etməklə, dövlətə özünün “sistemin dayağı” olduğunu göstərməyə çalışırdı.

Başqa sözlə, idarə olunan bu siyasi gərginlik onun hakimiyyətdəki mövqeyini qorumağın əsas mexanizmlərindən birinə çevrilmişdi.

Mehdiyevin sistemdən kənarlaşdırılmasından sonra bu model də dağıldı və onun yerini dolduracaq alternativ mexanizm formalaşmadı. Bu gün müxalifətin passiv və fəaliyyətsiz olması həm də əvvəlki “idarə olunan qarşıdurma” texnologiyasının sıradan çıxmasından qaynaqlanır.

Samir FEYRUZOV 

araz.az xəbər portalı.