Hüquq-mühafizə orqanlarının Ramiz Mehdiyev barəsində ev dustaqlığı qəti imkan tədbiri seçməsi haqqında informasiya ictimailəşəndən sonra mediada, sosial şəbəkələrdə müxtəlif səpkidə yazılar, şərhlər verilir. Hər kəs öz mülahizəsini, versiyasını irəli sürür.

Yayılan xəbərlərin, səslənən fikirlərin bir qismində isə Ramiz Mehdiyevin maddi imkanı araşdırma mövzusuna çevrilib. “Boz kardinal”ın varidatı, pulları, mülkləri, kommersiya obyektləri, müxtəlif təyinatlı torpaq sahələri barədə siyahılar da dərc olunur.

Həmçinin, onun Bakının böyük “Sədərək” Ticarət Mərkəzinin pay sahiblərindən olduğu da deyilir. Deyilənlərlə əlaqədar həmin ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimova telefon zəngi edərək,  məsələnin belə olub-olmadığını öyrənmək istədiyimi bildirdim. O, deyilənlərin yalan olduğunu bildirərək, Ramiz Mehdiyevin bu ticarət obyekti ilə hər hansı bir əlaqəsinin olduğunu qəti şəkildə inkar etdi.

Mətbuat xidmətinin rəhbəri onu da qeyd etdi ki, Ramiz Mehdiyevin izini “Sədərək” Ticarət Mərkəzində deyil, indiki Ermənistan Respublikasının ərazisində qalan tarixi məkanımız — ermənilərin Sevan dedikləri Göyçə gölünün həndəvərində axtarmaq gərəkdir. Onun dediyinə görə, məhz orada Ramiz Mehdiyevə məxsus çoxlu malikanələr tapmaq olar…

Sima BABAYEVA

araz.az xəbər portalı.