Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman səkkiz ildən sonra Vaşinqtona səfər edib. Onun ABŞ Prezidenti Donald Trampla görüşü zamanı iki ölkə arasında təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi, F-35 qırıcılarının satışı, mülki nüvə enerjisi və milyardlarla dollarlıq ticarət–investisiya sazişlərinədək bir sıra strateji məsələlər müzakirə olunub. Trampın Səudiyyə Ərəbistanının “İbrahim sazişi”nə qoşulması və İsraillə münasibətlərin normallaşdırılması istiqamətində apardığı müzakirələr isə görüşün siyasi çəkisini daha da artırıb.

Mənə görə ən diqqətçəkən məqam Səudiyyə Ərəbistanının ABŞ-a 1 trilyon dollarlıq sərmayə yatırmaq qərarıdır. Ümumiyyətlə, ABŞ–Səudiyyə münasibətlərində yeni mərhələnin başladığı heç kimə sirr deyil.

Tərəflərin bir-birindən gözləntiləri var. Bu mənada Səudiyyə Ərəbistanının ABŞ-a 1 trilyon dollarlıq sərmayə yatıracağını açıqlaması təkcə iqtisadi deyil, həm də siyasi məqsədlər daşıyan böyük bir addımdır. ABŞ özü investisiya ixrac edən ölkə olsa da, böyük sərmayələri qəbul etməkdən çəkinmir. Çünki bu pullar həm ölkə daxilində yeni layihələri maliyyələşdirməyə, həm də ABŞ iqtisadiyyatına xarici asılılıq yaratmadan əlavə güc qazandırmağa xidmət edir.

Əslində, 1 trilyon dollarlıq sərmayə elə də bəsit bir rəqəm deyil. Hətta bunun ardının gəlməsi də gözləniləndir. Həmçinin elə bir təşəbbüsün ABŞ-ın iqtisadi asılılığına səbəb olmayacağı açıqdır.

Məsələ ondadır ki, Səudiyyənin bu addımının arxasında bir neçə hədəf dayanır.

Birincisi, ölkə iqtisadiyyatını neft asılılığından qurtarmaq və “Vision 2030” proqramı çərçivəsində yüksək texnologiya, müdafiə, süni intellekt, enerji keçidi kimi sahələrə çıxış əldə etməkdir. ABŞ kimi inkişaf etmiş bir bazarda böyük məbləğdə investisiya yerləşdirmək Səudiyyənin həm siyasi mövqeyini gücləndirir, həm də texnoloji tərəqqidən pay almasına imkan yaradır.

İkincisi, bu cür sərmayələr iki ölkə arasında strateji münasibətləri daha da möhkəmləndirir. İnvestisiya axını siyasi bağların dərinləşməsinə səbəb olur və ABŞ-ın bölgədə Səudiyyəyə daha güclü dəstək verməsini təmin edir. Məhz buna görə də Trampın Məhəmməd bin Salmanla görüşdəki münasibəti və sərmayə xəbərinə göstərdiyi xüsusi diqqət təsadüfi deyil.

Üçüncüsü, çox bilinməsə də, Səudiyyə Ərəbistanı nüvə silahı əldə etmək istəyir. Bunun üçün isə ABŞ-ın razılığı gərəkdir. Region ölkələrinin Riyadın bu istəyinə səs çıxarmaması üçün Səudiyyə Ərəbistanının əlavə xərclər çəkməsi, hətta investisiyalara xüsusi büdcə ayırması istisna deyil.

Əslində, bu, çox məntiqli yanaşmadır: sərmayə qoyan ölkələr iqtisadi və siyasi mövqelərini möhkəmləndirir, ABŞ və digər dövlətlər isə həmin sərmayələr hesabına öz iqtisadiyyatını genişləndirir. Bu, artıq qarşılıqlı maraqların hesablanaraq qurulduğu yeni bir geosiyasi investisiya modelidir.

Turan RZAYEV,
politoloq, globalinfo.az-ın siyasət yazarı.

araz.az xəbər portalı.