Qərbi Azərbaycanın Hamamlı rayonunun Qursalı kəndində doğulmuşam. Həyatımın ilk 18 ilini, yəni ali təhsil almaq üçün kəndimizdən ayrıldığım vaxta qədər burada yaşadım. Kəndimizin hər yolayrıcını, meşəsindəki ağacları, cığırlarını, yollarını və hər qarış torpağını tanıyırdım. Bu səbəbdən də doğma kəndimin tarixi və keçmişi ilə bağlı həqiqətləri öz şəxsi müşahidələrim və yaddaşım əsasında bölüşmək haqqım var.

Bu günlərdə erməni mətbuatının Qursalı kəndinin tarixi ilə bağlı növbəti saxtakarlıq cəhdi ilə üzləşdim. və təbii ki, buna biganə qala bizməzdim.

Bəli, kəndimizdə kilsə var idi. Lakin həmin kilsə orta əsrlərdə Qursalıda yaşamış alban xalqları tərəfindən inşa edilmişdi. Uşaqlıq illərimizdə kilsənin artıq uçulmuş divarlarına dırmaşmaq, hərçənd çətin olsa da, bizim üçün bir növ əyləncə idi. Həmin tarixi tikilinin qalıqları gözümüzün qarşısında idi və onun necə bir abidə olduğunu yaxşı bilirdik.

Erməni mətbuatının həmin kilsəni Surb Gevork adı ilə təqdim etməsinin isə heç bir tarixi əsası yoxdur. Bu adın kəndimizdəki qədim Alban kilsəsi ilə heç bir əlaqəsi yoxdur. Belə bir adlandırma tarixi həqiqəti dəyişdirmək cəhdindən başqa bir şey deyil.

Tarixdə Surb Gevork adlı kilsələrə Bizans dövründə İstanbulda və Tiflisdə rast gəlmək mümkündür. Lakin Qursalıdakı Alban kilsəsinin sonradan erməni kilsəsi kimi təqdim edilməsi tarixi faktların təhrif olunması cəhdidir.

BUNUN ONA NƏ DƏXLİ?!

Bir məsələni də xüsusi vurğulamaq istəyirəm: orta əsrlərdə Qursalıda erməni əhalisinin yaşamasına dair mənim bildiyim heç bir tarixi əsas yoxdur. Kəndimizin keçmişini şəxsən tanıyan, orada doğulub boya-başa çatan bir insan kimi bu cür iddiaları qəbul etmirəm.

Bundan başqa, Qursalıdakı adıçəkilən Alban kilsəsi 1988-ci il zəlzələsi zamanı tamamilə dağılmışdı və o kilsə öz qabarit və ölçülərinə görə bu tikilidən xeyli böyük və 15m hündürlüyündə idi. Təqdim olunan şəkildəki kilsə isə həmin qədim tikili deyil. Bu, qəhvəyi tuf daşından yenidən inşa edilmiş, 1990-cı illərə aid tikilidir. Deməli, şəkildəki binanı orta əsrlərə aid abidə kimi təqdim etmək də həqiqətə uyğun deyil.

Qursalıda tarixin heç bir dövründə bir nəfər də olsun erməni yaşamamışdır. Belə olan halda, kəndimizdə erməni kilsəsinin inşa edilməsi barədə iddiaların hansı tarixi mənbəyə əsaslandığı sual doğurur.

Tarixə münasibətdə əsas prinsip həqiqətə hörmət olmalıdır. Heç bir xalqın tarixi abidəsi başqa xalqın adına çıxılmamalı, tarixi tikililərin mənsubiyyəti siyasi və milli maraqlara uyğun şəkildə dəyişdirilməməlidir.

Qursalı bizim doğma kəndimizdir. Onun tarixini, keçmişini və yaddaşını saxtalaşdırmaqla dəyişdirmək mümkün deyil. Tarixi həqiqətləri qorumaq isə hər birimizin borcudur.

Nəbi RAMAZANLI,
texniki elmlər üzrə fəlsəfə doktoru, Əməkdar mühəndis

araz.az xəbər portalı.