
Prezident Kitabxanasında “Qarabağ florası” kitabının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. Bu barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsindən Arazpress.com-a daxil olan məlumatda deyilir ki, bu həssas məqamda belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu nəzərə alan ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova da dəyirmi masanın iştirakçısı olub.
Məlumata görə, tədbirin açılışında Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova çıxış edərək, “Qarabağ florası” kitabının alimlər, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün dəyərini vurğulayıb, uzun illər işğal altında qalmış ərazilərdə ekoloji mühitə dəyən ciddi zərərlərin elmi əsaslarla araşdırılmasının vacibliyini qeyd edib.
Daha sonra çıxış edən natiqlər — kitabın elmi redaktoru, Botanika İnstitutunun Baş direktoru, professor Səyyarə İbadullayeva, eləcə də elm, təhsil və ictimaiyyət nümayəndələri nəşrdə Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bitki aləminin sistemli şəkildə təqdim olunduğunu, aparılan tədqiqatların Azərbaycan elminin beynəlxalq səviyyədə mövqeyinin gücləndirilməsinə xidmət etdiyini bildiriblər.
Çıxışlarda kitabın alimlər, tələbələr və bioloqlar üçün mühüm elmi mənbə olduğu xüsusi vurğulanıb.
Qeyd olunub ki, “Qarabağ florası” kitabında Qarabağ və Şərqi Zəngəzur ərazilərində yayılmış bitki aləminin elmi təsnifatı aparılıb, nadir və endemik növlərin bioekoloji xüsusiyyətləri ətraflı şəkildə təqdim edilib.
Nəşrə 8 xəritə, 10 cədvəl, 300-dən çox relikt və endemik bitkiyə dair illüstrasiya daxil edilib. Kitabda ümumilikdə 2000-dən artıq ali bitki və 400-dən çox göbələk növü haqqında elmi məlumat yer alır ki, bu da Qarabağın zəngin biomüxtəlifliyinin kompleks şəkildə öyrənilməsinə imkan yaradır.
Tədbirin sonunda kitabın hazırlanma məqsədini və elmi əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.









araz.az xəbər portalı.