
İranın fars mollakratiyası Azərbaycana qarşı düşmən simasını bu dəfə Naxçıvana dron hücumları etməklə göstərdi.
Azərbaycan dövlətinin ABŞ və İsrailin son hücumları ilə bağlı öz ərazisindən İrana qarşı heç bir halda istifadə edilməyəcəyini bəyan etsə də, öz xoş niyyətini və neytrallığını sübut etsə də, mollakratiya öz düşmən fitvasını boğa bilmədi.
Cənab Prezident İlham Əliyevin İranda baş verən son hadisələrə narahatlığını ifadə etməsi, ötən gün İranın ölkəmizdəki Səfirliyinə gedərək Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsinə baxmayaraq, Tehran molla terrorizmi öz alçaq hərəkətlərindən əl çəkə bilmədi.
Blokada şəraitində yaşayan, Azərbaycanla birbaşa quru kommunikasiyası olmayan Naxçıvanın hədəfə alınması təsadüfi deyil. Bu cür təxribatları vaxtilə Ermənistan törədirdi, Naxçıvanın Azərbaycanla birbaşa əlaqəsinin olmamasından sui-istifadə edərək bölgəni ağır silahlarla atəşə tuturdu, ancaq öz mundar niyyətləri gözündə qaldı.
İndi ermənilərin törətdiyi eyni vəhşiliyi təkrarlayan molla rejimi bu hərəkəti ilə riyakarlığını, nankorluğunu və xain simasını bir daha göstərir. Müsəlman dövləti olan İranın bu hərəkəti islam adına ləkə və utancdır.
Naxçıvan əyilməz qaladır, Zəfər abidəsidir, Düşmənə göz dağıdır. Naxçıvanlılar mərd və qorxmaz, düşməni yerində oturtmağı yaxşı bilən qeyrət mücəssəməsidir.
30 il ermənilərin hər bir təxribat və hücumuna layiqlə cavab verərək düşməni sarsıdıb. Ona görə də, İran molla-terrorkratiyası anlamaldır ki, bu cür hərəkətlərin cavabı çox ağır ola bilər.

Vaqif ABDULLAYEV,
siyasi elmlər doktoru, professor.
araz.az xəbər portalı.