AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilmiş Kalvalı Əli Dədənin anadan olmasının 150 illiyinə həsr olunmuş I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumunda çıxış edən ADPU-nun prorektoru, professor Mahirə xanım Hüseynova AMEA-nın 80 illik yubileyi ərəfəsində keçirilən belə elmi tədbirlərin, simpoziumların böyük elmi və mənəvi əhəmiyyət daşıdığını xüsusi olaraq vurğulayıb.

Arazpress.com bildirir ki, professor Mahirə Hüseynova dövlət başçısı cənab İlham Əliyevin yubiley mərasimindəki proqram xarakterli çıxışının elm ictimaiyyəti üçün mühüm Yol Xəritəsi rolunu oynadığını qeyd edərək, Prezidentin Azərbaycan dilinin saflığının qorunması, ölkə elminin gücləndirilməsi və vətəndaşlıq məsuliyyətinin artırılmasına dair çağırışlarının önəmini də vurğulayıb.

Professor Mahirə Hüseynova Kalvalı Əli Dədənin irsinin gənc nəslə tanıdılmasının vacibliyinə toxunaraq bildirib ki, 150 il əvvəl “kalvalı” olmaq böyük sənətkarlıq, dərin mənəvi dəyərlər və ustalıq tələb edirdi. Bu kimi simpoziumlar milli yaddaşımızın, musiqi düşüncəmizin və folklor irsimizin öyrənilməsi baxımından son dərəcə əhəmiyyətlidir.

O, “dədə” adının hər bir sənət ustasına verilmədiyini, bu adın böyük mənəvi məsuliyyət, ənənə və sənət dərinliyi tələb etdiyini qeyd edib, Kalvalı Əli Dədənin zəngin irsinin, sənət əsərlərinin bu miqyasda xatırlanmasını, tədqiq olunmasını yüksək dəyərləndirib.

Professor Mahirə Hüseynova milli musiqi alətlərinin – sazın, neyin, balabanın, zurnanın Azərbaycan xalqının mənəvi kimliyinin ayrılmaz parçası olduğunu vurğulayıb. O, Qarabağ müharibəsinin dərdlərini, şəhid analarının ağrı-acısını musiqidə ifadə edən neyin yanıqlı səsinin xalqın yaddaşında xüsusi yer tutduğunu bildirib: “Musiqi də söz qədər dəyərlidir, qiymətlidir. İnsanın deyə bilmədiklərini musiqi deyir”.

Alim qeyd edib ki, bu kimi tədbirlər gənclərin maariflənməsinə, biliklərinin zənginləşdirilməsinə mühüm töhfə verməklə yanaşı, onların milli musiqi irsinə, mənəvi dəyərlərimizə marağını artırır: “Zurna və balaban kimi milli alətlərimizin ritmi qanımızda yaşayır, ədəbiyyatımıza hopub, dərdlərimizi və sevincimizi ifadə edir”.

Nitqinin sonunda o, tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirib, Kalvalı Əli Dədənin həyat və yaradıcılığına dair mükəmməl bir tədqiqat əsərinin hazırlanacağına əmin olduğunu deyib. Həmçinin simpoziumun tədbir iştirakçılarının, gənc tədqiqatçıların yaddaşında dərin izlər qoyacağına, müvafiq sahədə yeni elmi istiqamətlərin formalaşmasına təkan verəcəyinə inamını bildirib.

araz.az xəbər portalı.