Ölkənin zülümkar şahı qocalıb, əldən düşmüşdür. O qədər qocalmışdı ki, taxtında otura bilmirdi. Varisi yox idi. Dəfələrlə evlənsə də, züryəti olmamışdı. Gənclik dostu və həmyaşıdı olan Baş vəzirini yanına çağırıb, dedi:

— Vəzir, mənim ömrüm az sonra bitəcək. Övladım da yoxdur. Sən də qocalmısan. Ölkənin gələcək taleyindən narahatam. Mən ölən kimi şahlığımın dağılmaması üçün varis tapılmalıdır. Şərtlərimi dinlə və uyğun gələn orta yaş həddində adam tap. Varis kimi tanıyacağım şəxsin mənə sonsuz sevgisi olmalıdır. Az da olsa, var-dövlət sahibi kimi tanınmalıdır. Ağıllı, uzaqgörən, döyüşkən, qeyrətli, təəbələrini düşünən bir kişi xarakterli adam axtar. Mən təəbələrimə çox zülüm etmişəm. Varis edəcəyim adam adil olmalıdır. Heç olmasa camaat onun yaxşılıqlarına görə mənə rəhmət oxusun. Axtarışı ölkənin cənub əyalətindən başla, sənə 40 gün möhlət verirəm. Təğyir-libas ol ki, səni tanıyan olmasın. Get əmrimi yerinə yetir.

Qoca vəzir cənub vilayətlərə tərəf yola rəvan olur. Cənubdan başlayaraq şimal, şərq, qərb vilayətlərini nə qədər axtarsa da, şahın istədiyinə uyğun gələn adamı tapa bilmir. Kor-peşman saraya qayıdıb, şahın hüzuruna çıxaraq məlumat verdi:

— Şah sağ olsun, bütün əyalətləri kənd-kənd , şəhər-şəhər gəzdim. Sizin istəyinizə uyğun gələn varisi tapa bilmədim.

— Vəzir, bu böyüklükdə ölkədə normal bir adam yoxdurmu? Sən nə danışdığını başa düşürsənmi?

— Şah sağ olsun, vəziyyət belədir. Ağlı olanın var-dövləti yoxdur. Var-dövləti olanın da ağlı yoxdur. Şaha sevgiləri ilə maraqlandım. Camaat sevməyi unudub, yalnız nifrət edə bilir.

Şah bir qədər düşünəndən sonra dedi:

— Vəzir, sən bilən təəbələrimin içində niyə bircə nəfər də olsun savadlı, ağıllı, dövlətli, qəlbində sevgi olan adam yoxdur? Qorxma vəzir düzünü söylə, amandasan.

— Şah sağ olsun, tələb edirsiniz düzünü deyəcəyəm. Axı siz varis ola biləcək adamların hamısını asdırmısınız. Yadınızda olar, fərman vermişdiniz ki, savadlı, varlı, ağıllı və camaatın sevimlisi olan bütün kişilər sorğu-sualsız edam edilsin. Çünki onlardan hakimiyyətinizə təhlükə gələcəyindən həmişə qorxurdunuz. Indi ölüləri necə geri qaytaraq?

Şah vəzirin söylədiklərini eşidən kimi taxtın üstünə sərildi…

İnkişafdan qalmış cəmiyyətlərdə hələ də ciddi dəyişiklik yoxdur. Feodal qafalı idarəetmə toplumu geriyə, ilkin orta əsrlərə tərəf sürükləyir. Hakim komandanın savadlı, intellektual, cəsarətli və azad təfəkkürlü şəxsləri görməyə gözü yoxdur. Çünki belə şəxslər avtoritarizmi qəbul etməz.
Amma indi ilkin orta əsrlər dövrü deyil. Dünya dəyişir. Geriçilik yaradan təfəkkür tərzi dəyişməlidir.

İlqar ATABƏYLİ

araz.az xəbər portalı.