
Naxçıvanın zəngin duz ehtiyatına malik region olduğunu hamı bilir. Hətta bu Muxtar Respublikanın Kəngərli rayonu ərazisində Duzdağ adlı yüksəklik də var. Dağın cənub yamacında isə istismar edilən duz yatağı yerləşir.
Hələ ötən əsrin 70-ci illərindən burada duz istehsalı təşkil olunub. Hazırda da, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Naxçıvan Duz İstehsalı” MMC müəssisəsi fəaliyyət göstərir. Di gəl ki, Muxtar Respublikanın özündə bu zavodun məhsullarını tapmaq müşkül məsələdir — Elə bil hər yerdə qeybə çəkilib.
Bir vaxtlar yerli mağazaların piştaxtalarında dolu olan xörək duzu indi defisit mala çevrilib. Ümumiyyətlə, ölkə daxilində də Naxçıvan duzu tapılmır. Yeri gəlmişkən qeyd edim ki, Naxçıvan duzu tərkibinə, keyfiyyətinə görə digər duzlardan müsbət mənada seçilir.
Başa düşürük ki, hər bir müəssisə həm daxili, həm də xarici bazar üçün işləyir. Məhsullarının eksportuna çalışır ki, gəliri daha çox olsun, rentabelli fəaliyyət göstərsin. Amma bu o demək deyil ki, öz daxilində məhsullarını tam yığışdırmalısan. Maraqlıdır ki, Bakının bazarlarında Naxçıvan duzu adı ilə duzlar satılır. Bu duzlara baxanda görürsən ki, palçıqla qarışıq nəsə bir məhluldur. Camaat da zavod malı tapmadığı təqdirdə, məcbur olub tərkibi, mənşəyi məlum olmayan bu malı alır.
Bu ciddi məsələ ilə bağlı Naxçıvan MR-in İqtisadiyyat Nazirliyinin Sədaqət adlı xanım əməkdaşıyla telefon əlaqəsi saxlayıb, suallara aydınlıq gətirmək istədiyimi dedim. O isə bu barədə rəhbərliyə məruzə edib, mənimlə əlaqə saxlayacağını bildirdi. Söhbətimizdən bir həftə keçib. Lakin Sədaqət xanımdan hələ də səs çıxmayıb. Artıq “söhbətimizin də duzu qaçıb”.
Naxçıvan İqtisadiyyat Nazirliyinin bu cür hərəkətsizliyi müəyyən şübhələr doğurur: Məişətdə gündəlik istifadə olunan bir məhsulu mağazalardan yığışdırmaqla, adamlarda gərginlik, narazılıq yaratmaq nəyə lazımdır və kimin hansı məqsədinə xidmət edir? Necə ola bilər ki, zəngin duz süxurları ilə əhatə olunmuş Naxçıvanda bir çimdik duz tapılmasın? Axı, belə bir hal təsadüf də ola bilməz. Bir məlumat əldə edəndən sonra isə, bu qıtlığın həqiqətən təsadüf olmadığına, süni şəkildə yaradıldığına məndə tam əminlik yaratdı.
Həmin məlumata görə, bu il keçirilmiş tender nəticəsində “Şərq-Qərb” ASC qalib elan olunub. Bu şirkət “Naxçıvan Duz İstehsalı”nın məhsullarını qablaşdıracaq, qarşılığında isə, 174 min 42 manat 92 qəpik pul alacaq. Onu da qeyd edim ki, Qiymətli Kağız Mülkiyyətçilərinin reyestrində “Şərq-Qərb”-in səhmlərinin 96,5 faizinin Mehdiyev Teymur Ramiz oğluna (hazırda fövqəladə hallar nazirinin müavini, general-mayordur) məxsus olduğu göstərilib. Teymur Mehdiyevin qeydiyyat ünvanında həm də onun atası — Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş Prezidenti, son günlərin “qəhrəman”ı Ramiz Mehdiyev qeydiyyatdadır.
Məncə, bu faktın özü hər şeyi bildirir — deməyə əlavə sözüm qalmır. Bir də ki, xain damğası vurulmuş Ramiz Mehdiyevin adı keçən bir şirkətdən dövlətin, xalqın xeyrinə nəsə gözləmək olmaz.
Sima BABAYEVA.
araz.az xəbər portalı.