
Məlum olduğu kimi, cənab Prezident bu günlərdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna dəyişiklikəri təsdiqləyib. Yeni dəyişikliklər bilavasitə sosial media resurslarında ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, əxlaqsız ifadələrin səsləndirilməsinə və milli-mənəvi dəyərlərə zidd hərəkətlərin göstərilməsinə görə, məsuliyyət tədbirlərini nəzərdə tutur. Hesab edirəm ki, qanuna edilmiş bu dəyişikliklər olduqca vacib və çox düzgün verilmiş qərardır. Əslində, bu, çoxdan edilməli idi.
Müasir dövrdə cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilmiş internet resusrsları, o cümlədən sosial şəbəkələr bəziləri üçün sanki söyüş tribunası, kimisə alçaltmaq, təhqir etmək, öz mənəviyyatsız hərəkətlərini nümayiş etdirmək üçün arzuolunmaz açıq səhnəyə çevrilib.
Bəziləri sosial şəbəkənin imkanlarından sui-istifadə edir. İnsanların şərəf və ləyaqətini alçaldırlar. Qeyri-etik üslub, əxlaqsız çılpaq görüntülər və paylaşımlar durmadan artır.
Xüsusilə də, “TikTok” kimi sosial media platformalarında cəmiyyətə qarşı açıq hörmətsizlik, həssas sosial qrupların təhqir olunması, ümumilikdə isə əxlaqsızlığın təbliği halları özünü “sosial media fenomeni”, “tiktoker” adlandıran bəzi şəxslər tərəfindən tez-tez həyata keçirilir.
Həmin şəxslər hələ də anlamırlar ki, sosial şəbəkə operativ və geniş məlumatların əldə edildiyi nəhayətsiz informasiya dünyasıdır. Burada ictimai-elmi-mədəni məzmun daşıyan, cəmiyyəti narahat edən problemlər müzakirə olunur.
Normal sivil cəmiyyətlərdə sosial seqmentlərdə 4-5 milyon izləyicisi olan ictimai fikir sahiblərinin blokları, ictimai platformalar elmi-mədəni-ictimai institut kimi qəbul edilir, insanlar bu virtual auditoriyadan hər gün nəyisə öyrənir, maariflənir.
Təəssüf ki, ölkəmizdə sosial media böyük bir qrup üçün tanışlıq, şəxsi hisslərin və əxlaqın korlanmış ekranına çevrilib. Bəzi təsadüfi adamlar gündəlik yedikləri, gəzdikləri yerlərin şəkillərini, yataq və hamam səhnələrini paylaşmaqla milli-mənəvi dəyərlərimizə qarşı hörmətsizlik edirlər.
Belə hərəkətlər, şəkillər cəmiyyətin müxtəlif yaş qrupundan olan üzvlərinin, xüsusilə də uşaqlar və yeniyetmələrin tərbiyəsinə öz mənfi təsirlərini göstərir, cəmiyyətin əxlaq kodeksini zədələyir.
Sosial şəbəkə, demək olar ki, mənəviyyatı dağıdan terror aktı ünvanına çevrilib.
Doğrudur, bu kimi hallarla bağlı Azərbaycan dövlətinin müvafiq qurumları və hüquq-mühafizə orqanları tərəfindən zaman-zaman lazımi tədbirlər görülür. Ancaq bunların qarşısını almaq çox çətindir.
Hesab edirəm ki, konkret, daha institusional hüquqi tədbirlərin görülməsi baxımından qanunvericiliyə edilmiş dəyişiklik bu sahədə daha effektiv təsirlər görülməsinə imkan verəcək.
İnanıram ki, yeni normalar sosial şəbəklərdə ciddi məzmunlu paylaşım və kontent mədəniyyətini də yüksələdcək. Sosial şəbəkələr həqiqi sosial auditoriya kimi keyfiyyətli, arqumentli və etik məzmunlu paylaşımların ünvanı olacaq.
Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.
araz.az xəbər portalı.