
İllərdir hakimiyyəti tərifləyib müftə yeyənlər indi dövləti şantaj edirlər
Son günlər Medianın İnkişaf Agentliyinin qəzetlərin həftədə bir dəfə nəşri ilə bağlı qərarı geniş müzakirələrə səbəb olub. Dünən beynəlxalq Cloudflare şəbəkəsində baş verən qlobal nasazlıq isə bu müzakirələri daha da sürətləndirib. Sosial şəbəkələrdə “saytlar çökə bilər, amma qəzet qalır – qəzet daha etibarlı və vacib resursdur” kimi fikirlərin intensivliyi bir az da artıb. Heç şübhəsiz, bu fikirlər məsələnin emosional tərəfidir, amma danılmaz fakt da var: həqiqətən də qəzet – tarixi sənəddir, arxiv dəyəri var, gələcək üçün iz qoyur. İnternet resursların heç birində isə bu xüsusiyyət yoxdur.
Əslində əsas sual budur: biz hansı qəzeti nəzərdə tuturuq? Azərbaycanda hansı qəzet həftəlik nəşrə keçməyi özünə “həqarət” hesab edir və düşünür ki, onun hər gün nəşr olunmağa haqqı var?!
Azərbaycanda bütün qəzetlər hakimiyyəti tərifləməklə məşğuldur və qəzet baş redaktorlaru üçün bu məşğuliyyətin-tərifin yaratdığı “haqlılıq pasportu” özlərini əvəzolunmaz hiss etmələri ilə nəticələnib.
Bu “passport”dan sui-istifadə dövrü hələ 2019-cu ildə bitib, bir sıra qəzetlər hesab edirdilər ki, uzun illərdir hakimiyyətin əsas ruporu kimi müxlaifət haqqında hər cür hədyanlar yağdırıb və YAP-ın ahıl korrupsionerlərinin (indi onların çox vətən xaini kimi ittiham olunur) müdafiəsi ilə məşğul olub, məhz buna görə də yaşamalıdır. Lakin hər kəs bilir ki, bu ruporlar Ramiz Mehdiyevin yaratdığı mənfur çətir altında fəaliyyət göstərməli olub. İlham Əliyevin isə bu adamların müdafiəsinə heç vaxt ehtiyacı olmayıb.
“Biz Prezidentə, dövlətə, dövlətçiliyə sadiqik” tipli əzgin ritorika ilə çıxış edərək rəhbərlik etdiyin qəzetin həftəlik nəşrə keçməsini az qala faciə kimi təqdim edirsənsə, deməli, dövləti şantaj etməklə məşğulsan. Sən kim idin ki, sadiq olmayasan? Prezidentin siyasətini, atdığı addımları işıqlandıran, arxiv dəyəri olan dövlət qəzetləri var.
Siz İlham Əliyevin hesabına kişi olmusunuz.
Nəslinizdə, ailənizdə, qohumlarınızda ən lazımsız adamlar bu qəzetlər vasitəsilə ev-eşik sahibi olub, hər birinin cibinə jurnalist vəsiqəsi qoyulub, illərdir dövlətin ayırdığı pullardan bu adamlara maaş verilib, bu gün ölkədə elə qəzetlər var ki, həmin qəzetlərin baş redaktorlarının baldızları, qaynanaları, arvadları, qardaş-bacıları evdə oturub, amma illərdir bu qəzetlərdən maaş alırlar. Varlanmısınız!
İşçiləriniz isə 400-500 manat maaşla it kimi sürünür, kredit, borc içində üzürlər. Bəs, özünüz bağ evlərini, yeni tikili binada mənzilləri, bahalı xidməti maşınları, ticarət obyektlərini nə ilə əldə etmisiniz? “Biz İlham Əliyevə sadiqik” bayrağı altında törətmədiyiniz cinayət qalmayıb. Əslində bəzi qəzetləri həftəlik nəşrə keçirmək yox, birdəfəlik bağlamaq və bir çoxunuz barəsində cinayət işi başlatmaq lazımdır.
Qəzet baş redaktorları şantaja, dövlətə qarşı təzyiqə başlayıblar. MEDİA pullarını kəsən kimi hər biri iclas keçirib məkdaşları ilə vidalaşır. Və onlara tapşırırlar ki, dövlətin bu qərarını sosial şəbəkələrdə sabotaj edin.
Əməkdaşları anlamaq olar, amma anlamadığım bir nəsnə var.
Qəzetçi baş redaktorlar niyə illərdir yığdıqlarından xərcləyib heç olmasa, 2-3 ay bu qəzetləri nəşr etmək istəmirlər?! Bu, ləyaqət məsələdir! İllərdir yığırsınız, heç olmasa, cəmi bircə ay öz hesabınıza çıxarın da qəzetinizi… Axı danışanda deyirsiniz ki, “bu qəzet mənim övladımdır…”. Müftə yemək buna deyirlər.

Ramiz Mehdiyev gedibsə, onun nəfəsi dəyən bütün sahələrdə də radikal islahatlar aparılmalıdır.
Dünya kritik mərhələyə qədəm qoyur, bütün sahələr ağır dövrdən keçir, bütün sahələrdə islahat getməli, qənaət olunmalıdır, MEDİA da düz addım atıb. Nə zamansa bütün bunların məsuliyyətini Əhməd İsmayılovdan soruşacaqlar, ölkə rəhbərliyi hesabat tələb edəcək, bu qədər vəsaitin nəyə xərcləndiyinin haqq-hesabı olacaq, bax o zaman siz Vüqar Səfərlinin üzünə durduğunuz kimi, onun da üzünə duracaqsınız. Əhməd İsmayılovun olmayan villalarından fotolar dərc edib onu korrupsioner olmaqda ittiham edəcəksiniz. İndi Əhməd İsmayılovun üz-gözündən öpüb ona qardaş deməklə deyil ki… O da sizi yaxşı tanıyır.
Yadınızdadırsa, Aydın Quliyev Vüqar Səfərlinin ən yaxın dostu idi. KİVDF-dən maaş da alırdı, ova da gedirdilər.
Hətta Aydın Quliyev 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Vüqar Səfərlini bir neçə dəfə ziyarət edib. Dövlət qurumları Penitensiar Xidmətə sorğu verib bu məlumatın doğruluğunu təsdiqlədə bilər.
“Bakı-xəbər” qəzetindən qardaşı-bacısı uşaqlarına mənzillər də verdirmişdi. Amma o qəzetdə elə jurnalistlər var – məsələn, Vidadi Ordahallı kimi, qəzeti tərəzinin bir gözünə, onları isə digərinə qoysan, jurnalistlər daha ağır gələr. O, utanmadan və uzun illərdir əlil jurnalistin haqını yeyir. Özünün, ailə üzvlərinin təm-təraqlı yaşamasının səbəbkarları məhz bu kasıb və üzüyola jurnalistlərdir. Düş də dövlətin yaxasından! Ramiz Mehdiyev gedəndən sonra qəzetlərin pulları kəsilmişdi və Aydın Quliyev “yeni partiyanın ayaq səsləri eşidilir” status yazaraq dövləti şantaj edirdi. İndi yenə başlayıb.
Hələ bəzi qəzetləri demirəm — katibəsini, bacısının ərini, qohum-əqrabasını “jurnalist” adı ilə mətbuata dürtüşdürən baş redaktorlar müxalifətçiliyə başlayıblar.
KİVDF 2009-cu ildə yaranıb və 10 il ərzində təxminən 30 qəzetə hər dəfə 30-40 min manat pul verilib. Bu müddət ərzində təkcə KİVDF-dən hər qəzetə təxminən 4 milyon 800 min manat vəsait ayrılıb. Ümumilikdə, bu müddət ərzində 30 qəzetə ayrılan vəsait 144 milyon manat təşkil edir. Dövlət və özəl qurumlardan aldığınız abunə haqlarını, reklam və şantaj pullarını da üstünə gəlsək, niyə bu qədər varlı olduğunuzun statistik səbəblərini də görmüş olarıq.
Yazdıqlarımın yanlış anlaşılmasını da istəmirəm, MEDİA-nın yanından nə zaman keçirəmsə, məni qaşınma tutur, xoşum gəlmir bu təşkilatdan, amma zaman-zaman elə qərarlar verir ki, təqdir etməli olursan – KİVDF-nin bəzi səhvlərini təkrarlamaq istəmir.
Amma… MEDİA qəzetlərin bağlanmasına şərait yaradaraq, heç də o qəzetlərdən geri qalmayan domen sahiblərini varlaşdıracaqsa, bunun da cəzası olacaq.
Qısası, mən mətbuata qəzetdən gəlmişəm və qəzetlərin yaşamasının tərəfdarıyam. Amma belə qəzetlərin yox!

Samir FEYRUZOV,
politoloq.
araz.az xəbər portalı.