İki insanın bir-birinə məhəbbəti, təbii ki, onların şəxsi duyğularıdır. Ancaq bu hisslərin ifadə forması da insanın tərbiyəsini, əxlaqını və mənəvi mədəniyyətini əks etdirir. Bəzən sevgi adı altında nümayiş etdirilən şit, bayağı, ətrafdakı insanlara hörmətsizlik təsiri bağışlayan davranışlar ikrah hissi doğurur.

Halbuki, tərbiyəli, əxlaqlı, özünü və sözünü bilən insanların saf məhəbbət duyğuları – istər bir şəxsə, istərsə də dostlara qarşı olsun – ətir saçan, təravətli qızılgülə bənzəyir. Belə insanların sevgisi, münasibətləri bizdə onlara hörmət və rəğbəti artırır.

Məhəbbət dolu insanları duymaq, müşahidə etmək mənəviyyatlı hər kəsə xoş duyğular bəxş edir. Sevgi ilə yaşayan insanlar, adətən, nurlu və xeyirxah olurlar. Onların insanlarla davranış və rəftarları da xoş təəssürat yaradır.

Belə münasibətlər ətrafımızda insani dəyərlərin, xeyirxahlığın artmasına, davranış və ünsiyyət mədəniyyətinin gözəlləşməsinə müsbət təsir göstərir.

Ətrafımızda ruhu, aurası gözəl, həyat eşqi ilə dolu insanların olması özü bir dəyərdir. Belə insanlara layiqincə qiymət verilməlidir.

Vahid TAĞIYEV,
peşəkar təhsil işçisi

16. 11. 2016- cı il.

araz.az xəbər portalı.