
Bu gün Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının (YAP) yaranma tarixinin 33-cü ili tamam olur. Hamımız üçün şərəfdir ki, noyabr ayında həm Zəfər bayramımızın beşinci, həm də YAP-ın 33-cü ildönmümünü qeyd edirik.
YAP xalqımızın qürur səhifəsinə, milli dövlətçilyimizin və suverenliyimizin qarantına çevrilib. Partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyev və onun siyasi varisi cənab İlham Əliyev Azərbaycanın Xilaskarları kimi adlarını tariximizə qızıl hərflərlə yazdırıblar. Ulu Öndər 1993-cü hakimiyyətə gələrək, Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan xilas etdi, erməni faşizminin təcavüzkar siyasətinin qarşısını aldı.
Heydər Əliyev bütün gücü ilə torpaqlarımızı düşmən işğalından azad etmək üçün mübarizə aparırıdı, bütün həyatını bu mübarizəyə sərf etmişdi. 2003-cü ildə xalqa müraciətində də qeyd edirdi ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, önəmli işləri İlham Əliyev başa çatdıra biləcək.
Onun tarixi missiyasını varisi cənab İlham Əliyev reallaşdırdı, erməni faşizminin başını əzdi və Heydər Əliyevin əmanəti olan dogma Vətənin ərazi bütövlüyünü təmin etdi. Getdikcə daha da güclənən, yeniləşən Azərbaycanın qüdrətlənməsində bilavasitə mühüm rol oynayan YAP ölkəmizin siyasi həyatına da rəngarənglik gətirdi, bir çox siyasi partiyalarla faydalı dialoq quraraq, dövlətçiliyimizin möhkəmlənməsində, Qarabağ uğrunda bütöv bir konsensus və konsepsiya ortaya qoydu.
Tariximizn şanlı səhifəsi olan 44 günlük Vətən Müharibəsi zamanı bütün ictimai-siyasi qüvvələrin vahid bir ideya ətrafında birləşməsi də, elə, YAP-ın ümumdövlət ali konseptualogiyasının bariz nümunəsi idi.
Müzəffər Ali Baş Komandan, YAP sədri İlham Əliyevin son 200 illik tariximizin ən böyük Zəfəri olan 44 günlük Qarabağ savaşında Qələbə qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra, ölkəmizin siyasi həyatında da tamamilə yeni mərhələ başlandı. O vaxtdan da, bütün siyasi və ictimai təşkilatlar bir amala xidmət edərək, yeni ictimai-siyasi reallıqlara uyğun addımlar atırlar.
Ölkəmizin siyasi həyatının aparıcı qüvvəsi olan YAP-ın açıq dialoq çağırışına qoşulan bütün siyasi partiya və təşkilatlar işğaldan azad edilmiş bölgələrə səfərlər edərək, erməni faşizminin simasını ifşa edən vahid siyasi xəttə, dövlətçilik maraqlarına xidmət edən siyasətə dəstək verirlər. Həmişə olduğu kimi, dövlətimizin mənafeyinə qarşı fəaliyyət göstərən xarici antimilli qüvvələrin əlində oyuncağa çevrilmiş AXCP-Müsavat cütlüyü bu dəfə də öz xain xislətlərini göstərdilər, bu ümumdövlət hərəkatına qoşulmadılar. Cənab İlham Əliyevin tariximizə qızıl hərflərlə yazılmış xilaskarlıq salnaməsini gözü və qəlbi götürə bilməyən Əli Kərimli, tarixin arzuolunmaz arxivinə kömüldüyündən, öz partiyadaşlarına bədbin bir müraciətlə başqa işlərlə məşğul olmalarını tövsiyə etdi. Bu, açıq-aşkar çarəsizliyinin və zavallı durumunun ifadəsidir.
YAP, tarix yazan sədri Cənab İlham Əliyevin və onun ən yaxın silahdaşı, partiya sədrinin birinci müavini Mehriban xanım Əliyevanın yeni islahatlar və demokratikləşmə kursunun siyasi ahənginə uyğun olaraq, bu gün daha mütəşəkkil və güclü, dinamik və hüdudsuz bir təşkilatdır.
Bir daha doğma partiyamızın yaranmasının ildönümü münasibəti ilə bütün silahdaşlarımızı ürəkdən təbrik edirəm.
Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.
araz.az xəbər portalı.