
Misirin Qırmızı dəniz sahilində yerləşən Marsa Alam kurort şəhərində çövkənə həsr olunmuş beynəlxalq idman-turizm festivalı keçirilmişdir.
Bu barədə Azərbaycan Respublikasının Atçılıq Federasiyasından Arazpress.com-a daxil olan məlumatda bildirilir ki, tədbir Misirin idman turizmini inkişaf etdirmək və yeni idman növlərini beynəlxalq səviyyədə tanıtmaq strategiyası çərçivəsində təşkil olunmuşdur.
Festivalın təşkilati və idman proqramının formalaşdırılmasında Beynəlxalq Çövkən Federasiyası fəal iştirak etmişdir. Federasiya tədbirin beynəlxalq çərçivədə həyata keçirilməsinə töhfə vermiş və çövkənin müxtəlif ölkələr arasında idman və mədəni əlaqələrin qurulmasında rolunu ön plana çıxarmışdır.
Tədbirdə bir sıra ölkələrdən olan idmançılar iştirak etmişlər ki, bu da çövkənin getdikcə artan beynəlxalq marağa sahib olduğunu göstərmişdir. Festival çövkənin müasir formatda təqdim olunması və yeni auditoriyalara çatdırılması baxımından əhəmiyyətli platforma olmuşdur.
Misir tərəfi çövkəni ölkə üçün yeni, lakin perspektivli idman növü kimi təqdim etmişdir. Rəsmi şəxslər və turizm mütəxəssisləri bildirmişlər ki, çövkənin dinamikası, vizual cəlbediciliyi və atçılıq mədəniyyəti ilə bağlılığı kurort şəhərləri üçün xüsusilə uyğun mühit yaradır.
Beynəlxalq Çövkən Federasiyası Marsa Alamda keçirilən bu festivalı çövkənin regional və beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm mərhələ kimi dəyərləndirmişdir. Tədbirin idman, mədəniyyət və turizmi bir araya gətirən uğurlu nümunə olduğu vurğulanmışdır.








araz.az xəbər portalı.