
“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına bu gün çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İspaniyada “Atletik”lə üz-üzə gələcək. Qarşılaşma “San Mames” stadionunda, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Arazpress.com bildirir ki, Azərbaycan çempionu səfərdə qələbə qazanarsa, futbolçularına böyük miqdarda mükafat verəcək. Məbləğ 110-120 min manatdan başlayır.
Bu, əsas heyətdə meydana çıxacaq oyunçulara çatacaq vəsaitdir. 1 xal əldə olunarsa, göstərilən rəqəmin yarısı qədər pul əldə edəcəklər.
“Qarabağ” hazırda 6 xalla 10-cu pillədə qərarlaşıb. İlk iki görüşdə uduzan Bilbao klubu isə 35-cı sıradadır.
Azərbaycan çempionu Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə üstələyib. “Köhlən atlar” II turda Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qalib gəlib — 2:0.
Ağdam təmsilçisi Portuqaliya səfərində qeydə alınan nəticəyə görə futbolçuların hər birinə 100 min manatın üstündə mkafat ödəyib. “Kopenhagen” üzərində qələbə isə onları 80 min manat civarında irəli salıb. /Sportinfo.az/
araz.az xəbər portalı.