Ölkədə çox mürəkkəb və təhlükəli proseslər gedir. Güclənmək, daha çox səlahiyyət əldə etmək, daha çox pul qazanmaq, güclülərin yanında olmaq eşqi bəzilərini yenidən hərəkətə gətirib. İllərlə telekanalları tənqid edirdim, efirlərdə yaşananların xalqın milli-mənəvi dəyərlərinə qarşı yönəldiyini yazırdım, hətta 2024-cü ildə Prezident İlham Əliyevin çıxışına istinad edərək yazdığım məqaləyə görə üzərimə hücumlar başladı, haqqımda bəyanatlar verildi, fiziki-mənəvi təzyiqləri işə saldılar. Çünki sifarişsiz yazdığımı və heç kəsin məni müdafiə etməyəcəyini də bilirdilər. Həmin vaxt hamı susurdu. Şübhəsiz ki, nəticə əldə edə bilmədilər və haqqımda yaydıqları bəyanatı silməyə məcbur oldular. Heç bir kanal yazılarımıza, çıxışlarımıza dəstək vermədi.

Bəs, indi nə baş verir? Hansı proses başlayıb ki, 2018-ci ildən İTV-nin baş direktoru vəzifəsini daşıyan Balakişi Qasımov bütün telekanalları “vurmaq” qərarına gəlib?! Efirlərin bərbad gündə olduğu indi yadına düşüb, 8 il sonra? Müşahidə edirəm ki, bir neçə gündür ölkədə efir siyasəti, mediaya məsul şəxslər, kanal rəhbərləri müxtəlif sosial platformalarda sistemli şəkildə hədəfə alınıb. B.Qasımovun öz əməkdaşlarını İTV-nin “Sabaha saxlamayaq” verilişinə çıxararaq telekanalları “qılınclaması” prosesin təsadüfi olmadığı ilə bağlı ehtimalları daha da gücləndirdi. Hazırda İTV-nin aratorluğu ilə aparılan bu proses sifarişli şəkildə həyata keçirilir və bütün təlimatlar da bir mərkəzdən alınır.

Əgər İTV-ni həqiqətən də milli-mənəvi məsələlər düşündürsəydi, mən də dəstək verərdim. Amma belə deyil. Nə üçün?

Əvvəla, Azərbaycan efirlərində lezbianların, feministlərin, transların sistemli və layihə şəklində verilişlərə cəlb olunması ənənəsini İTV yaradıb. Və bütün bunlar B.Qasımovun dövründə baş verib.

Azərbaycanda ən murdar və yad cərəyanların təmsilçilərini, üzvlərini efirə çıxarıb xalqa əxlaq dərsi verən, qız uşağını anası ilə bərabər küçələrə atan və 15 ildir qızını axtarmayan yazıçını efir çıxarıb ailə dəyərlərindən, yüksək ideallardan, mənəvi çırpıntılardan danışdıran da İTV-dir.

Bu adamların adlarını da çəkmək olar. İTV inkar esin, o verilişlərin hər birini Yutubdan çıxarıb göstərə də bilərik.

İTV-nin əməkdaşları kanal rəhbərlərini (əslində isə daha məsul şəxsləri) ittiham edərək bir ağızdan “camaat bunu istəyir deyib biabırçılığı necə üstlərinə atmaq olar?” deyə, qışqırır. Haqlıdırlar.

Amma bu adamlara sual edirəm:

Siz nə zaman jurnalist oldunuz? Nə zaman hansı iri ranqlı məmurun korrupsiyasından araşdırmalar aprdınız, nə vaxt ölkədə baş verən özbaşınalıqlardan yazılar hazırlayıb çıxışlar etdiniz?

Deyin də, ey qırmızı şalvarlı, sarı qalstuklu, yaşıl corablı elitar təbəqənin nümayəndələri!

Nə vaxt hücumlara məruz qalmısınız, döyüblər, söyüblər, şərləyiblər, həbs edibər sizi? Jurnalist mövqeyinizə görə bəlkə ofisinizə, evinizə basqın olub? Bütün bunlar olmayıb, siz sadəcə media günündə ədalı əndamınızı qabağa verib, ev, medal, fəxri ad uman texniki adamlarsınız.

Və bəlkə də Meydan TV-nin, Toplum TV-nin başqa ölkədən pul alıb öz ölkəsini hədəf alan və bu gün həbsdə olan əməkdaşları sizlərdən daha səmimidir.

Cənab Qasımov, “vagina mənimdir, kimə istəsəm verərəm” şüarının yaradıcılarını niyə efirlərə çıxarıb alqışa qərq edirdin? Məqsədin nə idi, onsuz da it günündə olan efirləri bir az da korlayıb daha sonra – indi fürsət yetişən kimi özünü xilaskar obraz kimi önə çəkmək? Suyu bulandırıb, bulanıq suda balıq tutmaq məharətini “Что? Где? Когда?” verilişindəki komanda yoldaşlarından əxz emtisən, yoxsa nə?!

Bəli, İTV-də sanballı verilişlər var, amma xalqın əxlaqını pozan, gəncləri küçə həyatına sövq edən verilişlər də az deyil. Vaxtilə haqqı deyən adamlar, eləcə də meyxanaçı Elşən Xəzər bir sürü böçək tərəfindən şərlənəndə, vətənpərvər insanlar sosial şəbəkələrdə, saytlarda İran agenti kimi damğalananda və Hacı Şahin insan görünüşlü küçə itlərinin hücumuna məruz qalanda, sən yaxşı mövqe göstərdin, cəsarət nümayiş etdirdin və həmişə də bunu qeyd edirəm.

Bəs indi niyə həvəslənmisən, kimin “vurulacağı” ilə bağlı fikirlər sizi bu qədər cəsarətləndirib? Bəlkə heç belə deyil, Audiovizual Şuranın sədri İsmət Səttarovla münasibətlərin korlanıb, ona görə milli-mənəvi dəyərlərdən özünə qalxan düzəltmisən?!

Yadımdadır, B. Qasımov İTV-yə təyin olunandan sonra hüquq-mühafizə orqanlarını, daha çox polis sistemini “vurmağa” başladı. Yağ-bal içərisində böyüyən adamdır, bəlkə də nə zamansa yol polisi xətrinə dəymişdi. Amma yox, yanaşmadan, mövzudan, sujetdən qərəz, sifariş qoxusu gəlirdi. Nəticədə nə baş verdi?

Kimsə onun qulağına pıçıldadı və şəxsən mən bu pıçıltını təxminən 10 km uzaqdan eşitdim ki, “xidmətlərini bir yana qoysaq, Vilayət Eyvazovun təkcə general furaşkası səndən ağırdır…”.

Nəhayət bundan sonra İTV öz qınına çəkildi. Ağrılı, acılı, çətin, mürəkkəb, ağır günlərin yolçularını bu baboçkalı televizyonşik vurmalı imiş…

Nə isə… İTV-nin “Yeraltı” verilişindən hissəni bura yerləşdirirəm. Yəqin, İTV rəhbərliyi özünü xüsusi pafosla milli-mənəvi dəyərlərin “qorunması” projesinin vəliəhdi kimi kimi hiss edəndə oturub izləyər: viski, vodka, narkotik, qızlar, makar və s…

Cənab Qasımov başqa kanalları tənqid edəndə bunu nəzərə almayıb.

Və bu dəfə kimsə ona komanda savaşlarının yalnız dövlətə ziyan vurduğunu izah etməlidir.

İzah olunmalıdır ki, dövlətin başı xarici proseslərə qarışan kimi daxildə fürsət tapıb “vurma” əməliyyatlarına başlamağın heç də yaxşı nəticələnməyəcini də anlasın. Birləşmək zamanıdır, mənsəb, səlahiyyət davası aparmağı zamanı deyil. İnanıram ki, nə zamansa, İTV-də də yoxlamalar başlayacaq, sən həmin günə hazır ol!

Video:

https://www.facebook.com/share/v/181gfausqM/

Samir FEYRUZOV 

araz.az xəbər portalı.