Dünən “Arpaçay” İdman Birliyinin geniş tərkibdə iclası keçirilib. Birlikdən Arazpress.com-a daxil olan məlumata görə, iclasda rəhbərliyi, İdarə Heyətinin üzvləri, Azərbaycan idman ictimaiyyətinin görkəmli nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

“Arpaçay” İdman Birliyinin prezidenti Əli Əsgərov tədbirdə giriş nitqi ilə çıxış edərək, qonaqları salamlayıb və iclası açıq elan edib. Daha sonra “Arpaçay” İdman Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynov Birliyin ötənilki fəaliyyəti və yeniliklərlə bağlı iclas iştirakçılarına məlumat verib.

Y. Huseynovun sözlərinə görə, Azərbaycan Kung-Fu Federasiyasının rəhbərliyi ilə “Arpaçay” İdman Birliyi arasında əməkdaşlıq barədə razılıq əldə edilib. Eyni zamanda, 17 dekabr 2025-ci il tarixində “Arpaçay” İdman Birliyinin tərkibində “Combat” Peşəkar Döyüş Liqasının yaradılması barədə məlumat verən Y. Huseynov deyib ki, “Arpaçay” İdman Birliyinin İdarə Heyətinin qərarına əsasən, Ruslan Məmmədov Liqanın prezidenti, Elçin Kazımov isə birinci vitse-prezidenti seçiliblər. Y. Hüseynov daha bir məlumatı da diqqətə çatdırıb ki , ilk dəfə olaraq Azərbaycanda 2026-cı ilin aprel ayında “Combat” Peşəkar Döyüş Liqasının birinci çempionatı keçiriləcək.

Daha sonra “Combat” Peşəkar Döyüş Liqasının prezidenti Ruslan Məmmədov göstərilən etimada görə minnətdarlığını bildirib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idman siyasətinə dəstək göstərməyə və töhfə verməyə həmişə hazır olduğunu dilə gətirib.

Tədbirdə Kung-Fu Federasiyası rəhbərliyindən prezident Nurlan Aslanov, birinci vitse-prezident Babək Əliyev, ümumi işlər üzrə vitse-prezident Ehram Məcidov, Federasiyanın hakimlər kollegiyasının sədri Güloğlan Cabbarlı da çıxış edərək, mövcud əməkdaşlığın idman ictimaiyyəti üçün uğurlu olacağını diqqətə çatdırıblar.

Tədbirdə Milli Məclisin İdman Komitəsinin üzvü Vüqar İskəndərov, Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmov, karate üzrə beşqat dünya çempionu Rafael Ağayev, sərbəst güləş üzrə ikiqat olimpiya mükafatçısı Hacı Əliyev, MMA və Grampplinq Federasiyasının prezidenti Azad Əsgərov, Zeyd Döyüş Mərkəzinin prezidenti Emin Əliyev çıxış edərək Arpaçay İdman Birliyinin fəaliyyətini yüksək dəyərləndirib, uğurlar arzulayıb və dəstəklərini dilə gətiriblər.

Səməndər QURBANOV 

araz.az xəbər portalı.