
İran Prezidenti Məsud Pezeşkian internetə tətbiq edilən məhdudiyyətlərin mümkün qədər tez aradan qaldırılmasının vacibliyini bəyan edib. Onun sözlərinə görə, bu addım onlayn biznesin dəstəklənməsi və kommunikasiya baryerlərinin azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Arazpress.com xəbər verir ki, Pezeşkian bu barədə tövsiyələrini İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə çatdırıb.
Prezident, həmçinin terror hadisələrindən sonra saxlanılan şəxslərlə bağlı məhkəmə işlərinə ədalətli və dəqiq yanaşılmasının vacibliyini vurğulayıb. O bildirib ki, əsas rolu olmayan şəxslərə qarşı yumşaq münasibət göstərilməli, cinayətlərin təşkilatçıları və icraçıları isə qanun qarşısında cavab verməlidirlər.
Məsud Pezeşkian etiraz aksiyaları və iğtişaşların idarə olunması ilə bağlı yanaşmaların yenidən nəzərdən keçirilməsinin zəruri olduğunu qeyd edib. Onun sözlərinə görə, gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün idarəetmədə buraxılan səhvlər mütəxəssislər, universitetlər və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə aradan qaldırılmalıdır.
Prezident beynəlxalq liderlərin, xüsusilə ABŞ və İsrailin mövqelərini tənqid edərək, mülki əhaliyə və dini obyektlərə hücumların necə əsaslandırıldığını sual altına alıb.
Qeyd edək ki, internet məhdudiyyətləri son iğtişaşlardan sonra təhlükəsizlik qurumlarının qərarı ilə tətbiq olunub. /konkret.az/
araz.az xəbər portalı.