Xalq hərəkatı dövrünün fəallarından biri və siyasət meydanında söz sahibi kimi yaxşı tanıdığımız Təhmasib Novruzov “Cahid Şahbazov klinikası”nın rəhbəri, tanınmış cərrah-oftalmoloq Cahid Şahbazov tərəfindən məhkəməyə verilib.

Bu barədə, hazırda onun sədri olduğu Azadlıq Hərəkatçıları İctimai Birliyinin mətbuat xidmətindən Arazpress.com-a daxil olan məlumatda deyilir ki, iddiaçı ona qarşı Bakı Şəhər Yasamal Rayon Məhkəməsində şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi ilə bağlı iddia qaldırıb. Məlumatda iddianın məzmunu ilə bağlı Təhmasib Novruzovun bu fikirləri qeyd olunub:

“Bildirmək istəyirəm ki, Cahid Şahbazovun belə bir iddia ilə məhkəməyə müraciət etməsi, sözün həqiqi mənasında, məni təəccübləndirdi.  Televiziya verilişində çıxışım zamanı onu misal gətirsəm də, televiziyalardakı çıxışlarını izləyən və imkansızlara ödənişsiz xidmət göstərdiyini bilən bir vətəndaş kimi, onun haqqında həmişə müsbət fikirdə olmuşam.

Gözlənilən o idi ki. onun barəsində dediyim faktla bağlı mənim özümə müracət edər və mən də dediklərimin nə qədər əsaslı olduğuna dair faktları onun diqqətinə çatdırar və bir ziyalı kimi, bu tənqidi fikirdən nəticə çıxarardı. Əksinə, əgər dediklərimin əsaslı olduğunu sübut edə bilməzdimsə, böyük məmnuniyyətlə üzr də istəyərdim. Ancaq mənimlə heç bir əlaqə qurmadan, məsələni öz aramızda həll etmək istəyini ortaya qoymadan birbaşa məhkəmədə mübahisələndirməsi, onun gerçək bir ziyalı olmadığını göstərdi.

İddiasında mənim iki fikirimə istinad edir:

Birinci fikir, mənim C. Şahbazovun 2500 manata elədiyi göz əməliyyatını başqa klinikada 900 manata elədiklərini deməyimdir. Anlaya bilmirəm ki, olan faktı bir ziyalı olaraq narahatlıqla səsləndirmək nə vaxtdan şərəf və ləyaqətin alçaldılması hesab olunur?

C. Çahbazovun iki gözün əməliyyatını, müayinə və analizlərlə birlikdə 2500 manata elədiyini bütün cəmiyyət bilir. Televiziyadakı reklamlarda da bu rəqəm səsləndirilib. Mən özüm “Cahd Şahbazov klinikası”nın telefon nömrəsinə zəng vurmuşam və ordan da mənə həmin qiyməti deyiblər. Həmin telefon danışığım nömrəsi ilə birlikdə bu gün də telefonumun atxivindədir. “Yeni klinika”da doktor Xəlil Səfərov isə mənim iki gözümü əməliyyat etdi və İTS buna görə, müayinə, analiz və əməliyyat haqqı da daxil olmaqla, 900 manatdan bir qədər çox pul ödədi. Bu, faktdır. M. Ə. Sabir demiş:

“Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə,
Özünü, həm məni bu barədə diltəng eləmə!”

İkinci motiv isə ondan ibarətdir ki, mən, guya, xalqımızın milli ideologiyasını pozan verilişlərlə pul qazanmaq xatirinə cəmiyyətin mənəviyyatına soxulmasında onu ittiham eləmişəm. Halbuki, həmin verilişdə mən o fikri C. Şahbazova aid deməmişəm və bunu, ümumiyyətlə, cəmiyyətdəki belə mövqe tutan hər kəsə aid etməklə səsləndirmişəm. Xain xoflu olar deyiblər, görünür, C. Şahbazovun da özü xofludu və bu sözləri birbaşa özünə aid edir.

İddia ərizəsində mənim haqqımda bir sıra fikirlər qeyd edib ki, mən də, konkret bunlara görə C. Çahbazova qarşı Azərbaycan Respublikası CM-nin 197.1 maddəsi ilə iddia qaldıra bilərəm. Lakin belə bir fikrim hələ ki yoxdur. Düşünürəm ki, C. Şahbazov bir ziyalı kimi bir daha düşünəcək və iddiasından imtina edəcək. Hər halda, mən buna inanmaq istərdim. Xalqın tanınmış bir həkiminin bu qədər cılız düşüncə sahibi olmasını görmək mənə həqiqətən çox ağır gəlir”.

Bir sözlə, məhkəmə yaxın günlərdə bu iddianın əsaslılığına aydınlıq gətirməli olacaq.

Fərhad MƏMMƏDOV

araz.az xəbər portalı.