
Nəhayət qoca xain ifşa olundu. “Boz kardinal” ləqəbli Ramiz Mehdiyev bir sutkanın içində boz siçana döndü. Onun illərdi bəslədiyi əlaltılarının isə səsləri çıxmır. Elə bil “qurbağa gölünə daş atıblar”. Yəqin, ilan kimi qabıq dəyişib, yeni sahib axtarışına çıxacaqlar. Buna adət ediblər. Amma bu dəfə yəqin alınmaz. Çünki bu dəfə Qoca Mazelli Ramizin bütün kartları açılacaq.
İllərdi Azərbaycanda ideoloji sahəni, medianı əlində saxlayan, kadr siyasətini aparan Ramiz Ənvəroviçin sonu başqalarının da sonunu gətirəcək. Hələ ki Ramiz Mehdiyev susur. Ailə üzvləri də susurlar. Bakı Dövlət Universitetində işləyən qızı, Fövqəladə Hallar Nazirliyinə düzəltdiyi oğlu zənglərə cavab vermək istəmirlər. Vəzifələrə düzdüklərinin də nitqləri elə bil quruyub. Maliyyələşdirdiyi saytların, qəzetlərin aqibəti görəsən necə olacaq?
Bu qoca məxluqun casus şəbəkəsi xərçəng kimi bütün ölkəni götürmüşdü. Prezident Aparatının rəhbəri işlədiyi vaxtdan Milli Məclis deputatlarının bir çoxunu, nazirləri, icra başçılarını əlində saxlayırdı. İndi həmin sabiqlərdən bir-neçəsinin — Əbülfəs Qarayevin, Ziya Məmmədovun, Eldar Mahmudovun… Ramiz müəllimlə “çay içmək” üçün tez-tez Novxanıya getdikləri üzə çıxıb. Nəyin planını cızıb bunlar? Nəyə ümid ediblər?
Dəfələrlə təxribatlar oldu, amma hamısı puça çıxdı. Bu dövlətin təməli möhkəm qoyulub. Ramiz ki bunu yaxşı bilir. Yoxsa rəhbəri olduğu “5-ci kolonu” daha qüdrətli hesab edir? O, illərdi hakimiyyəti içindən yeyib. Korrupsiyaya, xəyanətə görə müxtəlif illərdə həbs olunan icra başçılarını, nazirlik əməkdaşlarını yada salın. Hamısı bunun yetirmələri idi. Belə çıxır ki, hər şey planlı gedirmiş. “5-ci kolon” daxildə və xaricdə gərginlik yaratmaqla, xalqı iqtidara qarşı qaldırmaq istəyirmiş.
Məhz Ramiz Mehdiyevin vəzifəsindən uzaqlaşdırılmasından sonra biz erməni işğalçıları torpaqlarımızdan qovduq. Çünki içimizdəki düşməndə artıq səlahiyyət yox idi.
Ahıllığına hörmət qoyub, bunu vəzifədən hörmətlə Milli Elmlər Akademiyasına yola saldılar. Orada da öz xislətini biruzə verdi. Yenə əməllərini davam etdirdi. Nədənsə, elə həmin vaxtlardan xaricdəki azərbaycanlı blogerlərin dövlətimizə qarşı fəaliyyəti daha da artdı, təhqirlər baş alıb getdi. Ancaq Ramiz Mehdiyev, Əli Həsənov vəzifədə olanda da, vəzifədən gedəndən sonra da, nə həmin blogerlərin, nə də Əli Kərimlinin müxalif qanadının ağzından bir dəfə də olsun onların adı çəkilməyib. Görəsən, niyə?
İndi mənə maraqlı gələn odur ki, Ramiz Mehdiyevin, Əli Həsənovun bəslədikləri “media kapitanları” nə deyəcəklər? Görəsən, istintaq bəzi media orqanlarının, jurnalistlərin Ramiz Mehdiyevin şəbəkəsi ilə əlaqəsini araşdıracaqmı?
30 ilə yaxın onlar Ramiz Mehdiyev — Əli Həsənov cütlüyünün göstərişlərini yerinə yetirərək, özlərinə güzəran qurublar. Ev-eşik, mülklər, maşınlar alıblar, redaksiyaları üçün şərait qurublar. İndi də həmin qələm əhli media sahəsindədi. Kim zəmanət verə bilər ki, onlar Ramiz Ənvəroviçin tapşırıqlarını yerinə yetirmirlər? İndi izləri silməyə çalışırlar. Amma, necə deyərlər, “cidanı çuvalda gizlədə bilməzlər”.
Sima BABAYEVA
araz.az xəbər portalı.