Azərbaycanla Qazaxıstan arasında siyasi əlaqələr qədim tarixi ənənəyə — ortaq türk kimliyinə, islam həmrəyliyinə, oxşar mədəni irsə və zəngin mənəvi dəyərlərə əsaslanır. Məhz bu şərəfli tarixi təməllər üzərində qurulan çoxəsrlik münasibətlər əsil qardaşlıq və dostluq ruhunda inkişaf edərək, müstəqillik qazanmış hər iki dövlətin həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik formatını müəyyənləşdirib.

Ötən illər ərzində möhkəm hüquqi-müqavilə bazası — təqribən 170 sənəd işlənərək hazırlanıb ki, bu da siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlığı təmin edib. Həmin sənədlər arasında “Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin əhəmiyyəti xüsusi vurğulana bilər. Bu sənəd tərəflərin əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub. Buna görədir ki, ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə möhkəm əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.

Son illər qarşılıqlı etimad mühitində irəliləyən əlaqələrə dövlət başçılarının müntəzəm qarşılıqlı səfərləri dərin töhfələr verib. Belə ki, Cənab İlham Əliyevin qardaş ölkəyə son üç ildə yeddi səfəri, eləcə də Prezident Kasım-Jomart Tokayevin həmin müddət ərzində Azərbaycana gerçəkləşən altı səfəri ölkələrimiz arasında hərtərəfli tərəfdaşlığı və qarşılıqlı strateji niyyəti nümayiş etdirir.

Məlumdur ki, Azərbaycan və Qazaxıstan çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi… çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqe bölüşür.

Rəsmi Astana və Bakı uzun illərdir ki, nümunəvi enerji əməkdaşlığı platforması qurub, habelə nəqliyyat-logistika sahəsində region ölkələri üçün yeni cığırlar açır. Həmin nəhəng marşrutlardan biri kimi Orta Dəhlizin xüsusi strateji yerini qeyd etmək olar. 2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafına dair Yol Xəritəsi sənədini imzalayıb ki, bu sazişiə əsasən Dəhlizin növbəti dayanacağı Zəngəzur xətti olacaq. Nəticədə, Çindən Mərkəzi Asiya (Qazaxıstan) ilə Azərbaycana uzanacaq nəhəng komunikasiya Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini tam təmin edəcək.

Yeri gəlmişkən, Qazaxıstan azad olunmuş ərazilərimizdə də Azərbaycanla çiyin-çiyinə çalışır, Füzuli şəhərində inşa etdiyi Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzində hazırda 100-ə yaxın uşaq təhsil alır. Qazaxıstan Qarabağ və Şərqi Zəngəzurda digər quruculuq və rifah layihələrinə də töhfə vermək niyyətindədir.

Azərbaycanla Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində də yaxın əməkdaşlıq edir. BU təşkilat iki ölkə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır.

Bu günlərdə Qəbələdə baş tutan TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə rəsmi Astana bir daha bəyan etdi ki, Azərbaycanla birgə yeni qardaşlıq əsərləri ərsəyə gətirəcək.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.

araz.az xəbər portalı.